“Bu gün səhər saatlarında “Whatsapp” istifadəçilərinə gələn xəbərdarlıq xarakterli məlumatlar təxribat xarakterlidir”.
Bunu Publika.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.
DİN rəsmisi bu barədə telefonuna məlumat daxil olan şəxslərə ərazi üzrə polis bölməsinə müraciət etmələrini məsləhət görüb.
“Bu zaman araşdırmanın nəticəsinə uyğun qanuna müvafiq şəkildə tədbir görüləcək. Çünki birdən-birə 12 uşağın dərmandan zəhərlənib ölməsi ciddi məsələdir. Belə hadisə baş versəydi, bu barədə bizdə məlumat olardı. Bu, təxribat xarakterli məlumatdır”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Publika.az-a açıqlamasında 12 uşağın dərmandan zəhərlənib ölməsi ilə bağlı məlumatın əsassız olduğunu deyib: “Bu məlumatlar tam əsassızdır. Belə bir hadisənin qeydə alınmadığı halda ictimailəşməsinin əleyhinəyəm”.
Qeyd edək ki, bu gün “WhatsApp” istifadəçilərinə 12 uşağın dərmandan zəhərlənib ölməsi barədə məlumat daxil olub. Məlumatda bir sıra dərmanları adı qeyd olunub və uşaqların həmin dərmanlardan zəhərləndiyi bildirilib.