13 Aprel 2018 09:00
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yazılarımızın birində unudulmuş azərbaycanlı mühacir Həsən Kərbəla haqqında məlumat verdik. Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində bu siyahını davam etdirəcəyik.

Budəfəki yazımızda unudulmuş 4 mühacir haqqında qısa məlumat verəcəyik.

***

Əbdül Özaydın

Mühacir Əbdül Özaydın 1891-ci ildə Bakıda doğulub. 1911-ci ildə Müsavat Partiyası qurulduğu zaman təşkilata üzv olub. Bolşeviklərin 1929-1930-cu illərdə millətçilərə qarşı apardığı repressiya illərinə Qarabağa qaçıb, oradakı partiyadaşlarının köməyi ilə Cəbrayıl qəzasından İrana keçə bilib. Lakin özü xilas olsa da, ruslar ailəsini, iki qızını Qazaxıstanın cənubuna sürgün edib.

1931-ci ildə İrandan Türkiyəyə keçən Əbdül bəy Van şəhərində yerləşib. 15 oktyabr 1970-ci ildə bu şəhərdə xərçəng xəstəliyindən vəfat edib, “Qəriblər” məzarlığında dəfn olunub.

“Azərbaycan” jurnalında xərçəngdən əziyyət çəkdiyi illərdə mühacir yoldaşlarına dediyi bu sözlər yazılıb: “Mən Azərbaycanın istiqlalı mücahidlərindənəm və Müsavat Partiyasının cızdığı yoldan əsla ayrıla bilmərəm. Bu yolda varımı, yoxumu, ailə üzvlərimi fəda etdim. Buna görə üzülmürəm də, çünki böyük öndər Məhəmmədəmin Rəsulzadə Azərbaycanın adını tərif edərkən “Azərbaycan kiçik Türkiyədir” deyib.

Bax, bu kiçik Türkiyənin, Azərbaycanın istiqlalı uğrunda mücadilə apardım, təəssüf ki, bu istiqlal günəşini Azərbaycanın üfüqlərində doğmasını görməyə ömrüm vəfa etməyəcək. Öldüyüm zaman məzarıma bunu yazın: “Amalına nail olmayan və “istiqlal, istiqlal” deyə həsrətlə can verən Əbdül Özaydın”.

Özaydın Türkiyədə ailə həyatı qurub, xanımının adı Refia olub.

Çingiz Yurtçu

Mühacir hərbçilərimizdən Çingiz Yurtçu Şaxtaxtlılar nəslindən olub. 1919-cu ildə Bakıda hərbi məktəbi bitirib, Azərbaycan ordusunda xidmətə başlayıb.

Azərbaycanın istilasından sonra bolşeviklərə qarşı mübarizə aparıb, sonra Türkiyəyə mühacirət edib. Mustafa Kamal Paşanın rəhbərliyi ilə Türkiyənin istiqlal savaşı başladığı zaman yüzbaşı kimi bu müharibəyə qatılıb, yunanlara qarşı aparılan şiddətli döyüşlərdə bir ayağını itirib.

“Azərbaycan” jurnalındakı nekroloqa görə, Yurtçu ayağını itirməsinə görə həmişə belə deyərmiş: “Anadolu istiqlal savaşında qazi oldum, kaş ömrüm vəfa etsin, Azərbaycanın İstiqlal hərbində də şəhid olum!”

Çingiz Yurtçu 1961-ci il yanvarın 4-də vəfat edib, ertəsi gün günorta Bağdad küçəsi üzərindəki Ərənköy məscidində cənazə namazı qılındıqdan sonra Qaraca Əhməd məzarlığında dəfn edilib.

Məhəmməd Gəncə

Mühacir Məhəmməd Gəncə 1909-cu ildə Gəncədə doğulub. Bolşeviklərin Gəncəni ələ keçirməsindən sonra mühacirətə gedərək 1921-ci ildə Qars şəhərində məskunlaşıb. Kazım Qarabəkir paşanın yaratdığı hərbi məktəbə daxil olan Gəncə Ərzincan hərbi orta məktəbini, hərbi liseyi və hərb məktəbini bitirərək 1931-ci ildə zabit kimi fəaliyyətə başlayıb.

Mustafa Kamal Atatürkün mühafizə alayında yer alıb, hərbi sahədə uğurlar qazanıb, Ankara Ordu Evinin müdiri olub. Hərbi vəzifəsindən istefa verdikdən sonra bizneslə məşğul olub.

1940-cı ildə Ankarada Nəriman adlı xanımla ailə həyatı qurub, iki qızı, iki oğlu dünyaya gəlib. Övladlarından Durul Gəncə Türkiyənin tanınmış sənətçilərindən olub.

Azərbaycan Kültür Dərnəyinin Danışma Məclisinin üzvü olan Məhəmməd Gəncə 1978-ci il iyulun 28-də 69 yaşında Ankarada vəfat edib.

Saleh Gəncə

Saleh Gəncə 5 may 1917-ci ildə Gəncədə doğulub, ilk təhsilini orada alıb. 1930-cu ildə 13 yaşında ikən Türkiyəyə mühacirət edib, orta təhsilinə İstanbulda davam edib.

1936-cı ildə liseyi bitirdikdən sonra İstanbul Universitetinin ali kimya mühəndisliyi bölümünə daxil olub. Ali təhsil aldığı müddətdə Süleymaniyyə qız məktəbində, Vəfa liseyində, Fatih qız məktəbində, Pertevniyal liseyində köməkçi müəllim kimi çalışıb.

1944-cü ilin fevralında fakultədən məzun olub. 6 aprel 1944-cü ildə Hikmət adlı xanımla ailə həyatı qurub.

Saleh Gəncə bu dövrdə Paşabaxça içki fabrikində, sonra Diyarbəkir və Qaziantəpdə rakı və şərab fabriklərində çalışıb. 1944-cü ilin oktyabrında hərbi xidmətə yollanıb, Qırıqqala barıt fabrikində ehtiyatda olan zabit kimi xidmət edib. 1947-ci ilin aprelində ordudan tərxis olub. Həmin tarixdən etibarən 1948-ci ilin fevralına qədər Ankara Dikmen şərabxanasında çalışıb.

1948-ci ilin mart ayından etibarən əvvəlcə Pertevniyal liseyində, ardınca Kabataş oğlan liseyində və özəl Şişli Tərəqqi liseyində kimya müəllimi kimi çalışıb.

Saleh Gəncə 3 aprel 1969-cu ildə infarkt nəticəsində vəfat edib.

Onun İstanbuldakı evi həm Türkiyədəki azərbaycanlıların, həm də Azərbaycandan gələn şəxslərin qonaq qaldığı yer olub. Evinin bir otağını məhz Azərbaycandan gələn qonaqlar üçün hazır şəkildə boş saxlayırmış.


Müəllif: Dilqəm Əhməd