29 Oktyabr 2021 14:02
7 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

29 oktyabr 1923-cü ildə Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini elan etdiyi zaman onu təbrik edəcək heç bir müstəqil türk dövləti yoxdu.

Həmin ilin fevralında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin Türkiyədəki səfiri İbrahim Əbilov da vəfat etmişdi, Azərbaycan isə qonşu ölkələrlə birlikdə ZSFSR tərkibində mövcudluğunu qorumağa çalışırdı.

Yeni Türkiyədə Azərbaycanı, Türküstanı, İdil-Ural, Krım bölgələrini mühacir liderlər təmsil edirdilər, amma onların da Türkiyə-Sovet dostluq münasibətlərinə görə fəaliyyətləri qısa zamanda qadağan ediləcəkdi...

Türkiyə Türk dünyasında yeganə müstəqil dövlət kimi ta 1991-ci ilə qədər bu statusda mövcud olacaqdı.

Sovetlərin dağılması ilə bu yalnızlıq bitəcək, çətin şərtlər altında olsa da, Türkiyə ilə Azərbaycan və Orta Asiyanın münasibətləri bərqərar olacaqdı. Otuz il aradan sonra isə bu münasibətlər ən yüksək səviyyədə davam edəcəkdi.

Qeyd etdik ki, Türkiyənin yalnızlıq dövründə onun yanında türk dünyasının mühacir liderləri vardı. Onlar mühacirətdə çıxardıqları jurnal və qəzetlərdə Türkiyə haqqında əzəmətli məqalələr dərc edir, Türk-Sovet münasibətlərinə baxmayaraq bu ölkəni “Anayurd” adlandıracaq qədər sevirdilər.

Azərbaycan mühacirətinin lideri Məhəmmədəmin Rəsulzadə də məhz Türkiyə haqqında bir çox yazı qələmə almışdı.

***
1933-cü il.

Türkiyə Cümhuriyyəti onuncu ilini qeyd edir.

Birinci ildə olduğu kimi 10-cu ildə də Türkiyə tənha müstəqilliyini davam etdirirdi.

Mühacir liderlər isə bu tarixi anı Avropada qarşılayırdılar. Çünki Türkiyə-SSRİ münasibətləri səbəbindən liderlər artıq Türkiyədən getmək məcburiyyətində qalmışdılar. Amma şəxsi düşünəcək qədər kiçik olmayan mühacir liderlər bu tarixi anı həyəcan və sevinclə qarşılamış, tək müstəqil dövlətin 10-cu yaşını mətbuatdakı dəyərli yazılarla qeyd etmişlər.

Rəsulzadənin Avropada çıxardığı “İstiqlal” qəzetinin 29 oktyabr 1933-cü il tarixli sayının baş məqaləsinin adı belə idi: “Yaşasın Türkiyə Cümhuriyyəti!”.

“Türkiyədə Cümhuriyyət elanının müəzzəm ildönümü münasibətilə” ifadəsini də qeyd edən Rəsulzadə bu məqaləsində köhnə və yeni Türkiyənin dəyərlərini müqayisə edib, cümhuriyyətçiliyin, demokratiyanın önəmindən yazıb.

M.Rəsulzadə cümhuriyyətin elanının mahiyyətini bu şəkildə ifadə edib: “Cümhuriyyət rejiminin qurulması ilə Türkiyədə təkcə idarə şəkli deyil, Türk cəmiyyətinin maddi-mənəvi bütün müəssisələri dəyişmiş, çürümüş Osmanlı səltənətinin yerində bütün şüunatı ilə milli demokratik yeni bir Türk dövləti qurulmuşdur”.

Məqaləsində son Osmanlı sultanını sərt tənqid edən Rəsulzadə İstanbul hökumətinin imzaladığı Sevr müqaviləsi ilə qalib Türk ordusunun komandanlarının imzaladığı Lozan müqaviləsi arasındakı fərqi bu şəkildə izah edib: “Mənhus Sevr müqaviləsi yırtıldı, məsud Lozan müqaviləsi yazıldı. Birincisi çökən imperatorluğun ölüm fərmanı idi. İkincisi isə yüksələn cümhuriyyətin doğum vəsiqəsi oldu”.

Rəsulzadəyə görə ta başlanğıc dövrlərdən etibarən millətin hakimiyyəti əsasına dayanan Anadolu hərəkatı Lozan müqaviləsindən sonra rəsmi şəkildə özünü təsdiqləməli idi: “Səltənət və xilafətin ləğvi ilə avtokratiya və teokratiya dövrünə nəhayət verən Türk milləti demokratiya dövrünə girmiş oldu”.

Rəsulzadə 29 oktyabr bayramını təkcə Türkiyənin bayramı hesab etməyib: “Bir bayram ki, təkcə türkiyəlilər deyil, hürriyyət və istiqlal üçün vuruşan əsir Şərqin bütün milliyyətçiləri onu öz ideallarının bayramı kimi görürlər”.

Rəsulzadənin məqaləsindəki ən maraqlı təsbit xilafətin ləğvi nəticəsində Türkiyənin müsəlman dünyası üzərindəki təsirinin yox olacağı düşüncəsinin yanlışlığı ilə bağlıdır. Rəsulzadə bu fikri inkar edərək maraqlı bir fikir irəli sürür: “İnqilabçı Türkiyənin müsəlman millətlərdəki hürriyyətçi zümrələr üzərindəki mənəvi təsirini bir İstanbul sarayı qətiyyən edə bilməmişdir”.

Rəsulzadə haqlı idi.

Atatürkün milli mücadiləni qələbə ilə nəticələndirməsi, inqilabi dəyişikliklərə imza atması əfqan, fars, urdu, hind kimi Şərq xalqlarına ümid qaynağı olmuşdu...

***
İki il sonra qardaş Türkiyə quruluşunun 100-cü ildönümünü qeyd edəcək. Həmin gün onun yanında bütün türk dövlətləri olacaqdır. Bəlkə də, iqtisadi və qismən siyasi birlik şəklində. Ən azından Bakıdan-İstanbula Zəngəzur dəhlizi ilə 100-cü ildönümdə iştirak etmək üçün yola düşənlər olacaqdır...


Müəllif: Dilqəm Əhməd