21 Avqust 2015 23:59
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə dövlətə xəyanətdə ittiham olunan Ağamir Ağamirov və Hafiz Vəliyevin məhkəmə qərarından verdikləri kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilirlər.

İstintaq sənədlərinə görə, Bərdə sakini Hafiz Vəliyevi 2013-cü il mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. Axtarış zamanı onun üzərindən noutbuk və fləş-kart aşkar olunub. Hafiz Vəliyevə məxsus “KİA Sorento” avtomobildə 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu tapılıb. 2003-cü ilin oktyabrında Hafiz Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib.

Bir müddət sonra Əhməd Qaffari Bakıya gəlib və Hafiz Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb. İstintaqın gedişində Hafizin verdiyi ifadə əsasında Ağcabədi rayonundan olan Ağamir Ağamirov da həbs edilib. Ağamir Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağamir Ağamirov və Hafiz Vəliyev ömürlük azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Onlar müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Onların apelyasiya şikayətinə hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçən prosesdə baxılıb.

Təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər. Amma vəsatət təmin edilməyib. Bu səbəbdən məhkəmənin ilkin baxış iclasının qərarından müdafiə tərəfi kasasiya şikayəti verib.

Müdafiə tərəfinin Ali Məhkəməyə göndərdiyi kasasiya şikayətində qeyd olunub ki, apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə qərar verilsin. Ali Məhkəmədə də müdafiə tərəfinin apelyasiya şikayətini təmin edilməyib və işə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul olunub. Bu səbəbdən cinayət işinin materialları apelyasiya instansiyasına qaytarılıb.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən ikinci prosesdə müdafiə tərəfi yenə də birinci instansiyası məhkəməsində qanunsuzluğa yol verildiyini bildirib, apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə aparılmasını vacib olduğunu əsaslandırıblar. Vəkillər yenidən apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər. Amma yenə də hakimlər onların istəyinə müsbət qərar verməyiblər. Vəkillər yenidən Ali Məhkəməyə üz tutublar. Bu səbəbdən apelyasiya instansiyası prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Ağamir Ağamirovun kasasiya şikayəti təmin edilməyib. İş yenidən apelyasiya instansiyasına qaytarılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər