2 Mart 2016 13:01
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana narkotik gətirməkdə ittiham olunan Qusar rayon sakini, 1960-cı il təvəllüdlü Rəbiyyə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Rəbiyyə Həsənova 2015-ci il fevral ayının ortalarında şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran vətəndaşı ilə satış üçün qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə razılaşıb.

Rəbiyyə Həsənova 24 fevral 2015-ci ildə İran İslam Respublikasının Biləsuvar şəhərində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən hər birinin çəkisi 100,010 qram və 105,610 qram olmaqla, ümumi çəkisi 205,620 qram təşkil edən 2 bükümdə heroin əldə edib.

Qadın həmin bükümləri əyninə geyindiyi alt paltarında gizlədərək İrandan Azərbaycana keçmək istəyib. O, həmin gün saat 14.30-da Astara Gömrük İdarəsinin sərnişin şöbəsində saxlanılıb. Rəbiyyə Həsənova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəbiyyə Həsənova 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

“Mənə 100 manat verəcəyini bildirdi”

Rəbiyyə Həsənova ifadəsində bildirib ki, 2014-cü ilin sonlarından ərzaq mallarının alveri ilə məşğul olmağa başlayıb: “Bu məqsədlə tez-tez İrana gedib-gəlmişəm. 2015-ci ilin fevral ayında İranda olarkən Biləsuvar şəhərində taksi sürücüsü Hüseyn məni Ərdəbil şəhərinə bazara apardı, ərzaq aldıqdan sonra sərhədə qədər gətirdi. Hüseyn sərhəddə düşürən zaman gələn dəfə İrana gələndə mənə sakitləşdirici dərman verəcəyini, həmin dərmanı gömrükdən keçirərəmsə, Azərbaycan tərəfdə 100 manat pul alacağımı bildirdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 22 fevral 2015-ci il tarixdə İranın Biləsuvar şəhərinə gedib: “Piyada gedirdim, Hüseyn avtomobili ilə yaxınlaşdı, məni maşınında gündəlik kirayə verilən evə apardı. Ertəsi gün İran sərhədinin yanında məni gözləyəcəyini və dərmanları verəcəyini söylədi.

Fevralın 24-də Hüseyn ərzaq malları almaq üçün məni Ərdəbil şəhərinə apardı, sonra Biləsuvar şəhərinə gəldik. Orada sakitləşdirici dərman adlandırdığı iki bükümü mənə verərək, onları üzərimdə gizlətməyimi, özünün də arxamca Azərbaycan tərəfə gələcəyini, gömrükdən keçən zaman həmin dərmanları təhvil verib bu işin müqabilində 100 manat pul alacağımı bildirdi.

Banklara kredit borcum olduğuna və maddi vəziyyətimin pisliyinə görə təkliflə razılaşdım. Hüseyn verdiyi iki bükümü büstqalterimin içərisində gizlətdim".

“Sonradan bildim ki, mənə verilən maddə heroinmiş”

Rəbiyyə Həsənova əlavə edib ki, həmin gün saat 14 radələrində İran sərhədini keçib, Astara Gömrük İdarəsinin sərnişin şöbəsinə daxil olub: “Hüseyn isə mənim arxamaca gələcəyini demişdi. Sərnişin şöbəsinə daxil olarkən gömrük əməkdaşı üzərimdə qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş malların, o cümlədən narkotik vasitələrin olub-olmadığını soruşdu. Üzərimdə belə şeyin olmadığını bildirdim.

Bundan sonra gömrük əməkdaşı üzərimdə şəxsi yoxlama aparılacağını dedilər. İki hal şahidinin iştirakı ilə yoxladılar, büstqalterimin içərisində iki büküm aşkar olundu. Bükümlər açıldı, içərisindən tünd-qəhvəyi rəngli maddə aşkar olundu. Həmin maddələr elektron tərəzidə çəkildi və bu barədə protokol tərtib edildi. Yalnız sonradan bildim ki, Hüseynin mənə verdiyi maddə heroinmiş".

Yaşlı qadının cəzasından 1 il çıxıldı

Rəbiyyə Həsənova bildirib ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı cəzanı yüngülləşdirən hallar nəzərə alınmayıb və ona ağır cəza təyin edilib: “Yaşlı, tənha olmağım, əvvəllər məhkum olunmamağım və bu cinayəti bilmədən törətməyim nəzərə alınaraq cəzamın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini istəyirəm”.

Rəbiyyə Həsənovanın müdafiəçisi İdris Qasımov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Rəbiyyə Həsənovanın verdiyi apelyasiya şikayətinin dəlillərini müdafiə edib. Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxsə ən ağır cəza təyin edilib. İdris Qasımov apelyasiya şikayətinin təmin olunması üçün əsasları sadalayıb.

Dövlət ittihamçısı Elnar Həsənov müdafiə tərəfinin verdiyi apelyasiya şikayəti ilə razılaşmayıb. Onun sözlərinə görə, Rəbiyyə Həsənova törətdiyi cinayət əməlləri birinci instansiya məhkəməsi tərəfindən tam sübuta yetirilib.

Tərəfləri dinləyən hakimlər sonda qərar elan ediblər. Qərara görə, Rəbiyyə Həsənovanın apelyasiya şikayəti qismən təmin edilib və onun barəsində təyin olunmuş hökm dəyişdirilib. Yeni hökmə əsasən, Rəbiyyə Həsənova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər