Paytaxtda tələbə qızın liftin şaxtasına yıxılması ilə əlaqədar cinayət işi açılıb.
Bakı şəhər prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb. E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.