Bakının Nərimanov rayonunda silahlı insident törədən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də Vüsal Babayevə xuliqanlıq zəminində ayaq nahiyəsindən güllə yarası, kürək nahiyəsindən isə bıçaq xəsarəti yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hökməli Əhmədov tutulub.
Qeyd edək ki, hadisə rayonun M.Məmmədov küçəsi, 16 saylı evin qarşısında qeydə alınıb. 1990-cı il təvəllüdlü Vüsal Feyzulla oğlu Babayev həmin ünvanda güllələnib. O, güllə yarası ilə xəstəxanaya gətirilib.
Xəstəxanada tibbi müayinə zamanı onun bədənində güllə yarası ilə yanaşı bıçaq xəsarəti də aşkar edilib. Vüsal Babayev həmçinin sol kürək və bud nahiyəsindən də xəsarətlər alıb. Kliniki Tibbi Mərkəzin travmatologiya şöbəsində tibbi yardım alan Vüsal Babayevin səhhətinin qənaətbəxş olduğu bildirilir.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “Makarov” tipli tapançaya aid iki ədəd giliz götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin səbəbləri araşdırılır.
Hacı Zeynalov