7 Mart 2016 16:31
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, ötən ay Ali Məhkəmənin qərarı ilə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov azadlığa buraxılıb.

Hələ bir müddət öncə İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Xəzər rayon Məhkəməsinə müraciət ünvanlayıb. Onun cəzasının çəkilməmiş hissəsini məntəqə tipli cəza müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər rayon Məhkəməsində baxılıb və ərizə təmin edilməyib.


Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini çəkdiyini bildirib, qalan hissəsini isə məntəqə tipli cəza müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini istəyib.


Şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Ötən il martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin, Xəzər Rayon Məhkəməsinin qərarı isə ləğv edilib. Beləliklə, İslam Yusifovun azadlığa çıxması ilə bağlı qərar qəbul olunub, İslam Yusifov dərhal azadlığa buraxılıb.

Qərardan narazı qalan prokurorluq İslam Yusifovun həbs edilməsi üçün Ali Məhkəməyə kasasiya protesti verib. Protesti araşdıran hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv edib. İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə material apelyasiya instansiyasına qaytarılıb.

Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini rədd ediblər. İslam Yusifov yenidən həbsxanaya göndərilib.

Bundan sonra İslam Yusifovun müdafiəçisi Ali Məhkəməyə kasasiya şikayəti verib. O, kasasiya şikayətində vaxtından əvvəl azadlığa buraxılmasını istəyib. İslam Yusifovun şikayətinə bu ilin fevralında Ali Məhkəmədə, hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası İslam Yusifovun şikayətini təmin edib. İslam Yusifov məhkəmə zalından azadlığa çıxıb.

Qeyd edək ki, İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyasında İslam Yusifovun atası ilə əlbir olduğu sübuta yetirilib.

Bundan əlavə, Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərilib ki, İslam Yusifov da ayrıca dələduzluq əməlləri də törədib. O, atasının cinayət əməlindən əvvəl bir neçə nəfərə qarşı dələduzluq edib.

Əldə etdiyimiz məlumata görə, İslam Yusifov biznes qurmaq məqsədilə bir nəfərdən 160 min manat alıb. Həmin pulun verilməsi ilə bağlı sənədləşmə aparılıb və İslam Yusifov pulu aldığına dair sənədə imza atıb. Onun belə dələduzluq cinayətləri xeyli saydadır.

Ötən ay azadlığa çıxan İslam Yusifovun pul atdığı zərərçəkmişlərdən gizləndiyi bildirilir. Pulunu itirənlər isə İslam Yusifovu axtarmağa başlayıblar. Amma o, zərərçəkənlərin qarşısına çıxmaqdan yayınır, hər gün bir ünvanda gecələməklə gizlənir.

Onu da qeyd edək ki, İslam Yusifovun dələduzluq əməlləri ilə üzləşmiş vətəndaşlar həm Baş Prokurorluğa, həm də Ali Məhkəməyə şikayət etməyə hazırlaşırlar.

Zərərçəkmişlər dələduz bankirin oğlunun azadlığa buraxılmasına etiraz edirlər. Onlar bildirirlər ki, qanunvericilikdə ziyan ödənilmədiyi halda dələduzun azadlığa buraxılması qeyri-mümkün hesab olunur. Buna görə də zərərçəkmişlər İslam Yusifovun azadlığa buraxılmasını onların qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirirlər.

Zərərçəkmişlər deyirlər ki, bundan əvvəl dəfələrlə İslam Yusifovdan pullarını tələb etsələr də, o, pulu ödəməkdən yayınıb. Bütün bunlar bir daha sübut edir ki, dələduz bankirin oğlu 5 il həbsxana həyata yaşasa da, islah olunmayıb.

Qeyd edək ki, həm baş prokuror Zakir Qaralov, həm də Ali Məhkəmənin sədri Ramiz Rzayev dəfələrlə mətbuata verdikləri açıqlamalarda bildiriblər ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda dələduzluq edən şəxsə güzəştdən söhbət gedə bilməz.

Fakt budur ki, İslam Yusifov dələduzluq yolu ilə əldə etdiyi pulları geri qaytarmayıb. Zərərçəkmişlər İslam Yusifovdan bu gün də şikayətçidirlər. Buna baxmayaraq, məhkəmə İslam Yusifovun islah olunduğunu əsas gətirərək, azadlığa buraxıb.

Zərərçəkmişlərin telefon zənglərinə cavab verməməsi, onlardan yayınaraq başqa-başqa ünvanlarda gizlənməsi bir daha sübut edir ki, İslam Yusifov islah olunmayıb.

17-18 yaşlarında xeyli vətəndaşı aldadan İslam Yusifov 5 il həbsxana həyatı yaşayandan sonra da eyni əməlləri davam etdirə bilər.

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, hüquqları pozulan zərərçəkmişlər məhkəməyə müraciət edə bilərlər: “Hakim qərar qəbul edib, İslam Yusifovun cəzası yüngülləşdirlib. Narazı qalan vətəndaşlar həmin qərardan məhkəməyə yenidən müraciət edə bilərlər. Bu onların qanuni hüququdur”.


Müəllif:

Oxşar xəbərlər