13 Fevral 2016 21:59
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğurluqda, qanunsuz silah və narkotik vasitə saxlamaqda təqsirli bilinən Balakən rayon sakinləri -1974-cü il təvəllüdlü Nəriman Mağlıyev və 1994-cü il təvəllüdlü Mahama Qoqayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Mahama Qoqayev və Nəriman Mağlıyev 3 dekabr 2014-cü ildə, saat 03.00-da Balakən rayonu Yeni-Şərif kəndi ərazisində Hicran Bağmanovanın evinə giriblər. Onlar evdən 1500 manat qiymətində qızıl-zinət əşyaları oğurlayıblar.

Bundan başqa, Nəriman Mağlıyev 2014-cü ilin avqust ayında Yeni-Şərif kəndinin yaxınlığında yerləşən meşə sahəsindən yabanı halda bitmiş çətənə kolları yığıb. O, narkotiki satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə edib, 88,69 qram qurudulmuş marixuananı özündə saxlayıb.

Nəriman Mağlıyev həmçinin odlu silah olan “Makarov” tipli tapança, tapançaya aid 3 patron və sandığı yaşadığı evdə saxlayıb. Polis əməkdaşları 4 dekabr 2014-cü il tarixdə onun evində axtarış apararkən marixuana, tapança, tapança sandığı və 3 patron aşkar edib.

Nəriman Mağlıyev Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə, Mahama Qoqayev isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham ediliblər.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Nəriman Mağlıyev 9 il, Mahama Qoqayev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Nəriman Mağlıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, əvvəllər məhkumluq həyatı yaşayıb: “1996-cı ildən 2010-cu ilə qədər həbsdə olmuşam. Həbsdən çıxdıqdan sonra düzgün həyata qayıtmışam, hər hansı cinayət törədilməsində, o cümlədən həmkəndlim Mahama Qoqayevlə qabaqcadan əlbir olub qrup təşkil edərək Balakən rayonu Yeni-Şərif kəndi ərazisində Hicran Bağmanovanın evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasında iştirak etməmişəm”.

“Mahama üzümə durub”

Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 3-də yaşadığı kəndin örüşündə mal otaran zaman Balakən rayon polis şöbəsindən Məhəmməd adlı şəxs zəng edərək rəis müavininin onu görmək istədiyini bildirib: “Mən də ona çöl sahəsində olduğumu dedim. Bundan sonra evə gələrək yuyundim, saat 17 radələrində rayon polis şöbəsinin çağırışına əməl edərək özümün şəxsi avtomobilimlə polis şöbəsinə getdim. Qabaqçöl qəsəbəsinin mərkəzində Balakən rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları Zaur Qıstarov və Şamil Bazarov mənim avtomobilimi saxladılar. Onlar mənim Balakən rayon polis şöbəsinə getməyim lazım olduğunu bildirdilər. Onlara şöbəyə getdiyimi bildirdim.

Polis şöbəsinə çatdıqdan sonra məni birinci rəis müavinin, oradan isə müstəntiq Vüqar Emçiyevin otağına apardılar. Müstəntiq mənə “sən oğurluq etmisən” dedi. Sonra Mahama Qoqayev gələrək üzümə durdu və oğurluğa mənimlə getdiyini dedi. Lakin həmin gündən ibtidai istinitaqın sonuna qədər heç kimə ifadə verməmişəm, heç bir sənədə imza etməmişəm.

Mahama Qoqayevi həmkəndlim kimi tanımışam. Mahama bir dəfə mənim evimə gəlib, ev işlərində, o cümlədən həyətdə olan otun çalınmasında, yığılmasında mənə kömək eləyib. Bunun müqabilində ona zəhmət haqqı vermişəm. Onunla hər hansı cinayətin törədilməsi barədə müzakirələr aparmamışam, razılığa gəlməmişəm. Mahama Qoqayevlə heç bir oğurluq hadisəsi törətməmişəm".

“Tapança mənə məxsus olmayıb”

Nəriman Mağlıyev bildirib ki, əvvəllər onun evində Milli Təhlükəsizlik Nazirliyi və polis əməkdaşları tərəfindən axtarışlar aparılıb: “Lakin evimdə heç nə aşkar edilmədi. Dekabrın 4-də Balakən rayon polis şöbəsinin əməkdaşları evimdə axtarış apardılar. Evimdən 88,69 qram çəkidə marixuana və ”Makarov" tipli tapança aşkar edilməsi barədə rəsmiləşdirmə apardılar. Nə narkotik vasitə, nə də “Makarov” tipli tapança mənə məxsus idi".

Mahama Qoqayev qeyd edib ki, ibtidai istintaq zamanı verdiyi ifadələr etibarlı sayıla bilməz: “Çünki həmin ifadələri məcburetmə və fiziki təsir altında alınıb. Nəriman Mağlıyev ilə hər hansı cinayəti törətməmişəm. Həmçinin Nəriman Mağlıyevi həmkəndlim kimi tanımışam, haqqım ödənilməklə əvvəllər onun evində bir neçə dəfə fəhlə kimi işləmişəm”.

Nəriman Mağlıyevin müdafiəçisi Şaban Məmmədov apelyasiya şikayətini onunla əsaslandırıb ki, hökm müdafiəçisi olduğu təqsirləndirilən şəxs Nəriman Mağlıyevin barəsində maddi və prosessual hüquq normalarının pozulması yolu ilə çıxarılıb.

Onun sözlərinə görə, Balakən Rayon Məhkəməsində işə baxılan zaman iş üzrə təqsirləndirilən Nəriman Mağlıyev həmin cinayətlərin onun tərəfindən törədilmədiyini, bunların hamısının şər-böhtan olduğunu bildirib və ifadə verməkdən imtina edib: “Balakən Rayon Məhkəməsi ittihamın sübut olunmasında yaranan şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməli olduğu halda, qeyri-müəyyən səbəbdən bunu etməkdən çəkinib və ittiham tərəfinə mövqeyini açıq-aşkar nümayiş etdirib.

Nəriman Mağlıyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 228.2.2 və 234.1-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan əməllər onun tərəfindən törədilmədiyi və onun belə cinayəti törətməsi nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirilməyib. Onun əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmalıdır".

Digər təqsirləndirilən Mahama Qoqayevin müdafiəçisi Samir Şərifov bildirib ki, hökm Mahama Qoqayevin barəsində maddi və prosessual hüquq normalarının pozulması yolu ilə çıxarılıb: “Balakən Rayon Məhkəməsinin müdafiəçisi olduğum iş üzrə təqsirləndirilən şəxs Mahama Qoqayevin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsinin əsasını, iş üzrə şahid Həlimə Xanməmmədovanın həqiqətə uyğun olmayan ifadələri və ibtidai istintaq zamanı polis əməkdaşlarının, o cümlədən cinayət təqibini həyata keçirən müstəntiqin iş üzrə təqsirləndirilən şəxs Mahama Qoqayevdən hədə-qorxu, zor tətbiq etmə yolu ilə aldığı həqiqətə uyğun olmayan yalan ifadələr, qeyri-obyektiv və qanunsuz, açıq-aşkar kobud pozuntulara yol verməklə aparılmış əməliyyat tədbiri təşkil edib.

Balakən Rayon Məhkəməsində işə baxılan zaman iş üzrə təqsirləndirilən Mahama Qoqayev ibtidai istintaq zamanı həm həmin polis şöbəsinin işçilərinin, həm də cinayət təqibini həyata keçirən müstəntiqin ona hədə-qorxu gəlməsi, zor tətbiq etməsi və aldatması yolu ilə ilkin ifadələri aldığını bildirib. Lakin nədənsə Balakən Rayon Məhkəməsi arbitr statusuna malik olduğunu unudaraq, ittiham yönümlü mövqe nümayiş etdirməklə, iş üzrə təqsirləndirilən Mahama Qoqayevin sərbəst şəkildə məhkəməyə verdikləri ifadələri yox, ibtidai istintaq zamanı cinayət təqibini həyata keçirən müstəntiqin hədə-qorxu, zor tətbiqetmə və aldatma yolu ilə aldığı ifadələri mötəbər hesab edib. Halbuki cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, bu yolla əldə olunmuş sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir və onlar hüquqi qüvvəsi olmayan hesab edilir, onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz".

Samir Şərifovun sözlərinə görə, Balakən Rayon Məhkəməsi ittihamın sübut olunmasında yaranan şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməli olduğu halda, qeyri-müəyyən səbəbdən bunu etməkdən çəkinib və ittiaham tərəfinə olan mövqeyini açıq-aşkar nümayiş etdirib: “Mahama Qoqayev barəsində qanunsuz hökm çıxarılarkən istinad olunan və onun qeyri-obyektiv araşdırmalar nəticəsində məhkum olunmasına səbəb olan, sübutlar Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə görə sübut kimi qəbul oluna bilməz. Ona görə də, Balakən Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və Mahama Qaqayevə bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

Dövlət ittihamçısı Vidadi Cabbarov bildirib ki, hökm qanuni və əsaslı, təyin edilmiş cəza isə ədalətli olub. O, təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin təmin edilməməsini istəyib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər