10 Mart 2017 13:16
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Darıxma” deyən dostlar...

Darıxa-darıxa öyrəşdim, darıxmağa öyrəşdim; bu darıxmaq “yol getsə, yolu darıxan” şairin darıxmağı da deyil, bu darıxmağı danışmağa dil aciz, təsvir eləməyə söz aciz, eşidib-duymağa bəndə aciz; çox danışdım, çox əlləşdim təsvir eləməyə, amma necə darıxdığımı deyə bilmədim, təsvir eləyə bilmədim, özümdən və Allahdan savayı bilən olmadı necə darıxıram.

Bu darıxmaq o qədər çoxdan başladı, o qədər uzun çəkdi ki, darıxmadığım yadıma gəlmir daha, məni vəfalı bilən dostların axırda tək qoymağa layiq bildiyi, qapını örtüb getdiyi yadıma gəlir ancaq.

Qapını örtüb getdi dostlar, sonra elə hey “darıxma” dedilər, “özündən muğayat ol” dedilər, “özünü qoru” dedilər, daha demədilər necə darıxmayım, darıxıram axı, darıxa-darıxa özümdən necə muğayat olum, özümü necə qoruyum; qapını çırpıb getdi dostlar, sonra “darıxma” demədilər də heç, bilmədilər necə darıxıram.

Ayrılıb getdikcə dostlar – ağrıdım, amma darıxmağı cəfa bilmədim, darıxa-darıxa darıxmağa öyrəşdim, çox öyərşdim artıq, barışdım darıxmaqla.

“Darıxma” deyən dostlar...


Müəllif: Hikmət Sabiroğlu