9 Sentyabr 2015 14:54
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayonunda İmişli rayon polis şöbəsinin əməkdaşının qətlə yetirən Ravil İbayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan, yandırılan, 1988-ci il təvəllüdlü Muxtar Nəcəf oğlu Kazımzadənin meyiti tapılıb. Cinayəti İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Ravil İbayevin törətməsi müəyyən edilib.

Araşdırmalarla o da müəyyən edilib ki, Muxtar Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən Ravil İbayev tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə Muxtar Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb. Ravil İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

Hər iki şəxs Polis Akademiyasında qiyabi təhsil alıblar. Aprelin 17-də, səhər saatlarında Muxtar Kazımovun Ravil İbayevə məxsus avtomobillə Polis Akademiyasına imtahan vermək üçün gediblər. Lakin bundan sonra yaxınları Muxtarla əlaqə saxlamaq istəsələr də, o, telefona cavab verməyib. Günün ikinci yarısı, təxminən saat 3-4 radələrində isə Muxtarın telefonuna zəng çatmayıb. Günün sonuna kimi Muxtardan xəbər tuta bilməyən yaxınalrı, gecə saatlarında Ravil İbayevin yaşadığı evə gəliblər.

Ravil İbayev isə axşam saatlarında Muxtarı yaşadığı evin yaxınlığındakı parkın ərazisində düşürtdüyünü və bundan sonra onunla heç bir əlaqəsi olmadığını bildirib. Lakin hadisə baş verməmişdən bir neç gün əvvəl Muxtar Kazımovun şəxsi avtomobilini 14 min manata satması və bundan Ravil İbayevin də xəbərdar olması, yaxınlarında İbayevlə bağlı şübhələri artırıb. Təkrar Ravilin yaşadığı evə yollanan Muxtar Kazımovun yaxınları, bu dəfə də oxşar cavab alandan sonra polisə məlumat verirlər. Məlumatda, qətlin Ravilin kirayə yaşadığı evdə törədildiyi və Muxtar Kazımovun yaxınlarının ikinci dəfə Ravilin yaşadığı mənzilə gəlişindən sonra iz itirmək məqsədilə meyitin Xəzər rayonu ərazisinə gətirilərək Ravili və başqa iki nəfər yaxın qohumunun köməyilə yandırıldığı bildirilib. Muxtar Kazımovun qətli, 3 il əvvəl ailə qurduğu günə, aprelin 17-nə təsadüf edib. Mərhumun bir övladı var.

Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Daha sonra Ravil İbayevin bacısı ifadə verərək, hadisə baş verən günü Muxtarla rastlaşmadığını deyib.

Lakin şahidin ifadəsində ziddiyyətlər yarandığı üçün Ravil İbayevin istintaqa şübhəli şəxs qismində verdiyi ifadəsi elan edilib: “Hadisə baş verən gün kirayə yaşadığım evin qarşısına çatdım. Orada Müxtarla birlikdə yaşadığım mənzilə qalxdıq. Mənzilin qapısını bacım açdı. Biz içəri girdik, amma bacım bizimlə sağollaşaraq işə getdi. Mən isə Muxtarla birlikdə mənzilə daxil oldum”.

Ravil İbayev ifadəsində daha sonra Muxtarı qətlə yetiriməsini, sonra öz maşını ilə Xəzər rayonuna apararaq orada yandırmasını etiraf edib. Şahid isə səslənən ifadə ilə bağlı bir söz deyə bilməyib.

Daha sonra prosesdə şahid qismində xalça yuma məntəqəsinin işçisi Sahib Qasımov ifadə verib. O, bildirib ki, Ravil İbayev həmin gün qanlı xalçaları yudurtmaq məqsədilə məntəqəyə gətirib: “Ravilin polis formasında olduğu üçün qanlı xalçalarla bağlı bir söz demədim. Xalçaları Ravil həmin gün götürmək istəsə də, biz ona həmin gün xalçaların yuyulması mümkün olmayacağını bildirdim. Bir gün sonra məlum hadisədən xəbər tutdum və bu barədə polisə müraciət etdim”.

Məhkəmə iclası sentyabrın 23-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: