11 Mart 2016 11:47
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun ölkədən çıxmasına qadağa qoyulması ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından verdikləri şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Leyla Yunus və Arif Yunusun şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Amma məhkəmə onların şikayətlərini təmin etməyib.

Xatırladaq ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində isə Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər