28 Oktyabr 2015 16:04
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Elşən Abdullayev və Ramil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin ölkə ərazisində bir qrup şəxs tərəfindən realizə olunacağı barədə Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsindən əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbiri zamanı Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında “Mercedes Benz E230” markalı minik avtomobilini idarə edən Nicat Məmmədov şərti alıcı qismində çıxış edən əməkdaşa sellofan torbada olan narkotik vasitələri təhvil verərkən saxlanılıb. Daha sonra əməliyyat tədbirləri davam etdirilib. Cinayətkar qrupun digər üzvləri-Elşən Əhmədov və Ramil Abdullayev də yaxalanıb.

Onlardan ümumi çəkisi 1 kiloqram 985 qram narkotik vasitə-tiryək və ümumi çəkisi 2 kiloqram 20 qram narkotik vasitə -həşiş qətranı aşkar edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, təkrar narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər.

Məhkəmənin hökmü ilə Elşən Əhmədov 10 il, Ramil Abdullayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər