İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan Cəlilabad rayon sakinləri Həmid Orucov və Nadir Məmmədov, Masallı sakini Maqsud Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttiham sənədinə görə, Həmid Orucov bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayətinə görə 2007-ci ildə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını çəkəndən sonra azadlığa çıxıb, yenidən mütəşəkkil dəstə yaradaraq narkotik alveri ilə məşğul olmağa başlayıb. İrandan Azərbaycana külli miqdarda narkotik gətirmək barədə Cəlilabad rayonu, Mikayıllı kəndində Nadir Məmmədov və Maqsud Qasımovla razılığa gəlib.
Həmçinin şəxsiyyəti istintaqla araşdırılan Rza adlı İran İslam Respublikasının vətəndaşı və digər şəxslərlə birlikdə narkotik əldə etməyi planlaşdırıb.
Rza istintaqa məlum olmayan mənbədən əldə etdiyi 3 kiloqram 980 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki, 3 kiloqram çətənə bitkisindən kustar üsulla hazırlanmış həşiş qətranını naməlum şəraitdə İranın Azərbaycanla sərhədindən gizli olaraq keçirib.
Həmid Orucov və Nadir Məmmədov 2014-cü il iyulun 11-dən 12-nə keçən gecə Cəlilabad rayonu, Məlikqasımlı kəndi, “Yaqublu” adlanan çöllük ərazidə narkotik vasitəni Rzadan alıblar. Onlar həmin narkotiki satandan sonra pulunu ödəməyə razılaşıblar.
Həmid Orucov əldə etdiyi külli miqdarda narkotik vasitələri yaşadığı Cəlilabad rayonu, Mikayıllı kəndinə gətirib, kəndin kənarındakı örüş sahəsində çöllükdə gizlədib. O, əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən, narkotik vasitələrin satılmasından ötrü müştəri tapmağı həmkəndlisi Nadir Məmmədova tapşırıb.
Bundan sonra Nadir Məmmədov narkotiki satmaq üçün həmkəndlisi Tapdıq Məmmədova təklif edib. Tapdıq Məmmədov bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə şifahi məlumat verib.
Nadir Məmmədov iyulun 14-də, saat 21 radələrində əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən Tapdıq Məmmədovla Cəlilabad şəhərində görüşüb və satmalı olduğu narkotik vasitələrə görə 12500 dolları ondan alıb. Qalan pulun isə narkotik çatandan sonra veriləcəyi barədə razılığa gəliblər.
Nadir Məmmədov 12500 dolları həmin gün saat 23 radələrində Mikayıllı kəndində Həmid Orucova verib, əvəzində çantadakı dörd bağlama narkotiki götürüb.
Nadir Məmmədov narkotiki tapdığı “müştəri”yə 19500 dollara satdıqdan sonra qalan 7000 dolları pulu ödəmək şərti ilə Həmid Orucovdan təhvil alıb. O, narkotiki “müştəri”yə satmaqdan ötrü özü ilə Cəlilabad rayonu, Mikayıllı kəndindəki yaşadığı evin həyətinə gətirib.
Səhəri gün narkotiki Tapdıq Məmmədova satıb. O, puldan qalan 7000 dolları almaqdan ötrü Tapdıq Məmmədovun idarə etdiyi “VAZ-2107" markalı avtomobillə Cəlilabad şəhərinə gəlib. Onlar Cəlilabadda, Heydər Əliyev prospektində işıqforda dayandıqları zaman Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onun üstünə və nəqliyyat vasitəsinə baxış keçirilərkən Tapdıq Məmmədova satdığı çantada dörd əbağlama narkotik aşkar edilib.
Həmin gün saat 16 radələrində polis əməkdaşları Həmid Orucovun Mikayıllı kəndində yerləşən fərdi yaşayış evinə və üstünə baxış keçiriblər. Ondan Nadir Məmmədovdan aldığı 12500 dollar aşkarlanıb.
İstintaq sənədlərində qeyd olunur ki, Həmid Orucov İrandan narkotik gətirmək barədə Maqsud Qasımovla da razılığa gəlib. Yenə də narkotiki Rza adlı İran vətəndaşı gətirib.
Rza istintaqa məlum olmayan mənbədən əldə etdiyi 7 kiloqram 200 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək və 4 kiloqram 930 qram həşiş qətranı sərhəddən gizli olaraq keçirib və Həmid Orucovun yaşadığı Cəlilabad rayonu, Mikayıllı kəndinin kənarındakı köhnə ot tayasının altında gizlədib. İyulun 15-də Həmid Orucovla telefon əlaqəsi saxlayan Rza narkotiki gizlətdiyi yeri ona deyib.
Rza narkotik vasitəni Maqsud Qasımova çatdırılmasını Həmid Orucova tapşırıb. Bunun müqabilində zəhməthaqqı olaraq pulsuz 1,5 kiloqram çəkidə həşiş qətranı verəcəyini deyib.
İyulun 15-də Həmid Orucov Rzanın tapşırığına əsasən narkotik vasitələri Cəlilabad rayonu ərazisindəki Quşçuluq fabriki ilə üzbəüz Masallı rayonu istiqamətində şose yolunun kənarına gətirib. Orada narkotiki yolun kənarında gizlədərək mobil telefonla Maqsud Qasımovla əlaqə saxlayıb və narkotiki gizlətdiyi yeri deyib.
Həmin gün saat 23.45-də Maqsud Qasımov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə həmin əraziyə gəlib və narkotiki gizlədirilən yerdən götürüb. Maqsud Qasımov daha sonra Masallı şəhəri, Heydər Əliyev prospektinə gətirib.
Maqsud Qasımov avtomobillə “Bank Respublika” ASC-nin “Masallı” filialının qarşısında dayandığı zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həmid Orucov 14 il, Nadir Məmmədov 11 il, Maqsud Qasımov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Həmid Orucov bildirib ki, sərhədi keçməyib və İran vətəndaşı ilə görüşməyib. O, qaçaqmalçılıq da iştirak etmədiyini, narkotiklə öz evində tutulduğunu bildirib.
Təqsirləndirilən şəxs qeyd edib ki, Cinayət Məcəlləsinin yalnız 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir: “Lakin mənə əsassız olaraq Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə ittiham elan olunaraq, həmin maddələrlə cəza təyin edilib”.
Həmid Orucov qaçaqmalçılıq ittihamının üzərindən götürülməsini istəyib.
Digər təqsirləndirilən şəxslər də eyni məzmunlu apelyasiya şikayətləri üzrə danışıblar. Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
Hacı Zeynalov