Şəki Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Aydın Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə Qax rayonunun Qaşqaçay kəndində qeydə alınıb. Kənddə yerləşən kafelərdən birində yeyib-içən iki həmkəndli arasında yaranan əl-qol davası birinin ölümü ilə nəticələnib.
Qaşqaçay kənd sakini 37 yaşlı Aydın Babayevlə həmkəndlisi 44 yaşlı Azad Əmrahov içkili vəziyyətdə həmin kafeyə gəliblər. İçkili olduqları halda hər birinə əlavə bir şüşə pivə içəndən təxminən yarım saat sonra dostlar arasında müsahibə yaranıb. Onlar münasibətlərini aydınlaşdırmaq üçün kafeden 30-40 metr aralanıblar. Mübahisə zamanı Azad Əmrahov yerə yıxılıb və başı daşa dəyib. O elə hadisə yerindəcə dünyasını dəyişib. Dostların nə üstündə mübahisə etdiyini isə hələlik heç kim bilmir.
Hadisə yerindən uzaqlaşan Aydın Babayev isə keçirilmiş əməliyyat tədbiri nəticəsində kənd ərazisində saxlanılıb.
Qeyd edək ki, həmkəndli olan Aydın Babayev və dünyasını dəyişən Azad Əmrahov birlikdə ustalıqla məşğul olublar. Həmin gün də kəndə gəlməzdən əvvəl birlikdə yeyib-içiblər.
Aydın Babayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Məhkəmənin hökmü ilə Aydın Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını təmin edib. Aydın Babayevdən 1605.6 manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi barədə qərar qəbul edilib.
Hacı Zeynalov