Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Siyəzən rayon sakini Təbriz İskəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Təbriz İskəndərov satış məqsədi olmadan 62,55 qram çəkidə narkotik vasitə əldə edib. O, 26 noyabr 2014-cü il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həbs edilib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Təbriz İskəndərov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Təbriz İskəndərov cəzasının yüngülləşdirilməsini istəyib. Baş Prokurorluq da apelyasiya protesti verib. Prokurorluq Təbriz İskəndərovun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini istəyib. Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilib, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.
Hacı Zeynalov