Bir milyon manatdan çox vergidən yayınan sahibkarlar məhkəmədə ifadə verdilər
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Həsənağa Babayev, Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov, Şəhadət Cəfərov, Səbuhi Qazıyev, Ramşan Rzayev və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, 7 iyul 2011-ci il tarixdən “Atrabank” ASC Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Həsənağa Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Həsənağa Babayev tanışları Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov və Səhadət Cəfərovdan, Səbuhi Qazıyev isə Ramşan Rzayev və Elvin Əsgərovdan ibarət mütəşəkkil dəstələr yaradıblar. Həsənağa 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik edib.
Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilib. Ümumilikdə külli miqdar təşkil edən 1.270.884.46 manat məbləğində vergi dövlət büdcəsinə ödəməkdən yayındırılıb.
Məhkəmədə ifadə verən Tərxan Şirinov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Həsənağa Babayev və Elman Rəhimovu tanıyıb, Həsənağa onun adına çoxsaylı firmalar yaradıb və həmin firmalara rəhbərlik edib: “Buna görə Həsənağa mənə aylıq əməkhaqqı verib. Ümumilikdə 278 firmanın direktoru olmuşam. Bu firmaları mənim vasitəmlə Elman Rəhimov yaradıb. Bununla bağlı banklarda hesabımız aşılıb, mənim də imza nümunəm olub. Həmin imza nümunəsinə uyğun olaraq hesabdan pul çıxarmışıq. Həmin pulların miqdarı 100 min manat həcmində olub. Bankdan çıxarılan pulları Elmana vermişəm”.
Tərxan Şirinov qeyd edib ki, həm Elman Rəhimovla, həm də Həsənağa Babayevlə işləyib, vergi məsələlərinin isə ona aidiyyəti olmayıb: “Vergi məsələsinə Elman Rəhimovun özü baxırdı. Verginin ödənməsinin mənə aidiyyəti yox idi. Elman Rəhimov hər ay vergini qanuni yolla ödəyirdi. Yalnız son aylar problemləri yarandı və vergini ödəyə bilmədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, firmalara rəhbərlik etdiyi üçün aylıq əməkhaqqısı 300-500 manat arasında olub. Onun sözlərinə görə, baş verənlərdən Həsənağa Babayev xəbərsiz qalıb.
Digər təqsirləndirilən Elman Rəhimov da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Tərxan Şirinovla qonşu olduğunu deyib. Onun sözlərinə görə, ümumilikdə 500-dən çox firması olub: “Bu firmaları yaratmaqda məqsədim pul qazanmaq idi. Bir firmanın aylıq maliyyə dövriyyəsi 120 min manat idi. 120 min manatı keçəndən sonra vergi orqanlarında problemlər yaranırdı. Buna görə də kiçik-kiçik firmalar yaratmışıq ki, pul qazana bilək. Bütün müəssisələrin də vergisini ödəmişik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 278 firma və kiçik müəssisə Tərxan Şirinovun adına açıb. O, qeyd edib ki, ailədə sonradan problemlər yaranıb: “Buna görə də vergini ödəyə bilməmişik. Bütün günah məndədir. Bütün bunları mən etmişəm. Hörmətli hakim, cəzam nədir, onu verin, burada daha heç kimi incitməyin, heç kimi üzümə qoymayın”.
Digər təqsirləndirilən Hüseyn Bayramov elan olunmuş ittiham üzrə özünü təqsirli, Əlirza Kərimov, Şəhadət Cəfərov, Səbuhi Qazıyev Rzayev və Elvin Əsgərov isə ittiham olunduqları maddələr üzrə özlərini təqsirli bilməyiblər.
Məhkəmə iclası sentyabrın 17-də davam edəcək.
Hacı Zeynalov