Bakıdan Gürcüstana gedən 10 nəfər baykerdən birinin motosikleti Bakı-Qazax magistral yolunun 207-ci km-də, Kürdəmir rayonu ərazisində qəzaya uğrayıb.
"Report" xəbər verir ki, Bakı şəhər sakini Mamed Aydın oğlu Əkbərovun motosikleti yoldan çıxıb və bayker müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alan şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin qolunda sınıq var və hazırda onun vəziyyəti stabildir.
Hadisə ilə əlaqədar Baş Dövlət Yol Polisi araşdırma aparır.
Qeyd edək ki, Bakıdan Gürcüstana gedən 10 nəfərlik bayker dəstəsində ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev də var.