Sosial şəbəkə dostum Aygün Muradxanlının bir statusu diqqətimi çəkdi və düşündüm ki, bu barədə fikirlərimi ayrıca köşə şəklində yazım. Bilmirəm, sizin üçün nə qədər ciddi bir mövzudur, amma mənə elə gəlir ki, cəmiyyətin problemləri məhz bu cür şeylərdən – kafedən, çayxanadan, avtobusdan, metrodan, küçədən başlayır.
Deməli, Aygün xanımın yazdığına görə, Xocalı soyqrımı günü metroda başına bir hadisə gəlib. Qatar “Ulduz”da dayanıb və o cür kimsəsiz, yetim stansiyasından gənc və nazlı bir xanım içəri daxil olur. Aygün Muradxanlının dediyinə görə, qatarın qapı tərəfi adamla dolu, ortası isə boşmuş. Elə buna görə də gənc xanım adamları çiyni ilə itələyib tən ortaya gəlir, dayanır və uzaqdan camaata əsəbiləşir.
– Barrranııı... – yüksək səslə deyir, yəni qoyunlar!
Aygün xanım deyir ki, qulağım eşidə, gözüm görə-görə millətimə “iylənmiş qoyun” deyən məxluqa təpki vermək üçün beynim və əzələlərim səfərbər oldu.
– Baran sənin nəslindi, zibil!!!
Ancaq xanım əfəndi ona əhəmiyyət vermir, telefonuna qulaqcıq taxa-taxa neştər dilini yenidən onun beynimə saplayır:
– Baranı vanyuçiee...
Aygün Muradxanlı isə təzədən hislərini, emosiyasını cilovlaya bilməyib, ictimayi bir yerdə əl atıb qızın qulaqcığını qulağından çıxarır, deyir ki, bu gün Xocalıdır, matəmdir, sən niyə musiqiyə qulaq asırsan? Hələ mənim millətimi təhqir də edirsən? Hıy? Mədəniyyətsiz, mənəviyyatsız, heyvərə, zırrama, qoyun kimi sözlərin hamısını camaatın içindəcə qızın üzünə çırır. Dediyinə görə, qatarın içində əməlli-başlı əlbəyaxa olmaq da istəyirlərmiş, millət qoymur, aralaşdırır. Axırda rusdilli xanım azərbaycandilli xanımdan qorxub geri çəkilir, qatardan düşüb qaçır.
Bundan sonra ürəyi sakitləşməyən hörmətli vritual dostum belə bir status yazıb. Statusa rəy yazanlar isə əsasən, Aygün xanımın tərəfindədir. Ona təşəkkürlərini çatdırır, əsl Azərbaycan xanımına layiq bir hərəkət etdiyini bildirirlər. Mən isə düşünürəm, xalqımızın dilində gözəl bir ifadə var: hərə öz sözünün göyçəyini deyir. Əvvəla, hələ bilinmir ki, belə bir hadisə olub, yoxsa bunlar Aygün xanımın təxəyyül məhsuludur. İkincisi, olubsa da, hələ bilinmir ki, Aygün xanım məsələni olduğu kimi ifadə edir, yoxsa təhriflər eləyib. Üçüncüsü, lap o, hadisəni özünə sərf eləyən formada yazıbsa da, yenə ortaya suallar çıxır.
Əvvəla, Aygün xanın metro qapısının ağzında dayanan 10-15 adama niyə millətim deyir? İkincisi, Aygün xanımın təbrincə desəm, onun milləti nə üçün qatarın ortasında boş yer ola-ola qapının ağzına yığılır? Üçüncüsü, onun üstünə acıqlandığı, ən kobud sözlərlə təhqir etdiyi rusdilli xanımın nə üçün o şəkildə əsəbiləşdiyini Aygün xanım dəqiqmi bilirmi? Bəlkə qatarın qapısı ağzına yığılan 10-15 nəfər həmin gözəl, nazlı və zövqlə geyinən xanımı basa-basa salıb çimdikləyiblər, əlləyiblər, dadına-duzuna baxıblar. Bu hərəkət isə onun əsəblərinə, sinir sistemlərinə toxunub. Ola bilməzmi? Yoxsa bizim millət belə bir şey eləməz?
Əslində, ortaya çox suallar çıxır. Xocalının isə bu məsələyə ümumiyyətlə, dəxili yoxdur. Bir halda ki, adam əlində kolonka gəzdirmir, qucağına televizor alıb camaata konsert vermir, narahat eləmir. Bir halda ki, adam metroya minir, qulaqcığını da keçirib musiqiyə qulaq asır. Burda qadağan olunası nə var ki? Nə olsun 26 fevraldır? Bəlkə adam əsəb xəstəsidir. Bəlkə həkim ona məsləhət görüb ki, daim musiqiyə qulaq assın. Xocalı bizim milli faciəmizdir. Bəlkə xanımın şəxsi faciəsi onun üçün daha dözülməzdir. Burda qəbul olunmayan nə var? Xocalının intiqamını “Ulduz” metrostansiyasında bir zəmanə uşağından almaqla mənə elə gəlir ki, Aygün xanım heç doğru eləməyib.
Düzü, belə hadisələr mənim qarşıma dəfələrlə çıxıb. Bir dəfə eskalatorda yorğun-arğın üzü aydınlığa tərəf qalxırdım. Birdən gördüm ki, arxadan bir qadın qaranəfəs üzü yuxarı çıxır. Qəfildən onun çiyni başqa bir qadının çiyninə toxundu və bunlar bekarçılıqdanmı, kasıbçılıqdanmı, avaraçılıqdanmı tutaşası oldular. Camaat isə qıraqdan tamaşa eləyirdi. Qadının biri o birisinə nə desə yaxşıdır? Geyimindən bilinir ki, sən pozğunsan. O birisi də qayıtdı ki, yaxşı eləyirəm, sənin kimi kəntoş deyiləm ki... Qarşı tərəf buna dözmədi, bilmədi nə desin, hiss olunurdu ki, ürəyi partlayır. Və qəfildən ağlına gəlir ki, onun millətini söyüsün, təhqir eləsin, bununla da ürəyi soyusun. Əslində, eyni millətdən olan bir qadın o birisinə deyir:
– Erməni yaxşı eləyib sizi qırır.
Bu məqamda qıraqdan bir kişi erməni söhbətinə dözmədi.
– Ay arvad, ağzına gələni danışma, şəhidlərimizi niyə təhqir eləyirsən?
Cavan bir oğlan da söhbətə qoşuldu və kəntoş deyilən arvadı müdafiə elədi. Başqa biri qayıtdı ki, ikinizin də damarlarında erməni qanı axır, ona görə onun tərəfində durursan. O biri tərəfdən isə milli-mənəvi dəyərlərə sadiq bir ağsaqqal gəldi, qayıtdı ki, püşk atacam, hansınızın adı birinci çıxsa demək, o haqlıdır. Məlum oldu ki, ağsaqqalın marağı pozğun deyilən qadının əvvəlcə adını öyrənib, sonra telefon nömrəsini almaqmış.
Ağasaqqal da işə yaramayandan sonra post patrul gəldi. Metronu səs başına götürmüşdü. Biri deyir ki, mənim millətimi söyən hələ anasından olmayıb, o birisi deyir ki, vətən uğrunda canından keçənlərimizin ruhu bu həqarətə dözəcəkmi? Biri Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini əzbər dedi. Hətta metronun alverçiləri də işə qarışdı, dava meydan hərəkatına kimi gedib çıxdı. Elçibəydən-zaddan da söz düşdü. Halbuki, bir arvadın çiyni o biri arvadın çiyninə dəymişdi və məsələ də yüngülvari bir üzrxahlıqla həll oluna bilərdi. Xan isə Mirzə Cəlil demiş, Novruzəliyə baxıb bir qədər fikrə getdi...