Minə yaxın vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirdiyi üçün Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən “GEN” MMC-nin baş mühasibi Əliyar Abbasov azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Əliyar Abbasov cəzasının qalan hissəsini məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət edib.
Nizami Rayon Məhkəməsi Əliyar Abbasovun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin etməyib. Qərardan narazı qalan Əliyar Abbasov apelyasiya şikayəti verib.
Əliyar Abbasovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Qədim Babayevin icraatına verilib. Artıq apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Məhkəmə baxışı aprelin 22-nə təyin olunub.
Qeyd edək ki, “GEN” MMC-nin baş mühasibi Əliyar Abbasov 2008-ci ilin iyulun 1-də həbs edilib. GEN” MMC-nin rəhbəri Elbrus Əliyev isə həmin ilin n iyunun 11-də həbs edilib. İstintaq dövründə dəstə daha da genişlənib və 11 nəfər barəsində həbs qərarı çıxarılıb. Onlar minə yaxın vətəndaşa ev tikmək adı ilə aldadaraq milyonlarla manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.
Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmənin 13 may 2010-cu il tarixli hökmü ilə GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 12 il, Nəbi Məmmədov 11 il, Həbib Ağayev, Asif Ələmov, Əliyar Abbasov və Ramil Əliyev 10 il, Kamran Əhmədov 9 il, İlkin Səfərov 8 il, Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, həmin şəxslərin əmlakları müsadirə olunub.
Onların arasında zaminə buraxılmış 4 nəfər də məhkəmə zalında həbs edilib.
Məhkum olunan şəxslər Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunublar.
Hacı Zeynalov