Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun barəsində olan hökm ləğv edilməyib.
Bu barədə Teleqraf.com-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib. Bildirilib ki, bu ilin mayın 6-da təqsirləndirilən şəxslərin barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
“İclasda bəzi qaydalarla bağlı tərəflər məsələ qaldırılıb. Qaldırılmış məsələlər əsasən Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclaslarının qeydləri ilə bağlı olub. Bir qayda olaraq apelyasiya şikayəti hərəkətsiz saxlanılıb və iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılıb. Protokollara əlavə qeydlər olandan sonra apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdiriləcək”, -deyə məhkəmədən bildirilib.
Məlumata görə, Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası üzrə qərar elan edilməyib.
Bildirilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: “Yaxın günlərdə şikayət üzrə məhkəmə prosesi hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada davam etdiriləcək.
Qeyd edək ki, mayın 7-də Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun şikayəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi və işin yenidən birinci instansiya məhkəməsində davam etdirilməsi barədə məlumat yayılmışdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Baxışov 14 il, Ruslan Cəfərov 14 il, Eldost Quliyev 13 il, Məməmmədşah Məmmədəliyev 13 il, Əhməd Həsənov 14 il, Maarif Mərdanov 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
İttihama görə, təqsirləndirilən şəxslər BMT-nin terror təşkilatı elan etdiyi İraq Şam İslam Şam Dövlətinin (İŞİD) qanunsuz silahlı birləşmələrində iştirak etmək üçün Suriya Ərəb Respublikasına gediblər. Onlar Gürcüstan ərazisindən Türkiyənin Hatay vilayətinə gəliblər.
Hatay vilayətindən də Suriyaya keçib qanunsuz hərbi birləşmələrə qosulublar. Orada insanların sağlamlığının pozulması, kütləvi qırğınlarla nəticələnən partlayışlar hazırlayıblar. Lakin iradələrindən asılı olmayaraq cinayəti başa çatdıra bilməyiblər.
İttihamda təqsirləndirilən şəxslərin məcburən Suriya ərazisindən çıxarıldığı vurğulanır. Türkiyə ərazisindən Azərbaycana gəldikləri, müxtəlif vaxtlarda Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbsə alındıqları göstərilir.
Hacı Zeynalov