13 Aprel 2016 12:33
3 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.

Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com cinayət işi üzrə istintaq sənədlərini əldə edib. Həmin sənədləri ixtisarla oxucularımza təqdim edirik.

İstintaq müəyyən edib ki, Ramil Aslanov iş icraçısı kimi Nərimanov rayonu, E.Qocayev küçəsi 34 ünvanında Teymur Quliyevə məxsus, amma onun anası Güllü Quliyevanın adına rəsmiləşdirilimiş evin əsaslı təmir-bərpa işlərinin aparılmasına və tikintiyə rəhbərliyi həyata keçirib.

Usta Elmir Həsənov apardığı təmir-tikinti işlərinə görə ona ödənilməli olan 28000 manatı almaq istəyib, 7 oktyabr 2015-ci il tarixdə, saat 15 radələrində həmin ünvana gəlib. Orada Ramil Aslanovun qardaşı Vasif Aslanovla mübahisə edib. Mübahisə zamanı Ramil və Vasif Aslanov qardaşları Elmir Həsənovu döyüblər.
Sonra Aslanov qardaşları generala məxsus villanın həyətindəki işçiləri qovublar, sonra Elmir Həsənovu evin həyətində olan dama salıblar. 30 dəqiqə Elmir Həsənovu bağlı qapı arxasında qalıb.

Cinayət işi üzrə ifadə verən Ramil Aslanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, təxminən 20 ildir inşaat sahəsində çalışır: “1995-ci ildə Azərbaycan Sənaye İnstitutunun İqtisadiyyat fakultəsinə daxil olmuşam, 1999-cu ildə həmin fakultəni bitirmişəm. 1999-2000-ci illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşam. Ali təhsilli olmağıma baxmayaraq ixtisasım üzrə yox, inşaat sahəsində fərdi əməklə məşğul olmuşam”.

“Türkiyəyə qaçdı”

Ramil Aslanovun sözlərinə görə, qeyd olunan ünvandakı həyət evində ilk dəfə təxminən 12-15 il bundan əvvəl asma tavan ustası kimi işləyib: “Həmin vaxt ora mənimlə eyni rayondan olan MTN-nin sabiq generalı Teymur Quliyevin qayınatası Asif müəllimin vasitəsi ilə getmişəm. Teymur müəllim özü də arabir gələrək işlərə baxıb, işin gedişi ilə maraqlanıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2014-cü ilin sentyabr ayında Asif müəllim yenidən onu çağıraraq həmin evin təmir işlərinə nəzarət etməyi tapşırıb: “Özümlə usta işləyən, hamının uşaqlıqdan “Rövşən” kimi çağırdığı qardaşım Vasifi də ora apardım. Sonra həmin evin çöl fasadının daşla üzlənməsi üçün Elmir və Yaşar adlı şəxslərə danışdım.

Materialları özümüz alacağımızı, bütün usta xərcləri ilə birlikdə 32 min manat məbləğində pul hesabına işi 45 günü təhvil vercəyimizə boyun oldum. Aramızda razılaşma əldə etdikdən sonra Elmir və Yaşar danışdıqları işi 2015-ci ilin mayında başlayıb, danışığa görə bütün daş üzləmə işi iyunun ortalarında təhvil verilməli idilər.

Taleh və Saleh adlı qardaşlar da işə başlayanda ilkin ödəniş olaraq Elmirlə Yaşara 10 min manat verdim. 15-20 gün sonra Elmirlə Yaşar ustalara vermək adı ilə yenidən məndən 10 min manat tələb etdilər. Mən də bu pulu Yaşara verdim. Bir müddət keçəndən sonra, təxminən 2015-ci ilin iyun-iyul aylarında Elmirlə Yaşar qaçaraq Türkiyəyə getdilər. İşin yarımçıq qalmaması üçün başqa yerdən briqada gətirdim. Gələn briqada yarımçıq qalan işi görmək istəmədi. İşin davamını yenidən Valeh və Saleh adlı ustalarla razılaşdım”.

“Elmiri təhqir etdim”

Ramil Aslanovun ifadəsinə görə, danışdıqları 32 min manat məbləğində pulun hissə-hissə olaraq 25 min manatını Elmirlə Yaşara verdiyi üçün, qalan 7 min manat pulu usta işləyən Salehə verib: “Elmir və Yaşarla aramızda olan danışığa əsasən, fasadın üzlədilməsi üçün materiallar sonuncular tərəfindən alınmasına razılaşdığımıza baxmayaraq həmin şəxslər işi yarımçıq qoydu”.

Təqsirləndirilən şəxs bildirib ki, 2015-ci ilin oktyabrın 7-də Yaşar Türkiyədə olduğu üçün Elmir, Saleh və Valeh adlı ustaları götürərək tikinti aparılan evə gətirib: “Elmirdən danışdığımız məbləğdən əlavə olaraq 7 min manat artıq xərcimin çıxdığı üçün həmin pulu istədim. Elmir mənimlə mübahisə etməyə başladığı üçün əsəbiləşdim, onu təhqir etdim. Bu zaman nə özüm, nə də qardaşım Vasif Elmiri vurmamışıq. Sadəcə mübahisə zamanı əsəbləşərək Elmirin əlini divara vurmuşam, onu evin həyətindən qovmuşam”.

“Məni və qardaşımı hədələdi”

Digər təqsirləndirilən Vasif Aslanov da istintaq zamanı hadisəni qardaşının ifadəsinə uyğun danışıb. O, əlavə edib ki, mübahisə zamanı Elmir onu və qardaşı Ramili hədələməyə başlayıb: “Elmiri ora Salehgil gətirib. Həmin vaxt Elmir pul istəyib. Ramil isə hirsli olduğu üçün Elmirin qolundan tutaraq darvazadan çıxarıb. Elmir bundan sonra məni və qardaşımı hədələməyə başlayıb. Sonra Ramil Elmirin ustaları olan Salehgili də evdən qovdu.

Elmirgil oradan çıxaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şikayət etməyə getdilər. Səhəri gün Ramilə 16-cı polis bölməsindən zəng vuruldu. Bizi izahat vermək üçün bölməyə çağırdılar”.

“Dedi ki, istəyirsən hər ikinizi içəriyə basdırım”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elmir Həsənov bildirib ki, 2015-ci ildə Nərimanov rayonunda villada iş görmək barədə razılaşıb və sonradan pul məsələsi ilə bağlı Ramil Aslanovla mübahisə ediblər.

Onun ifadəsinə görə, mübahisə zamanı Ramil və onun qardaşı Vasif onu döyüblər: “Ramil mənim köynəyimin yaxasını cırdı, lüt vəziyyətdə villanın zirzəmisinə salacaqları ilə hədələdi, sonra da məni təhqir etdi. Ramil dedi ki, bilmirsən biz kimik? Bilmirsən ki, bura kimin evidi? Həmin hadisə Valeh və Saleh adlı ustaların yanında baş verib. Bu zaman Ramil ilə Vasif Salehlə Valehi evin həyətində qovdular. Bundan sonra həyətdə olan jalüzi və dəmir qapını içəridən açarla bağladılar.

Ramil dedi ki, burada qalacaqsan, şərikinlə sən pul yemisən, şərikin Yaşar Türkiyədən 10-15 günə gəlir, onda burada çıxarsan, istəyirsən onu bu dəqiqə bura gətizdirim. Ramil hədələdi ki, istəyirsən hər ikinizi içəriyə basdırım. Həyət qapıları bağlı, divar hündür olduğu üçün bayıra çıxa bilmədim. Təxminən 30 dəqiqə orada saxlanılmışam.

Sonra Ramil və Vasifin başı qarışdığı zaman başqa adam qapını açdığı üçün bayıra qaçdım. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”.

Elmir Həsənov bildirib ki, 7 oktyabr 2015-ci il tarixdə Ramil və qardaşı Vasifin onu döydükləri zaman padvala salmaları ilə hədəni telefon vasitəsi ilə qeyd edib. O, həmin səs yazısını istintaqa təqdim edib.

Qeyd edək ki, Teymur Quliyev ötən il həbs edilib. O, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinir.
Teymur Quliyevin barəsində olan cinayət işi üzrə istintaq hərəkətləri Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq idarəsində aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər