Beyləqanda dəhşətli qətl hadisəsi baş verib.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi xəbərə görə, ata azyaşlı övladının başını kəsərək, qətlə yetirib. Hadisə Beyləqan rayon Yuxarı Kəbirli kəndində qeydə alınıb.
Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümid İsgəndərovu qətlə yetirib. Rayon polis şöbəsindən bildirilib ki, Zahid İsgəndərov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Əməkdaşımızın yerli sakinlərlə söhbəti zamanı qətlin bəzi təfərrüatları aydın olub. Sakinlərin bildirdiyinə görə, qətli töprətməkdə şübhəli bilinən ata - Zahid İsgəndərov bir neçə il öncə Beyləqanda məskunlaşan Cəbrayıl rayon sakini, məcburi köçkün İsgəndərova Mahirə Namaz qızı ilə ailə qurub. Ailənin 2 övladı olub. Bir müddət öncə ailədə münaqişə yaranıb və ərlə arvad ayrılıblar. Onlar ayrılan zaman evin kiçik övladı anası, qətlə yetirilən Ümid isə atası ilə qalıb. Ayrıldıqdan sonra Zahid İsgəndərov keçmiş həyat yoldaşını və qayınatasını daim ölümlə hədələyib. Ata onunla yaşayan övladı Ümidi meşəyə apararaq onun başını kəsib. Hadisənin gecə saatlarında baş verildiyi deyilir.
Hazırda faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Xalid Salmanbəyli