Dələduzluqda ittiham olunan Qubadlı rayon sakini Azər Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Azər Şamxalov Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmə onun barəsində 5 il sınaq müddəti olmaqla 7 il şərti cəza təyin edib. Barəsində sınaq müddətinə şərti cəza olmasına baxmayaraq yenidən dələduzluq etməyə başlayıb.
Həbsdən azad olunan Azər Şamxalovun ilk dələduzluq əməli özünə ev almaq istəyən Elman Rəhmətovla bağlı olub. O, Elman Rəhmətovu Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində yerləşən 600 kvadrat metr torpaq sahəsində Vidadi Cəfərova məxsus 3 otaqdan ibarət evi göstərib və həmin evin özünə məxsus olduğunu bildirib, onu 8000 dollara satmağa razılaşıb. Azər Şamxalov 6000 dollar alıb.
2009-cu ilin dekabr ayında özünə ev almaq istəyən Tahir Vəliyevə Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən Asya Qasımovaya məxsus 150 kvadrat metr torpaq sahəsini göstərib və torpaq sahəsində 3 otaqdan ibarət evin özünə məxsus olduğunu bildirib. Azər Şamxalov bildirib ki, pulu olmadığı üçün həmin evin tikintisini başa çatdıra bilməyib. O, həmin evi alacağı təqdirdə 15-20 gün ərzində tikinti və təmir işlərini başa çatdıracağını, evin inşa edildiyi torpaq sahəsinə dair müvafiq sənəd alacağı barədə vədlər verib.
Daha sonra həmin evi 18500 dollara satmağa razılaşıb. 29 yanvar 2010-cu ildə Tahir Vəliyevin müvəqqəti yaşadığı Sumqayıt şəhəri, 3-cu məhəllədə yerləşən evinə gəlib və ondan 4000 dolları alıb. Bundan başqa, Azər Şamxalov Tahir Vəliyevdən həmin ilin fevralın 1-də 2000, fevralın 9-da isə 3500 dolları alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Şamxalov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Azər Şamxalov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti Azər Şamxalovun apelyasiya şikayətini qismən təmin edib və onun cəzasını 9 ilə endirib.
Bu qərardan narazı qalan Baş Prokurorluq kasasiya protesti verib. Prokurorluğun Ali Məhkəməyə göndərdiyi kasasiya protestində Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Ali Məhkəmə prokurorluğun protestini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Bu səbəbdən iş materialları yenidən araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya şikayəti bu dəfə hakim İlham Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
“9500 dolların 3500 dollarını Güloğlana vermişəm”
Məhkəmədə Azər Şamxalov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib və verilmiş apelyasiya şikayətini müdafiə edib. O, bildirib ki, iş üzrə zərərçəkmiş Tahir Vəliyevə satdığı evi Rahilə adlı qadına özü tikib: “Sonradan Rahilə həmin evi istəmədi. Buna görə də Tahir Vəliyevi həmin evdə görərək qovdum. Tahir Vəliyev 9000 dolları Zaman Zamanova verdi.
Mən ibtidai araşdırmada Zaman Zamanovla üzləşdirilməmişəm. Asya xanımın kimliyi barədə məlumatım yoxdur. İbtidai araşdırma zamanı Baloğlanla üzləşməm aparılıb. Baloğlan Tahir Vəliyevdən aldığı 9500 dollardan mənə pay düşdüyünü bildirib.
Tahir Vəliyevin mənə verdiyi 9500 dolların 3500 dollarını Güloğlana vermişəm. Təqsirim sadəcə Tahir Vəliyevdən almış oluduğum 9500 dollarla bağlı olan epizod üzrədir".
Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərib ki, Sumqayıt şəhəri, 26-cıməhəllədə yerləşən 3 otaqdan ibarət tikintisi başa çatdırılmayan evi Tahir Vəliyevə göstərib və həmin evin özünə məxsus olduğunu, satmaq istədiyini bildirib: “Tahir Vəliyev həmin evi alacağı təqdirdə evin tikintisini və təmirini 15-20 gün müddətində başa çatdıraraq təhvil verəcəyini mənə dedi. Tahir Vəliyevlə evin pulunu mənə hissə-hissə ödəmənilməsinə dair razılıq əldə etmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2010-cu ilin yanvarın 29-da Tahir Vəliyev ona beh kimi 4000 dollar, 2010-cu ilin fevral ayının 1-də 2000 dollar, bundan 2-3 gün sonra isə əlavə olaraq 3500 dolları verib. Onun sözlərinə görə, Tahir Vəliyev 9000 dolları Zaman Zamanova verib: “O, Zamana pul verəndə orada olmamışam. Rəhilə gələrək Tahir Vəliyevə evin ona məxsus olduğunu bildirib. Rəhilə Tahirin evdən çıxmasını, əks halda isə məni polisə verəcəyi ilə hədələyib”.
“9000 dollar pul xərcləmişəm”
Zərərçəkmiş şəxs qismində ifadə verən Tahir Vəliyevin sözlərinə görə, əvvəllər Türkmənistan Respublikasında yaşayıb və oradakı evini sataraq 2009-cu ilin oktyabr ayında ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün Azərbaycana köçüb: “Sumqayıt şəhərində ev almaq məqsədi ilə bacımın qonşuluğunda yaşayan Baloğlan və Zaman adlı maklerlərlə tanış oldum. Bu şəxslər məni Azər Şamxalovla tanış etdilər.
Azər Şamxalov həmin şəxslərin və arvadım Elmiranın yanında Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 3 otaqdan ibarət tikintisi başa çatdırılmayan evi mənə göstərdi və həmin evin özünə məxsus olduğunu, satmaq istədiyini bildirdi. Azər həmin evi alacağım təqdirdə evin tikintisini və təmirini 15-20 gün müddətində başa çatdıraracağını söylədi. Bundan sonra birlikdə həmin evə baxdıq. Ev xoşumuza gəldi, onu 18500 dollara almaq barədə razılaşdıq".
Zərərçəkmiş ifadəsində Azər Şamxalova 9500 dollar məbləğində pul verdiyini qeyd edib: “Bacım Gülü Vəliyevanın adına ayrılmış 29a nömrəli bağ torpaq sahəsinə dair 9 fevral 2010-cu il tarixli ”Xəzər bağçılıq yoldaşlığı" Cəmiyyətinin üzvlük kitabçasını Azərə verdim və bir aydan sonra evin tikintisinin aparılmadığını gördüm. Bu barədə Baloğlan və Zamana dedim. Onlar isə Azərin pulu götürərək aradan çıxdığını bildirdilər.
Həmçinin Zaman evin tikintisini mənim hesabıma, yəni verəcəyim 9000 dollarının hesabına davam etdirməyi bildirib. Bununla razılaşaraq maklerlər Zaman, Baloğlan və İlham ilə birlikdə təmir üçün lazım olan bütün tikinti materiallarını aldım və zəhmət haqqı kimi tikintini aparan ustaların pulunu verməklə, cəmi 9000 dollar məbləğində pul xərcləmişəm".
“Pulumun tam şəkildə ödənilməsini tələb etdim”
Zərərçəkmişin sözlərinə görə, təmir başa çatdıqdan sonra Zaman evin açarını ona verib, 2-3 gün sonra arvadı Elmira ilə birlikdə həmin evdə təmizlik işləri aparıblar: “Bu zaman sonradan tanıdığımız Rəhilə adlı qadın gələrək evin ona məxsus olduğunu, həmin evin tikilməsi üçün Azərə 25 min dollar verdiyini bildirdi. Daha sonra həmin evin yerləşdiyi torpaq sahəsinin qızı Asya üçün ayrılmasına dair müvafiq sənəd təqdim etdi. Ona görə də təqsirləndirilən şəxs Azər Şamxalovun bacım Gülü Vəliyevanın adına verdiyi ”Xəzər bağçılıq yoldaşlığı"nın üzvlük kitabçasını bağçılıq yoldaşlığının sədri Hüseynə göstərdim.
Ondan bu məsələyə aydınlıq gətirməsini xahiş etdim və Hüseyn həmin sənədə baxaraq, sənəddə göstərilən torpaq sahəsinin başqa ərazidə yerləşdiyini, sənədin sözügedən evə və həmin evin yerləşdiyi bağ torpaq sahəsinə heç bir aidiyyətinin olmadığını bildirdi. Belə olan halda Azərin polisdə işləyən qardaşı Ramizlə görüşdüm və Azər tərəfindən aldadıldığımı ona dedim. Ramiz isə həmin evi mənə 35000 dollarına almağı təklif etdi. Mən isə həmin evi onun qardaşı Azərdən 18500 dollara aldığımı və onun təklif etdiyi qiymətə almaq imkanımın olmadığını dedim. Ramiz evin Rəhiləyə məxsus olduğunu bildirdi".
Zərərçəkmiş bildirib ki, təxminən 2-3 aydan sonra Baloğlan, Zaman, İlham və Güloğlanın yanında Ramiz ona 350 dollar, daha 1 aydan sonra əlavə olaraq 100 dolları verib, pulun qalan hissəsini sonrakı aylarda verəcəyini söyləyib: “Növbəti ayda Ramiz mənə 800 ABŞ dolları təklif etdi. Lakin həmin pulu götürməkdən imtina edərək pulumun tam şəkildə ödənilməsini tələb etdim.
Belə olan halda Ramiz Azərin bacım Gülünün adına aldığı torpaq sahəsində ev tikməyi təklif etdi. Lakin həmin torpaq sahəsi uzaqda yerləşdiyindən Ramizin təklifi ilə razılaşmadım, pulumun qaytarılmasını tələb etdim. Uzun müddət gözlədikdən sonra pulumun qaytarılmadığını gördüm və ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə, daha sonra müxtəlif hüquq-mühafizə idarələrinə şikayət etdim. Maklerlər Baloğlan və İlham aldıqları 400 dolları geri qaytarıblar".
Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan ediblər. Qərara görə, Azər Şamxalovun barəsində 9 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Hacı Zeynalov