Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb etməkdə təqsirli bilinən Əvəz İlyasovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon sakini Əvəz İlyasov həbs edilib.
Onun bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşlarını Rusiyanın Samara şəhərində məcburi əməyə cəlb etməsi faktı müəyyən edilib.
Səid, Rzabala və Əvəz İlyasov qardaşları insan alveri ilə pul qazanmaq qərarına gəliblər. Onlar kasıb ailədən olan azərbaycanlılara tikinti sektorunda iş təklif ediblər, onlar üçün xarici pasport və qatara bilet alıblar, 2011-ci il, dekabrın 10-da isə həmyerlilərimizi Samaraya aparıblar.
Dəstədə hərənin öz vəzifəsi olub. Məsələn, Oleq adlı bir nəfər ötən il noyabrın 23-də Əvəz İlyasovu kölə gətirməsi üçün Rusiyadan Azərbaycana göndərib. Bir aydan sonra Əvəz Bakıya gəlib və Binəqədi rayonu Biləcəri qəsəbəsində və Nəsimi rayonunda “3-cü mikrorayon” ərazisi kimi tanınan “qul bazarı” adlandırılan yerə yollanıb. Əvəz İlyasov orada 14 nəfəri taparaq onlara 500 ABŞ dolları məbləğində əmək haqqı və Samara vilayətinin Alekseyevka qəsəbəsində iş, həmçinin yaxşı həyat şəraiti vəd edib. Dekabrın 10-da aldadılan azərbaycanlılar Alekseyevkaya gəliblər. Burada onları Rzabala qarşılayıb və pasportlarını alıb. S. İlyasov fəhlələrə nəzarətçi kimi təqdim olunub.
Daha sonra həmyerlilərimiz kiçik bir otağa yerbəyer ediliblər və onlara qonşularla münasibət qurmaq qəti qadağan olunub. Elə həmin gündən 14 nəfər donuz ferması təmizləməyə və heyvanlara baxmağa başlayıblar.
Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səid İlyasov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Səid apelyasiya şikayəti verib. Onun şikayətinə xeyli əvvəl Bakı Apelyasiya Məhkəməsində baxan hakimlər şikayəti təmin etməyib.
Amma Ali Məhkəmə kasasiya şikayətini təmin edərək, işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib. Bu dəfə onun şikayətinə hakim Qədim Babayevin sədrlik etdiyi kollegiyada baxılıb. Səid İlyasovun cəzası 3 ilə endirilib.
Qeyd edək ki, Səid mühakimə olunan müddətdə Rzabala və Əvəz İlyasov Azərbaycanın hüdudlarından kənarda olduğu üçün həbs edilmələri mümkün olmamışdı və onlar İnterpol vasitəsilə axtarışa verilmişdi. Əvəz İlyasov ötən il həbs edilib. O da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov