Baş Prokurorluğun protesti təmin olundu, həmyerlisini döyən gənc məhkəmə salonunda qandallandı
Toyda dava salmaqda və xuliqanlıqda təqsirli bilinən Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Əşrəf Heydərovun məhkəməsi başa çatıb.
İttihama görə, Əşrəf Heydərov 5 fevral 2013-cü il tarixdə, saat 21 radələrində Şirvan şəhərində yerləşən “Rövşən” şadlıq sarayında keçirilən toy məclisində sərxoş vəziyyətdə dava salıb. O, heç bir əsası olmadan Emil Əliyevi ucadan nalayiq küçə söyüşləri ilə söyüb, yumruqla sifətinə vurub.
Bundan başqa, Əşrəf Heydərov həmin gün saat 21.30-da şadlıq sarayında Emil Əliyevi yenidən ucadan nalayiq küçə söyüşləri ilə söyüb təhqir edib, bu dəfə Emilin kürəyini yumruqlayıb.
Əşrəf Heydərov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs və ya təkrar tərəfindən xuliqanlıq hərəkəti törətmək) maddəsi ilə ittiham edilib. Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Əşrəf Heydərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Əşrəf Heydərov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin edilmiş cəzasının şərti hesab edilməsini istəyib. Şikayətə Şirvan Apelyasiya Məhkəməsində baxılıb.
Hakim kollegiyası Əşrəf Heydərovun apelyasiya şikayətini təmin edib və ona 1 il 6 ay müddətinə islah işləri cəzası kəsib. Əşrəf Heydərov barəsində seçilmiş həbs-qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qərardan narazı qalan Baş Prokurorluq kasasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Prokurorluğun protesti əsasında Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Apelyasiya instansiyasında bu dəfə şikayəti araşdıran hakim kollegiyası Əşrəf Heydərovun barəsində daha yüngül cəza təyin edib. Hakimlər Əşrəf Heydərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsini həmin məcəllənin 221.1-ci maddəsinə tövsif ediliblər. Əşrəf Heydərov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona 5 ay sınaq müddəti ilə şərti cəza verilib.
Prokurorluğun kasasiya protesti ilə Ali Məhkəmədə bu dəfə də Əşrəf Heydərovun barəsində təyin edilmiş qərar ləğv edilib və işin apelyasiya instansiyasında araşdırılması qərara alınıb. Bu dəfə apelyasiya instansiyasında şikayət hakim Nüsrət Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılıb.
Prosesdə çıxış edən Əşrəf Heydərovun vəkili Bəxtiyar Babayev bildirib ki, Şirvan Şəhər Məhkəməsinin 5 iyul 2013-cü il tarixli hökmü ədalətsiz olub: “Məhkəmənin hökmündə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsinin mümkünlüyü məsələsinə münasibət bildirilməyib. Əşrəf Heydərovun əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslə barışması, zərərçəkmişin ona qarşı heç bir şikayəti olmaması kimi yüngülləşdirici hallar cəza təyini zamanı nəzərə alınmayıb. Ona görə də məhkəmənin hökmü ilə razılaşmırıq”.
Əşrəf Heydərov apelyasiya şikayətində göstərilənlərə uyğun ifadə verib. O, apelyasiya şikayətinin təmin edilməsini, hökmlə ona təyin edilmiş cəzanın şərti tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş edib.
Prosesdə çıxış edən dövlət ittihamçısı bildirib ki, müdafiə tərəfinin apelyasiya şikayəti əsassızdır. O, Şirvan Şəhər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.
Tərəfləri dinləyən hakimlər sonda qərar elan edib. Əşrəf Heydərov barəsində 2 il 2 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbsə alınıb.
Hacı Zeynalov