Bakının Sabunçu rayonunda borc üstündə yaranan mübahisə cinayətlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Balaxanı qəsəbəsi, Aryom deyilən ərazidə baş verib.
Yevlax rayon sakini, 1967-ci il təvəllüdlü Xəqani İsmayılov Tahir adlı tanışına 400 manat borc verib. O, həmçinin tanışına bir neçə gün istifadə etməsi üçün “Samsung” markalı mobil telefonunu da verib.
Tanışlar Artyom deyilən ərazidə rastlaşan zaman Xəqani İsmayılov Tahirdən həm verdiyi borcu, həm də mobil telefonunu verməsini tələb edib.
Bu zaman tanışlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Tahir adlı şəxs Xəqani İsmayılovun qarın nahiyəsinə daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirib. Xəqani də Tahiri yumruq zərbəsi ilə vurub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov