Masallı rayon sakini Ağayev Elnur Azər oğlu Teleqraf.com-a müraciət ünvanlayıb. O, müraciətində dələduzluğun qurbanı olmasından bəhs edir. Şikayətçinin sözlərinə görə, “Moskva” Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.
E.Ağayev Teleqraf.com-a açıqlamasında 2009-cu ildə özünə qarşı dələduzluq edən Z.Məmmədov barəsində Masallı rayon Məhkəməsində iddia qaldırdığını deyib: “Məhkəmə mənə 3700 dollar dəyərində zərərin dəyməsi barəsində qərar çıxardı. Qərara görə, həmin məbləğ Zaur Məmmədovdan alınaraq mənə ödənilməlidir. Amma buna baxmayaraq Masallı rayon icra şöbəsinin icra məmuru Gündüz Mehdiyevin 03.08.2015-ci il tarixdə mənə verdiyi cavabında bildirilib ki, onlar Zaur Məmmədovun yerini hələ də müəyyənləşdirməyiblər".
E.Ağayev qeyd edir ki, icraçının bu qərarını aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət ünvanlayıb: "Burada Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlunun qəbulunda oldum. Birinci dəfə avqust ayının 20-də, ikinci dəfə sentaybr 7-də məni qəbul etdi. Polis mənə "borclunun sənədinə stop qoyulub" dedi. Mən Zaur Məmmədovla telefonla danışaraq pulumu tələb etdim. O, mənim ünvanıma həmişəki kimi yenə təhqir dolu sözlər işlətdi. Bu barədə Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət ünvanladım. Ərazi üzrə sahə inspektoru yaşadığım ünvana gələrək ərizəmi qəbul etdi".
Dələduzluq hadisəsinin baş verdiyi əraziyə nəzarət edən Bakı şəhəri, Nəsimi rayonu Polis İdarəsinin 19-cu Polis Bölməsi 23.07.2015-ci il tarixdə Elnur Ağayevin Daxili İşlər Nazirliyinə ünvanladığı məktuba cavab verib. Məktubda bildirilir ki, müraciətdə qeyd olunanlar yoxlanılıb, əvvəlki müraciətlə eynilik təşkil etdiyi üçün ilkin materiallara əlavə olunub.
Məsələ ilə əlaqədar DİN-ə göndərilən sorğumuza nazirliyin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə cavab verib. O, polis əməkdaşlarının Zaur Məmmədovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri tədbirlər həyata keçirildiyini söylədi.
Bəxtiyar