19 Sentyabr 2015 22:26
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təqsirləndirilən şəxs: “Anam xəstə olarkən marixuanadan istifadə etməyə başladım”

İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Pərviz Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttiham sənədində deyilir ki, Pərviz Bəşirov ötən ilin iyununda İranın paytaxtı Tehran şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə 860 qram qurudulmuş marixuana əldə edib və 3 polietilen bağlamada qablaşdırıb. İyunun 30-da saat 11 radələrində narkotik vasitəni Astara Gömrük İdarəsində gömrük nəzarətindən gizli keçirib.

Bu səbəbdən istintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edib və cinayət işi üzrə material baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə müəyyən edilib ki, narkotik vasitəni Pərviz Bəşirov Tehran şəhərində satış məqsədi olmadan əldə edib. Məhkəmə heyəti bu səbəbdən onun ittiham olunduğu maddələrdə dəyişiklik edib. Pərviz Bəşirovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin onun barəsində narkomaniyadan müalicə alması barədə qərar çıxarıb.


“150 manata marixuana aldım”

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Pərviz Bəşirovun cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin Pərviz Bəşirov daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Pərviz Bəşirov özünü Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən bilib. O bildirib ki, onun anası xərçəng xəstəsi olub, uzun müddət müalicə alıb: “Anam xəstə olarkən fikirdən marixuanadan istifadə etməyə başladım, onun vəfatından sonra da marixuanadan əl çəkmədim.

İyunun 24-də dostum Aqillə birlikdə Tehran şəhərində olmuşam. Birlikdə marixuana istifadə etmək məqsədi ilə əvvəllər tanıdığım Nasiri axtararaq tapdıq, onun vasitəsi ilə “Doktor” ləqəbli Ağamuradi ilə tanış oldum. Ondan marixuana alıb istifadə etdim. Sonra da 150 manata öz istifadəm üçün marixuana aldım. Həmin marixuananı aldığımız su filtri olan qutuya qoyub gizlətdim".

“Gömrükdə etiraf etdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 30-da Astara Gömrük Postunda üzərinə və yüklərinə baxış keçirilib və həmin su filtri olan qutuda marixuana aşkarlanıb: “Həmin vaxt gömrük əməkdaşlarına marixuananı Tehran şəhərindən özüm istifadə etmək üçün aldığımı etiraf etdim. Həqiqətən, anam ağır xəstəliyə tutulduqdan sonra marixuanadan istifadə etməyə başladım. Azərbaycanda çevrəmdə narkotik tapa bilən nə tanışım, nə də yaxınım vardı. Məcbur qalıb narkotiki İrandan gətirmişəm.

İranda olarkən mənə başqa narkotiklər təklif etsələr də, yalnız marixuana almışam. Çünki marixuana istifadəçisi olmuşam. Gündə marixuanadan 3-4 dəfə istifadə etdiyimdən bir dəfəyə çox almışam.

Narkotik maddələri əldə etməyə, saxlamağa, daşımağa və gömrükdən keçirməyə icazə verilmədiyini bilmişəm. Ancaq narkotik xəstəsi olduğumdan məcbur olaraq gətirmişəm. Üzərimdə aşkar edilmiş narkotiki satmaq məqsədim olmayıb. Əvvəllər heç vaxt İrandan narkotik maddə gətirməmişəm və satışı ilə məşğul olmamışam. Ona görə də özümü yalnız Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilirəm.

Tutduğum əməldən peşmanlıq hissi keçirirəm. Birinci instansiya məhkəməsi tərəfindən əməlimin narkotik vasitədən satış məqsədi olmadan istifadə etmək kimi qiymətləndirməsini qanuni hesab edirəm".

Vəkil: “Cəzanın yüngülləşdirilməsinə əsas var”

Təqsirləndirilən şəxsin vəkili Bəylər Məmişov bildirib ki, apelyasiya protesti əsassızdır: “Birinci instansiya məhkəməsi işin hallarına və toplanmış sübutlara əsasən düzgün nəticəyə gəlib. Pərviz Bəşirovun əməli Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkəmə tərəfindən düzgün tövsif edilib”.

Vəkil çıxışında qeyd edib ki, apelyasiya protesti təmin edilməməli, eyni zamanda müdafiəsində olduğu şəxsin cəzası yüngülləşdirilməlidir: “Pərviz Bəşirovun törətdiyi cinayəti etiraf edərək səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət törətməsi, yaşadığı yerdən müsbət xarakterizə alması, himayəsində bir azyaşlı uşağın olması, həyat yoldaşının işləməməsi və ailənin yeganə qazanc gətirəni olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir”.

Prokuror: “Təqsirləndirilən şəxsin əməli sübuta yetirilib”

Prokuror Ədalət Əzimov apelyasiya protestini tam müdafiə edib. O bildirib ki, Pərviz Bəşirovun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi düzgün deyil: “Birinci instansiya məhkəməsində hakimlər məhkum edilmiş şəxsin məhkəmə iclasında verdiyi özünümüdafiə xarakterli ifadələrinə əsaslanaraq hökm çıxarıblar. Onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, həmin narkotik vasitələri satmaq üçün gətirən şəxslə istehlakçı arasında qabaqcadan razılığın olmaması, qurudulmuş marixuananın külli miqdardan yarım dəfə çox olması və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün İrandan alaraq gətirməsi kimi işin faktiki hallarına uyğun olmayan dəlillərlə əsaslandırılaraq cəza təyin edilib.

Məhkumun cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla kifayət qədər sübuta yetirilib. Məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilib ki, Pərviz Bəşirov rəsmi olaraq heç bir yerdə işləməyib, sabit gəlir yeri olmayıb. Onun narkotik vasitələrdən, o cümlədən qurudulmuş marixuanadan peşəkar istifadəçi olması toplanmış sübutlar əsasında təsdiqlənməyib.

Həmçinin külli miqdarda narkotik maddənin ayrı-ayrı bükümlərə qablaşdıraraq, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ölkəmizə qaçaqmalçılıq yolu ilə keçirməsi və narkotik vasitə olan qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün gətirməsi reallığı əks etdirməyib".

Prokuror çıxışının sonunda Pərviz Bəşirovun cəzasının ağırlaşdırılmasını hakim heyətindən xahiş edib.
Tərəfləri dinləyən hakim heyəti sonda tərəflərin şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər