Bakının Binəqədi rayonunda qadını qətlə yetirən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sədaqət Əsgərovanı boğaraq qətlə yetirən Fəhmin Qədimov şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, hadisə rayonun 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova boğularaq qətlə yetirilib.
Fəhmin Qədimov istintaqa ilkin ifadə verib. O, ifadəsində bildirib ki, hadisə baş verən mənzili bir müddət əvvəl kirayəyə götürüb. Onun sözlərinə görə, həmin ünvanda Sədaqət Əsgərova ilə qeyri-rəsmi nikahda yaşayıblar.
Fəhmin Qədimovun sözlərinə görə, hadisə baş verən vaxtı Sədaqət Əsgərova ilə şəxsi münasibətlər zəminində mübahisə edib və mübahisə zamanı o, elektrik naqili ilə qadını boğaraq qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Fəhmin Qədimov ilə Sədaqət Əsgərovanın son günlər münasibətlər soyuyub və buna görə də dəfələrlə onların arasında mübahisə yaranıb. Fəhmin Qədimov qadının başqası ilə münasibət qurmasından şübhəlinib. Elə onların arasında da mübahisə bu səbəbdən yaranıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov