Yaşamaq! Etiraz, mühakimə edərək yaşamaq. Sizif nəhəng daşı dağa qaldıra bilmir, amma intihar da etmir.
Birmənalı görünsə də, həyata bir anlam qazandıran tutulacaq bir dəstək həmişə var, tapılır. Sizif üçün bu dayaq dağın zirvəsinə qaldıra bilmədiyi nəhəng daşdır. Daş zirvəyə çatmamış yenidən dağın ətəyinə yuvarlanır, Sizif yenidən cəhd edir, amma səyi nəticəsizdir. Halbuki sonsuz işgəncə ilə cəzalandırılmış Sizif bu günədək çoxdan intihar etməli idi. Amma yaşamaq səyləri əvvəlcədən nəzərə alınan bir ölümə, bir intihar duyğusu isə yenidən başlamaq istəyinə - həyatla sövdələşməyə, daha doğrusu ölüm qorxusuna bərabərdir. Əlbəttə intihar məntiq və duyğular arasında bir ayrı-seçkilikdir. Buna insanın öz-özünə irqçiliyi də demək olar.
İntiharı “mən və başqaları” da adlandırmaq olar. Burada hər nə qədər “mən” üstün tərəf kimi nəzərə alınsa da, özünü məhv etmək qərarı verən insan həmişə özünü əzdiyi bu “mən”in zirvəsindən uçurumun dibinə atır, atmaq istəyir. Beləliklə, o fərd və ya “mən” üçün son anda müzakirə etdiyi həyatın absurdluğu iddiası öz təsdiqini tapır. Amma burada həyatın absurdluğu son anda toxunulan məsələdir, yəni məsələ özünü məhv etməkdirsə, buna toxunulmaya da bilərdi.
Başqa sözlə, həyatın absurd olduğu iddiası reallıqla hisslərin toqquşmasından ortaya çıxmalıdır. Amma intihar bu qarşıdurmada duyğular bazasına daha yaxındır. Bu qarşıdurmada şüuraltı – duyğular bazası həmişə etirazçıdır, hisslər isə həqiqətlərə - reallığa müxalifətdədir. Amma bu toqquşma bütöv həyatın anlamsız olması demək deyil, daha doğrusu, bu proses iki fərqli qütbün, hisslər və həqiqətlərin bir-birinə çırpılmasından doğmur. İntihar arzusu bu xaosun içindən boylanmır.
İntihar duyğusu insana özünüdərk şüuru qazandırır. Bu, beyində həyatı süni mühakimə prosesinin başlanğıcıdır. Bu prosesin sonunda insan həyat və özünün absurd olduğu duyğusunu inkar da edə, bunları qəbul edib intihar duyğusuna və ya qərarına haqq qazandıra da bilər.
Şübhəsiz insan içində mövcud olduğu kainatla iç-içədir, ona bağlıdır. Bu mövcudluq bir təsadüf kimi görünə, insan baş verənləri belə qəbul edə bilər, amma daxili mühakimələrin yaratdığı suallar bütün təsadüfləri rədd edir, heç nəyin təsadüf olmadığı ehtimalını bir məntiqi nəticəyə calayır. Son anda insanı intihar düşüncəsindən, absurd və ya təsadüfilik duyğusundan uzaqlaşdıran da bu calaqlar, yamaq və ya bəhanələrdir. Əlbəttə, burada “bəhanə” dediyimiz anlayışı hərfi mənada başa düşmək olar, təbiət öz-özünü inkar edib məhv etməyə meylli olmadığı kimi, insan da öz-özünü öldürməyə həvəsli deyil. Bəhanə yox, zərurət. Çünki insan etiraz, suallar və mühakimə yaradacaq amillərlə heç vaxt razılaşmaq istəmir, ya da razılaşmır.
İnsan birmənalılığa, hər şeyin bir qayda olaraq öz şüur və məntiqinə tabe olmasına meyllidir. Həyat isə heç vaxt birmənalı olmayıb, əvvəl absurd olduğu ehtimalı ilə intihara yaxınlaşdıran, sonra isə bu nöqtədən uzaqlaşdıran həyat anlamsız ola bilməz, olmamalıdır. Ən dibə enən mühakimələr, düşüncələr isə ən ağır həqiqətlər qarşısında tərpənməz heykələ çevrilmək arzusuna əsaslanır. İnsan içində gizlədərək bəslədiyi o laqeyd, qayğısız heykəl olmaq arzusundadır, mühakimə etmək istəmir, amma edir. Bu, insan olmaqdan başqa bir çıxış yolu olmayan insan üçün bir zərurətdir, bütün etirazlar buna görədir. İntihar belə…
Yaşamaq taledir, intihar bu seçimin yanlışlığını təsdiq etmək üçün yoxlanılan variantlardan biridir. İntihar heç vaxt seçim olmayıb, bir nəbz yoxlanışıdır, yaşamaq isə qazanılan bir nəticədir, həmişə də belə olub.
İntihar tale deyil.
Yaşamaq seçimdir.
İntihar seçim deyil.
Yaşamaq taledir.
İnsan heç vaxt özünü yox etməyə meyl etməyib, yaşamağa həvəs göstərib. İntihar, özünü hər şeydən tez həvəsdən salmağa meyl göstərən hər fərdə görə qaçış üçün açıq saxladığı arxa qapıdır. Həmin fərdə görə, günah cəmiyyətdədir, “kütlə” adlandırdığı fərdlər toplusunda. O fərdə görə, cəmiyyət bəlli çərçivədə öz ibtidai dəyərləri olan, bütün yenilikləri, düşüncələri rədd edən, həqiqətlərin başı üzərində Damokl qılıncı yellədən, üzərinə Sizifin nəhəng daşını qaldırıb əzmək istəyən, başqalarının azadlıqlarını məhdudlaşdıran, kimsənin bu çərçivədən kənara çıxmasına icazə vermək istəməyən, həmişə özünə oxşarı alqışlayan təlxək yığınağıdır. Yenə həmin fərdə görə, o həmişə haqlıdır, bu çərçivədən kənara çıxmaq üçün həmişə bir dayağı var. Cəmiyyətin bir üzvü olan hər fərd özündən bu qədər əmindir, bu iddiaya görə, intihar düşüncəsinə söykənən arqmunetlərinin, mühakimələrinin müdafiə etdiyi haqlı tərəfləri mütləq var. Lakin fərd cəmiyyətdən qaçışın, önyarğılar və bu mühakimlərin – intihara söykənən düşüncələrinin əslində hər kəsdən əvvəl özünə olan bir etiraz, daxilində özünə qarşı baş qaldıran özünəinamsızlıq xaosu olduğu gerçəyini də bilmir, bəlkə də bilmək istəmir.
Əlimizdə həyatın absurdluğunu isbat edəcək dəlillər olmasa da, həyatın anlamı elə bu mühakimələr, nəzəri dəlillərdir. Bizi isbat etməsə belə.
Əlbəttə, bu düşüncələr bizə həyatın anlamına dair istədiyimiz faktları vermir, amma mütləq insanı ölümdən çox yaşamağa daha yaxın olduğuna dair bir məntiqli düşüncəyə gətirib çıxara bilir. Əlimizdə olan yeganə dəlil budur ki, bizi sübut edə biləcək heç bir fakt yoxdur. Amma bu fakt həmişə etirazçı mövqedə dayanan insanı heç vaxt qane etməyib, etmir. İntihar duyğusunun da bu zaman dövriyyəyə girdiyini iddia edə bilərik, amma özünü məhv etmək qərarı vermiş insan üçün həyatın absurd olduğu iddiası ən son mərhələdə müzakirə edilir. Bu isə müzakirə olunmadan, müxtəsər bir cümlə ilə həyatın absurd olduğuna dair hökmün verildiyi qısamüddətli daxili məhkəmə prosesidir. İntihar duyğusuna gəlib çıxanadək insan həyatdan çox günahı başqalarında görən, cəzalandırılacağından əmin olan müttəhimə bənzəyir.
Əgər absurdluq bir həqiqətdirsə, bununla kifayətlənmək olar, əlbəttə bu da insanı sakitləşmir, mühakimə həmişə davam edir. İnsan özünü günahkar görməyəcək bir məhkəmə prosesinin kürsüsündə əyləşib. Hələliksə, bu kürsüdən həyatın anlamına dair gördüyümüz yeganə həqiqət onun absurd olmasıdır. İntihar duyğusunun da bu absurdun içindən boylandığı düşünülür. Amma insan həyatı sorğuladığı qədər intiharın səbəblərini sorğulamır, günahı özündə yox, başqaları və həyatda görür, bu fərdə görə, intihar həyatın absurd anlamı ilə iç-içə bağlıdır, biri digərindən ayrı deyil. Yəni intihardan az əvvəl həyatın absurd tərəfləri nə qədər gözə çarpırsa, mühakiməyə yer verilirsə, özünüməhv prosesi özünə o qədər məna qazanır.
Əslində insanı intihara aparan əsas faktor həyatın absurd anlamı deyil. Həyat absurd olsa da, intihar birbaşa bu anlama yüklənmir, ona dayaq tapmır. Ona özünüməhv duyğusu təlqin edən problemə adekvat cavab tapan insan intihar meylindən uzaqlaşır, amma bu da həyatın absurd olmadığı demək deyil. Hansısa məntiqə əsaslanan bir düşüncə və ya intihara aparan problemə tapılan hansısa bir cavab həyatın insan iradəsinə tabe olduğu ehtimalı yaradır. Yəni onu intihardan uzaqlaşdırır. İnsanlar bunu “xırda şeylərlərlə xoşbəxtlik” adlandırır. Yəni insan həyatın anlamına dair tapdığı cavabı “absurd”, yəni, “nəticəsiz səylər” adlandırırsa, buna görə özünü məhv etmək məntiqli olmazdı. İnsan həyatın absurd anlamına görə özünü yox etməyəcək qədər eqoistdir. Amma çevrəsini öz orbitinə daxil edə bilmədiyi üçün özünü yox edə biləcək qədər də eqoistdir. Yəni intihar özünə “ofisiant xidməti”dir – başqaları sənə xidmət etmirsə, bunu sən özün üçün etməlisən.
Çünki insan özünü məhv etməzdən əvvəl düşündüyü kimi, özündən sonrakı mənini də nəzər alır. İnsan sonadək düşünür, götür-qoy edir. Əgər bu məhvin son nəticəsində güddüyü bir mənfəəti yoxdursa, özünü məhv etməzdən əvvəl düşünür, götür-qoy edir. İnsan özünü fiziki olaraq yox etməzdən əvvəl ölməyəcəyini düşündüyü kimi, bu planını həyata keçirdikdən sonra da ölməyəcəyini düşünür. Həyatın absurd tərəfi də budur, ölümsüzlük. İnsan ölümsüzlüyü axtarır, gedib-gəlib ona ilişən ölümdən birdəfəlik yaxa qurtarmağa can atır. Hələlik ölümü gördüyü üçün həyat absurddur, boş və mənasızdır. Ölümsüzlük də gözlə görülən, əldə edilən bir nəticə kimi hiss edilmədiyi üçün fiziki olaraq yox olmağın sonrası da absurd olmalıdır. Buna görə də insan üçün həyatı olduğu kimi qəbul edib-etməmək arasındakı fərq eynidir, hələlik heç biri bir məna kəsb etmir, amma həm də həmişə qayğılıdır. Şübhəylə başlayan mühakimələr həmişə yekun hökm çıxaran, ittihamları təsdiq edən, isbat olunmuş bir fakta əsaslanır. Hələlik bu fakt absurddur – bütün mühakimələrin gəldiyi yekun qənaət.
Əslində insanın görə bilmədiyi həyat budur, mühakimələrlə yaşamaq, sorğulamaqla qarşına çıxan suallara cavab axtara-axtara intihar düşüncəsini təbiətin özü ona ölüm hökmü verənədək uzatmaq. Təxirə salmaq. Bu mühakimələr və sualların çoxluğu – təxirə salınan intihar prosesi insana yaşamaq fürsəti verir.
İnsanın sona doğru özlüyündə müzakirə etdiyi məsələ budur: özünü niyə məhv etmək istəyir? Çünki intiharın ona romantik və sonsuz ölümsüzlük hədiyyə edəcəyini ehtimal edir. Absurddur. Yəni yenə insan öz tapdığını, özü inkar edir. Əgər verilən qərarın ən həssas məqamında özünü niyə məhv etməklə bağlı bir sual ətrafında baş sındırmağa başlayırsa, intihar sürətlə öz cazibəsini itirir.
Sizifi düşünün. Təsəvvür edin, daşı dağın zirvəsinə qaldıra bilməyəcəyini anlayan Sizif yorularaq özünü yuxarı qaldırdığı daşın altına ataraq əzib məhv edir. Amma Sizifin sonadək yaşamaq səyi sətiraltı da olsa, yaxınlaşmadığı bu düşüncəsini inkar edir. Sizifə hakim olan yeganə duyğu xilas olmaq istəyidir, amma bu, həyatını qurban vermək bahasına olan xilas yolu deyil. Bəlkə də Sizif bu işgəncənin sonsuzadək davam edəcəyini bilmir, ona həyat bəxş edən də bu ehtimaldır. Ehtimal, yəni ümid. Bəlkə də bu gözləntisi olmasaydı, intihar edə bilər. Sizif ölümsüzlüyün lənətinə bulaşıb, ölümün yox. Başqaları kimi…
Özünü yox etmək həyatın absurd olduğu düşüncəsinin təsdiqi yox, həqiqətləri öyrənməkdən, bu yerə gətirib çıxaran problemin həllindən imtina etməkdir. İntihar tənbəllərin, yaşamaq zəhmətkeşlərin məşğuliyyətidir. İntihar mühakimələrinin sonsuzluğu isə tərəddüddür, yəni, son anda həyat absurd olmaya da bilər. Başqa sözlə, həyatın absurd olduğunu dərk edən insan özünü məhv edə bilməz. Bəli, həyat absurddur – bu, bir cavabdır.
Həyat absurddur, intihar isə buna verilən cavab deyil. İntihar insanın özünə göstərə bilmədiyi müqavimət, etirazıdır, həyatın absurd olduğu mühakimələrinə verilən reaksiya və ya çıxarılan hökm deyil. Həyat hər nə qədər ürək bulandırsa da, intihar absurd anlama olan müxalifətçilik deyil. Anlamsızlığı bilə-bilə yaşamaq, bilə- bilə etiraz etmək – Sizif kimi…