Sumqayıt Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Qərib Ağamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Qərib Ağamalıyev 13 fevral 2015-ci il tarixdə, saat 04.50-də idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bakı-Quba-Dağıstan sərhəddi yolunun 185-ci kilometrliyində yol hərəkəti qaydasını pozub. O, idarə etdiyi avtomobilə hərəkətdə olarkən avtomobil üzərində idarəetməni itirib və avtomobili yolun sağ kənarındakı ağaca vuraraq aşırıb.
Nəticədə avtomobildə olan sərnişinlərdən Tahirə Süleymanova ölüb. Avtomobildə olan digər sərnişin Rəna Səlimova alın nahiyəsinin qançırı kimi sağlamlığına zərər vurmayan xəsarət yetirilib.
İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində Qərib Ağamalıyev təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 263.2-ci (eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham edilib.
Qusar Rayon Məhkəməsinin hökmü ilə Qərib Ağamalıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.
Hökmdən Baş Prokurorluq apelyasiya protesti verərək Qərib Ağamalıyevin cəzasının ağırlaşdırılmasını istəyib.
Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Zəfər Ramazanov bildirib ki, məhkəmə Qərib Ağamalıyevin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxs Rəna Səlimovaya tibbi və digər yardım göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxs tərəfindən baş vermiş hadisədən dərhal sonra alın nahiyəsinin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarət almış Rəna Səlimovaya hansı tibbi yardımın göstərilməsi və digər yardımın nədən ibarət olması hökmdə öz əksini tapmayıb: “Məhkəmə dərəcəsi təyin edilməyən xəsarət alan Rəna Səlimovanın təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını əsas götürüb. Bunu da təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib. Lakin mərhum Tahirə Süleymanovanın hüquqi varisi Telman Süleymanovun təqsirləndirilən şəxslə barışmaması, ona qarşı ədalətli cəza tələbi məhkəmə tərəfindən nəzərə alınmayıb. İşin hallarına və məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrinə əsasən təqsirləndirilən Qərib Ağamalıyev iş üzrə təkzib olunmaz faktlar qarşısında qaldıqdan sonra mərhum Tahirə Süleymanovanın ölümü ilə bağlı dəymiş ziyanın ödənilməsi barədə öhdəlik götürüb. Lakin barəsində ittiham hökmü çıxarılanadək dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisinə heç bir maddi yardım göstərməyib”.
Dövlət ittihamçısı daha sonra qeyd edib ki, Qərib Ağamalıyevin cəzasının ağırlaşdırılması barədə əsaslar var. Prosesin digər iştirakçılarını dinləyən hakim heyəti sonda prokurorluğun apelyasiya protestinin təmin edilməməsi barədə qərar elan edilib.
Hacı Zeynalov