Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Raci Babayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Raci Babayev 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində "Müsəlman Birliyi" adlanan təşkilatın rəhbəri Taleh Bağırov və təşkilatın 13 üzvü saxlanılıb. Əməliyyat zamanı polislə təşkilat tərəfdarları arasında baş verən qarşıdurma zamanı ikisi polis olmaqla 6 nəfər həlak olub.
Taleh Bağırov Cinayət Məcəlləsinin 120 (qəsdən qətl törətmək), 214 (terrorizm), 220 ( kütləvi iğtişaşlar), 228 (qanunsuz silah və hərbi sursat saxlamaq), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili), 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılması), 281 (dövlət əleyhinə açıq çağırışlar etmək), 283 (dini düşmənçiliyin salınması), 315 (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməklə müqavimət göstərmək), 278 (hakimiyyətin zorla ələ keçirilməsinə cəhd) maddələri ilə ittiham edilir.
Bu cinayət işi üzrə 20-dən çox şəxsin işinə Sabunçu rayon Məhkəməsində baxılır.
Hacı Zeynalov