Bakıda cibgirliklə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar – 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyeva tutulub.
Şübhəlilərdən O.Məhərrəmovdan 0,757 qram, A.Kərimovdan 1,021 qram tiryək aşkar olunaraq götürülüb.
Onlar avqustun 26-da saat 10:30 radələrində 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini gizli yolla oğurlamaqda şübhəli biliniblər.
Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov