Üzeyir Şəfi
Sovet metropoliyasının dağılması bütöv dünya düzənində inqilabi –dəyişdirici təsiri ilə yadda qaldı. Bu tarixi hadisə eyni zamanda periferiyaların və daha kiçik subsistemlərinin müstəqilliyinin, etnikçiliyinin, klançılığın, traybal şüurun təntənəsi ilə müşayiət olundu. Sosialist sisteminin deqredasiyası ilə postsovet məkanında sonsuz bölünən effekti bütün təzahürlərilə təcəlla etdi.
XX əsrin sonu XXI əsrin əvvəli təkcə sabiq sovet məkanı üçün deyil, dünya evi üçün geo-siyasi və etnososial-siyasi sifariş zəminində köklənən milli müəyyənlik, etnosentirizm erası kimi də dəyərləndirilə bilər. Qurulmaqda olan yeni dünya inteqrasiyaya, özünütəşkilə bütün səviyyələrdə gedən differensiyasiya prosesi, xaos olmadan üz tuta bilməzdi. Çünki dunya nizamı elə ilk zühur şəraitini də xaosdan tapıb.
Bütöv dünyada, o cümlədən keçmiş sosialist məkanında gedən bu proseslərdən Azərbaycanı uzaq təsəvvür etmək mümkünsüzdür. Azərbaycan qısa zaman kəsiyində tarixin o sərt sınaqlarından üzü ağ çıxdı. Hərçənd ölkəmizdə azərbaycanlının etnik müəyyənliyi, etnik kimliyi ilə bağlı tarix boyu, xüsusilə də söhbət açdığımız dövrdən bəri mubahisələr, fərqli mövqe toqquşmaları özünü qabarıq şəkildə göstərməkdədir. Eyni fikir ayrılığı Azərbaycan sözünün etmoloji mənasından başlamış Azərbaycanın dövlət dili, azərbaycanlının etnonimi (özünüadlandırma), Azərbaycanda yaşayan toplumun aborgenliyi, avtoxtonluğu və s. haqqında gedən söhbətlər zamanı da ortaya çıxır.
Qeyd olunan məqamlarla bağlı nəinki xarici müəlliflərin, eləcədə Azərbaycan tədqiqatçılarının mövqeləri bir sıra hallarda bir-birini inkar edir.Mübahisə doğuran məsələrdən biri Azərbaycan sözünün fars, türk və s. mənşəli olması ilə əlaqədardır. Əski və müasir dövrün bir sıra müəllifləri, o cümlədən Straqbon, Müqəddəsi, Yaqut Həməvi, E. Xersfeld, M. Ştrek və başqaları Azərbaycan sözünün sələfi sayılan Atropatenanı Kiçik Midiya çarı Atropatın adı ilə bağlayırlar. M. Azərlu, T. Musəvi, Z. Jampolski Atropatena sözünü İran dilli sayır və bildirirlər ki, bu sözün tərkibindəki “pat”sözü başçı, cənab mənasını verir(O slove “azerbaydjana “ Az SSR EA –nın, XXX c. , 1974. s, 82). XVII əsr müəllifi ibn Xələfət-ət Təbrizi Azərbaycan sözünün lak sözü olduğunu və mənasını “ADR”- yüksəklik, “beyqan”-zadəgan (burada zədaganların uca yeri ) demək olduğunu vurğulayır (bax:yenə orada. s. 83). İbn - Əl-Mükkəfaya görə Azərbaycan adını Azərbaz ibn İran əl- Əsvad ibn Sam ibn Nuhun adından götürmüşdür. Azərbaycan sözünü Azərbaz ibn Bayvarastın adı ilə bağlayanlar da vardır(bax:Azərbaycan tarixi üzrə qaynaqlar. 1989. s. 165). Bu adın pəhləvi dilində olmasını iddia edənlər bildirirlər ki, Azər pəhləvi dilində od, bayqan isə qoruqçu mənasını verir(od qoruqçusu, odlar ölkəsi). Azərbaycan sözünün aşağıda qeyd edəcəyimiz ilkin və hazırkı səslənməsinə yaxın şəkli üzərində dayanan tədqiqatçılar da az deyil. Belə ki, onlar bu sözün latınlarda “Atropatena “, erməni dilli qaynaqlarda Adrbayqan, ərəb və fars qaynaqlarında “Adrebedaqan”, “ Azərbayqan” şəklində olmasını bildirirllər. Əgər belədirsə, onda tanınmış tədqiqatçı M. Seyidov belə bir nəticə çıxarmaqda haqlıdır ki,”Azərbaycan” sözü ilk əvvəl Azərbayqan şəklində olub ki, o, yuxarıda qeyd edilən dillərdə təsvir olunduğu şəkildə səslənib və yazılırmış.
Bir qrup tədqiqatçılar, o cümlədən V. K Kelmakov düzgün olaraq biıldirir ki, sözlərin etimologiyasi ilə bəzən etnoqraf və tarixçilər məşğul olduğundan onların sözün mənşəyi haqqında fikirləri sözlərin təsadüfi forma oxşarlığı üzərində qurulur. Elə həmin müəllif Azərbaycan sözünün tərkibindəki ar//ər hissəsinin türk dilindən ayırmağa cəhd edənlərə etiraz etmişdir.
Azərbaycan sözünü oğuzlarla bağlayan Fəzlullah Rəşidəddin “Cami ət-təvarix” əsərində, Hüseyin Xələf oğlu Bürhan isə “Burhane-qate” əsərində Oğuz xanın bu ölkəni tutan zaman onun əmri ilə əsgərlərinin ətəklərində daşıdıqları tökmə torpaqlar hesabına ucaltdıqları təpəni Azərbaycan adlandırması bildirilir(Azər-uca, bayqan - əyanlar mənasında).
Nəhayət “Azərbaycan sözü M. Seyidovun israr etdiyi anlamda daha diqqətçəkən və qəbulediləndir. Müəllif B. B. Bartolda, S. Y. Malova, habelə “Gültəkin”, “Tonyuquq” abidələrinə istinadən Azərbaycan sözünün açılışnı verir(bax:Azərbaycan xalqının soy kökünü düşünərkən. Bakı. 1989. s. 19). Məlumdur ki,akademik V. V. Bartold “Az”ları Türkeş qəbilə birləşməsinə bağlayır. S. Y. Malov isə “Gültəkin” və “Tonyuquq abidələrinə istinadən “Az”ı xalq kimi və yer adı kimi qeyd edir. S. Y. Malov “Gültəkin” abidəsinin 23 -24-cü xəttindən belə bir sitat gətirir:... Çöldi Az ari bultym. Ozum Az yirim, any bil “(yəni “ Az çöllərində Az ər (kişi) tapdım. Bil mənim yerim azdır”). M. Seyidov Azəri Günəş antropomorfik tanrısının adı olduğunu, sonralar Az qəbiləsindən olan ər bəy, xan kimi işləndiyini qeyd edir.
Mübahisəli mövzulardan biri də Azərbaycan sakinlərinin, xüsusilə də türklərin avtoxtonluğu, aborgenliyi ilə bağlıdır. Bu məsələ ilə əlaqədar da tədqiqatçılar arasında ziddiyətli fikirlər çoxdur. e. ə. 64-b. e. 24-cü illər arasında yaşamış yunan coğrafiyaşünası və tarixçisi Strabonun “ Coğrafiya”sının XI kitabı indiki Azərbaycan ərazisində qədim dövlətlətlər kimi tanınan Albaniya ( Azərbaycanın şimal hissəsi) və Atropatenanın (Azərbaycanın cənub hissəsi) tarixi- etnoqrafik xəritəsi haqqında müəyyən mənzərə yaradır. Müəllifə görə, Albaniyada 26 dildə danışan müxtəlif tayfalar vardır. Əvvələr bu tayfalar hər biri ayrı-ayrılıqda idarə olunsa da artıq onların hamısı üçün bir hökmdar var idi. Bura əhalisi gözəl və hündür boy idi. 100-ə qədər say onlara məlum idi. Onlar üçün dəqiq ölçü və çəki məlum deyildi. Bu ölkədə bəzi zəhərli hörümçəklər var ki, onlar adamı sancanda adam gülə-gülə ölür, bəzi hörümçəklərin sancması isə adamı həlak olan qohumlarını qüssəsindən ağlaya-ağlaya ölməyə məcbur edir. Albanlar yaşlılara hörmət edir, albanlarda ölənin dərdini çəkmək, onu yada salmaq şərəfsizlik sayılırdı. Mərhumla birlikdə bütün əmlakını basdırırdılar. Buna görə də onlar ata malından məhrum olub kasıb yaşayırdılar...
b. e. 1 yüzilliyinin Albaniyası haqqında roma alimi və dövlət xadimi Böyük Plini “Təbiət tarixi” əsərində Nikeyli İsiqondan belə bir sitat verir. “Albaniyada alagözlü adamlar doğulur ki, uşaqlıq çağından çal olurlar və gecələr gündüzdən daha yaxşı görürlər. Plini bu əsərdə Albaniyada skif tayfası olan udinlərin, kaspilərin , rəvayətə görə Yasondan yaranan albanların yaşadığını vurğulayır. Digər müəllif Dionisi Perieqetin verdiyi məlumata görə Kaspi dənizi mənsəbinə yaxın skiflər, hunlar, kaspilər, albanlar və kadusilər qeyd olunan ardıcıllıqla yerləşmişlər.
Azərbaycana müxtəlif irqi antropoloji əlamətlərə malik tayfa, toplumlarının nüfuzu ölkə əhalisinin irqi-fiziki portretlərində rəngarənglik üçün əsas olmuşdur. Bu gün ağ (Avropa) irqin xəzər (kaspi) tipinə aid olunan azərbaycanlıların sələfləri haqqında Həmdullah Qəzvini (xııı əsr) “Nüzhətül- qülub” əsərində yazırdı: Burada yaşayan adamların rəngi ağ, kökcə xətaidir və görkəmcə gözəldirlər... ”Digər orta əsr müəllifi Əl İstəhri isə “ Kniqa putey i qosudarstv” əsərində azərbaycanlının etnogenezisində rolu olan xəzərlər haqqında belə qeyd edir:”Onlar əsasən qara saçlı olub iki cürdür: bir qismi qara rəngli,digər qismi ağ və gözəldirlər... “ Sonralar Ə. Hüseynzadə də bu reallığı nəzərə alaraq özünün “ Türklər kimdir və kimlərdən ibarətdir” əsərində (bax :s. 8) yazacaqdı:” tarix səhnəsinə çıxandan bəri türklər cinsən və lisanən müxtəlif təsirata məruz olmuşlardır: Asiya qitəsinin şərqində mancur, moğol və çinlilərlə, qərbində isə irqi qafqazdan olan əqvami- ariya və samiyə ilə, hindi, irani, slav, çərkəz, kürd, ərəb və s. nəsillərlə qarışmış olduqlarından bu gün hər tərəfdən qayət müxtəlif bir qövvümdür”.
IV əsrinin müəllifi Aven Fest Rufi “ Yer kürəsinin təsviri” əsərində xəzər (kaspi) sahili əhalisi haqqında yazır: “ burada albanlar, kadusilər, hirkanlar, mardlar və atropatenlər yaşayırlar”.
Azərbaycanın aborgenləri, onların xarakteri və məşğulliyyəti ilə bağlı ərəb dilli qaynaqlar da dəyərli məlumat verir. Bu baxımdan vııı-ıx əsrlərdə yaşamış Əbu Məhəmməd Əbdülməlik ibn Hişamın” Himyar hökümdarları barədə taclar kitabı” nda V ərəb xəlifəsi 1 Müaviyənin müşaviri olmuş Übeyid ibn Şəriyyə Əl-Cürhuminin verdiyi məlumat xüsusi əhəmiyyət kəsb edir. Müaviyə Azərbaycan haqqında öz müşavirindən: “Sən allah Azərbaycanla əlaqəniz, təlaşınız, xatirəniz nədir?”deyə soruşduqda o, “ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir –birilə qarışmış və təkmilləşmişlər”cavabını vermişdir. Qeyd etmək yerinə düşər ki, ərəblər Azərbaycanı işğal edərkən buraya çoxlu sayda ərəb köçü oldu. Onlar Azərbaycanın müxtəlif bölgələrində özlərinə yurd salaraq yerli əhali ilə qaynayıb qarışdılar. Bu gün də Azərbaycanda bir neçə ərəb toponimləri qalmışdır. Ölkəmizdəki “ Ərəbşalbaş”,”Ərəblər” və s. yer və yurd adları bu qəbildəndir. X əsrin ərəb müəllifi Əl-Yaqubi Azərbaycan əhalisi haqqında yazır: Azərbaycan və onun ətraf şəhərlərinin əhalisi farslar, azərilər və əski cavidanilərin qarışığıdır(bax:A. Sumbatzade. Azerbaydjaneü Gtnoqenez i formirovanie naroda. 1990. s50. ).
Azərbaycanda avtoxton, aborgen türk, türk-dilli və qeyri türkdilli tayfa və xalqlarla yanaşı gəlmə türklər və qeyri türklər də Azərbaycanlı millətinin etnogenezisində fəal iştirak etmişdir.
Azərbaycanın 600 il İran və ərəb işğalı altında olması, monqol-tatar basqısına məruz qalması Azərbaycanda gedən etnogenetik prosesə təsirsiz qala bilməzdi.
Qeyri türklərdən fərqli olaraq türklərin Azərbaycana gəlişini bir neçə dalğası olmuşdur. Bu da etnogenetik prosesdə türklərin müəyyənedici faktora çevrilməsini tam təmin etmişdir.
Azərbaycan tarixinə müsbət yanaşmada daha çox qısqanclıq və xəsisliyə, bir çox hallarda isə saxtalaşdırmağa farsdilli (irandilli) mənbələrdə rast gəlirik. Bu xüsusilə də etnik müəyyənlik üçün əsas parametr sayılan dilimizə münasibətdə özünü göstərir. Cəmaləddin Fəqih, Seyid Əhməd Kəsrəvi, Nəsrullah Fəlsəfi, Rəhimzadə Səfəvi kimi İran alimləri bu və digər şəkildə azərbaycanlıların dil tarixini və bütövlükdə etnik tarixini saxtalaşdırmağa çalışmışlar. Cəmaləddin Fəqihi Azərbaycanın Səlcuqlar dövrü haqqında yazır:”Səlcuqlar türk dilini Azərbaycana gətirmədilər. Çünki onların rəsmi dili fars dili idi. Onlar İranda türk dilindən heç bir əsər qoymadılar” ( bax: Azərbaycan tarixi və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı. S. Onullahi:İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin saxtaladırılması. Bakı 1978. S. 141).
Seyid Əhməd Kəsrəvi Səlcuqlar dövründə azərbaycanlıların dilinin azəri dili(fars,İran mənşəli dil) olduğunu türk dilinin isə təzə gəlmiş türklərin dili olduğunu qeyd edir. Daha sonra o, Yaqut Həməvinin Əs-Səmaninin “ Kitab əl-Ənsab” əsərindən gətirdiyi iqtibasda buraxdığı yanlışlıqdan öz məqsədi üçün istifadə etməyə tələsir. Məlumdur ki, Yaqut Həməvi həmin iqtibasda Xətib Təbrizinin öz həmyerlisi ilə Azərbicidəcə danışdım cümləsini azəri dilində danışdım kimi qeyd etmişdir.
Digər bir İran müəllifi Nəsrullah Fəlsəfi iddia edir ki, XVI-cı əsrin sonu XVII-ci əsrin əvvəllərinə qədər Azərbaycan əhalisinin əsas dili Azərbaycan(türk) dili deyil, azəri dilidir(bax: S. Onullahi göstərilən əsəri. s. 156).
Rəhimzadə Səfəvi adlı İran müəllifi daha məntiqsiz və gülünc üsullarla azəri dilinin öz yerini türk dilinə güzəştə getməsini izah edir. O, göstərir ki, XVI əsrdə yayılan vəba xəstəliyi ilə Osmanlı-Səfəvi müharibələri azəri dilində danışan tayfaları məhv etmiş, o vaxtdan başlayaraq türk dilli tayfalar Azərbaycana axışmışlar.
Bəzən bir qism Azərbaycan müəlliflərinin əsərlərində də azəri dili ilə Azərbaycan dili ekvivalent kimi, eyni dil kimi verilir (bax:M. Mahmudov Xətib Təbrizi 1972. s. 27. , Ə. M. Dəmirçizadə. Azərbaycan ədəbi dilinin inkişaf yolları. Bakı 1958. s. 23)Sübut etməyə etməyə ehtiyac yoxdur ki,azəri dili İran dili ailəsinə daxildirsə,Azərbaycan dili Altay dil ailəsi türk qrupunun oğuz qoluna mənsubdur. Bir sıra tarixi mənbələrdə birmənalı olaraq qeyd olunur ki,III-IV əsrlərdə bəzi türkdilli tayfalar Azərbaycanda yerləşdikdən sonra azəri dili türk-Azərbaycan dili tərəfindən sıxışdırılıb çıxarıldı. Hətta bunun səbəbləri haqqında İran alimi N. Nateq yazırdı:Azəri dili dini dil deyildi ki,dini münasibətlər onun davamlılığını saxlasın,o,siyasi, elmi və ədəbi dil deyil ki,üstün dil olsun, hakim sinifin də dili deyildi ki,bu sinif onun mövcudluğunu qorusun. (bax: A. Sumbatzadə. göstərilən əsəri. s. 49). Tədqiqatçılardan V. P. Müller azəri dilinə talış dilini varis sayır. S. Onullahi isə Xalxal ərazisində bir neçə kəndin azəri dilində danışdığını qeyd edir.
S. Onullahi adı çəkilən məqaləsində azəri dilindən “Qədavü bəla taçinəm” (Qadanı, balanı alım ),”Bibəbəki çeşmət can dəhəm” (Gözünün bəbəyindən ötrü can verərəm) və. s misallar gətirməklə Azərbaycan dili ilə bu dil arasında fərqləri göstərir.
Tədqiqatçılardan İ. P. Petruşevski, V. V. Bortold, səyyahlardan Yan Botist Taverinye Səfəvilər dövründə Azərbaycan (türk) dilinin Azərbaycanda geniş yayıldığını qeyd edirlər.
XVII əsrdə İranda olmuş Enqelbert Kempfer də qeyd edirdi ki, Səfəvilər sülaləsinin ana dili olan türk dili (Azərbaycan) İran sarayında geniş yayılmış dildir. Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir. Türk dili saraydan tutmuş yüksək rütbəli mötəbər şəxslərin evlərinə kimi yayılmış, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün bu dili bilməmək suç sayılır.
Bir qədər sonrakı dövrdə (1836) yazılmış “Obozrenie Rosiyki vladeniy za Kavkazom v stapiçestkom, etpoçistkom, topoqrafiçestkom i finansovom otneşiəx” əsərində də Azərbaycan dili haqqında dəyərli fikirlər demişdir. Kitabın 3-cü hissəsinin müəllifi V. Leqkobıtov əsərin 78-79 səhifəsində yazır:” Şirvanda hakım olan türkmən dili Bütün Azərbaycanda yayılmışdır və bizlərdə adət üzrə o tatar dili adlandırılır :o türk dili ilə o qədər yaxındır ki, hər iki xalq bir-birini başa düşə bilir. Bu dil Zaqafqaziyada türki adlanır. O ərəb və fars sözləri ilə zəngilləşmişdir. Əgər onun öyrənməyin asan olduğunu əlavə etsək bu dilin orada Avropada fransız dili kimi geniş işlənməsi təccüblü görünməz. ” Analoji fikir A. A. Besdujev Marlinski, M. J. Lermantov tərəfindən deyilmiş, fars dilinin güclü təsirinə məruz qalan tatar(Azərbaycan türk) dilinin Asiyada, Zaqafqaziyada “beynalxalq” dil olması vurğulanmışdır. Azərbaycan(türk) dilində diqqət çəkən fars təsiri ölkəmizin ərazisində fars dilli tayfaların və sülalənin gəlişi ilə izah olunmalıdır. Bu təsirin nisbi uğurlu effektinin bir səbəbi onunla bağlı idi ki, M. Ə. Rəsulzadənin təbrincə desək əsrlər boyu İranın siyasi elitasında türklər dominat olduğundan bura əhalisi özlərini yad toplumun məhkumu saymaması, eyni dinə qulluq göstərdikləri, birgə yaşamaları, çəkdiyi ağırlığı öz cinsindən gördüyü üçün məhkum kimi özlərini hiss etməməsilə bağlı idisə, digər səbəbi məlum dövr üçün fars dilinin hətta qonşu ölkələrədəki nüfuzu ilə(iş o yerə gəlib catmışdı ki, Süleyman Qanuni Sədi lisanında yazmağı şərəf sayırdı, Sultan Səlim farsca şerlər yazır, az qalırdı ki, onu dövlət dili elan etsin) bağlı idi. Lakin çox kecmədi ki, Azərbaycan poeziyasında fars dili öz yerini Azərbaycan dilinə verdi. Bu dalğanın poezyada M. Fizuli dəvəti ilə başladığını və onu həm də M. Fizulinin şerdə türkü uğrunda usyani kimi dəyərləndirmək olar.
Ol səbəbdən farsi ləfzilə coxdur nəzmi kim,
Nəzmi nazik türk ləfzilə ikən düşvar olur.
Bəndə Tovfiq olsa bu düşvari asan eylərəm.
Növbahar olğac dikəndən bərgi-gül izhar olur.
Məlumdur ki, Fizuli əvvəlcə fars, sonra Azərbaycan türk şivəsi, Bağdadın Osmanlı basqınına məruz qalması ilə Osmanlı türk şivəsində yazmışdır.
İndi Əfzəcəddin Xaqani və Zülfüqar Şirvaninin gətirəcəyimiz misallar Rəhimzadə Səfəvi dediyinin əksi olaraq türk(Azərbaycan) dilinin yerli əhalinin dili kimi çoxdan mövcudluğunu təsdiqləyir. (bax: S. Onullahi həmin əsəri s. 147). Əfzəcəddin Xaqani:
Məra dər parsi fohşi ke quyənd
Be torki cərxeşan quyəd ke “sənsən”.
(Yəni mənə farsca söyüş versələr çərxifələk onlara türk dilində deyər ki, sənsən )
Zülfiqar Şirvani:
Ta bovəd zekre xor əndər loğəte tazi şəms.
Ta bovəd name məh əndər soxəne torki ay.
Yəni(xor sözü ərəb dilində şəms olduğu kimi, mah türkcə(Azərbaycan) aydır.
Ancaq vəziyyət Rəhimzadə Səfəvinin dediyi kimi olsaydı, onda bəs yerli türklər, türkdilli tayfalar, habelə IV əsrin əvvəllərində Azərbaycana gələn türklər(hun,sabir, xəzər,qıpçaqlar) harada idilər və hansı dildə danışırdılar?!. Məlumdur ki, Azərbaycana şimaldan adı çəkilən tayfalar, cənubdan fars və ərəblər, sonralar yenə də Səlcuq türkləri, monqol tayfaları, daha sonra yenə də iranlılar və türklər axışmış və ölkə əhalisinin irqi-antropoloji, dil və psixoloji, deməli mədəni-mənəvi dəyərlərinə ciddi təsir göstərmisdir. Bu təsir ölkənin simalı ilə cənubunda fərqli şəkildə özünü göstərmişdir. Belə ki, Azərbaycanın cənub əhalisi(Manna, Atropatena) əgər iki dəfə dil dəyişməsinə məruz qalmışdısa da, şimali Azərbaycan bir dəfə bu vəziyyəti yaşamalı olmuşdu. Qeyd etməliyik ki, Azərbaycanın hər iki tayında III-IV əsrlərdən başlamış XI-XIII əsrə qədər ictimai-siyasi həyatda alban, türk, azəri, ərəb, fars dilləri rəqabət aparmış, XI-XIII-əsrlərdən isə türk dili dominantlığı ələ keçirmiş, digər dillərlə əməkdaşlıq sayəsində zəngilləşərək təkmilləşmişdir. Hərçənd bu gün də Azərbaycanın şimalı ilə cənubunda etnogenetik proseslərin nəticəsi başqa şəkildə özünü göstərir. Ölkənin şimalında azərbaycanlı etnonimi bərkiməkdədirsə, cənubda yaşayan soydaşlarımız özlərini türk, təkə türkmən,qaşqay və. s. adlandırırlar. Azərbaycanın birləşəcəyi təqdirdə də bu tipli uyarsızlıqlar və sterotip toqquşmaları ehtimalı vardır. Bu həm siyasi millət (həmçinin sosial-iqtisadi,siyasi resurlar uğrunda vasitə rolunda çıxış edən millət anlayışı), həm də etnoqrafik millət identikliyi məsələlərinin aydınlaşdırılması zamanı özünü göstərə bilər.
XVII-XVIII əsrdə bir çox tədqiqatçıların qeyd etdiyi kimi Azərbaycan dilinin fonetika, qramatika və leksikasında stabilləşmə, otruşma baş verir. Təsadüfi deyildir ki, S. Vurğun, “Vaqif haqqında” məqaləsində Vaqifin ərəb və fars sözlərindən dilinmizi təmizləmək sahəsində xidmətlərdən geniş bəhs edir. Heç şübhəsiz ki, Vaqifin bu sahədəki xidmətləri böyükdür. Lakin Vaqif şeri nə qədər silkinsə də əsrlərlə Azərbaycan dilinin(türk) iliyinə işləmiş ərəb və fars sözlərindən yaxa qurtara bilməmişdi.
Bir sıra Azərbaycan müəllifləri haqlı olaraq qeyd edirlər ki, 18-ci əsrdə Azərbaycan xalqının formalaşması əsasən başa çatmış, bu gün də bu proses təkmilləşir. Fikrimizcə, azərbaycanlının formalaşmasının belə uzun bir dövrü əhatə etməsi hər şeydən əvvəl ölkəmizin permanent keçidlər dövrü yaşaması və Azərbaycan adlı polietnik qazana hər keçid zamanı yeni cəlmələrin əlavə olunmasıdır.
Azərbaycançılıq: mənbəələri və tərkib hissələri
Azərbaycanda millətin adı(etnonim) ilə bağlı da mübahisəli məqamlar çoxdur. M. Ə. Rəsulzadə “Əsrimizin Siyavuşu” adlı əsərində (bax:s. 32) yazırdı ki, indiki Azərbaycan əhalisinin türkmü, yoxsa farsmı olması çox zaman münaqişəli olub, insanlarına, folkloruna, aşıq dastanları, çoban türkülərinə, ənənələrinə baxanlar türk, rəsmi yazılarına baxanlar fars deyə qəbul etmişdir. Qeyd edək ki, Azərbaycanlılara fars deməyin başqa səbəbi də var. Belə ki, orta əsrlərdə avropalılar Şərqdə “firənglər” adlandırıldığı kimi şərq xalqları,o cümlədən Azərbaycan avropalıların gözündə vaxtı ilə böyük dövlət sayılır, İranın təbələri kimi tanınmış və şərti olaraq fars adlandırılmışlar. Azərbaycanlıların bir müddət tatar adlanması da oxşar presedentlə bağlıdır. Bu barədə Ə. Hüseynzadə yuxarıda göstərilən əsərinin 8, 9, 36-37-ci səhifələrində qeyd edir ki,belə məsələlərdəki səhvlərə başlıca slavlar səbəb olmuşdur. Onlar Çingiz qoşunun çox hissəsinin türk olduğunu anlamışdılar. Halbu ki, fəth olunan ərazinin əhaliyi-turaniyəsi zatən minilqədim türk idi. O, sonra davam edərək yazırdı. Türklər, monqollar, tatarlar yoxdur. IX-əsr Çin səlnaməçilərinə görə, tatar qeyri-çin əqvamları deməkdir. Bu adı monqollara çinlilər verib. Tatarlar monqol cinsinə mənsub olduğundan türk irqinin deyil, monqol irqinin bir qoludur. Çingizlərə, Teymurlara monqol tatar adını vermək düzgün olmadığını bildirən Əli Bəy Hüseynzadə Teymura istinadən yazırdı. “Biz mülki turan, Əmiri-Türküstanıq, biz ki, türk oğlu türkük.
Bəzən Azərbaycan sözünü etnonim kimi, həm də dil adı kimi işlənməsini İ. V. Stalinin adi ilə bağlayırlar. Bu yanaşma da düzgün sayıla bilməz. Azərbaycan sözü ərazi adı halında qeyd edildiyi kimi daha yaşlıdır. Ancaq o etnonim kimi XVIII-əsrin axırlarından bəri, daha müəyyən şəkildə isə XIX əsrdən etibarən işlənmişdi. XIX əsrin 60-cı illərindən başlayaraq rus və əcnəbi nəşrlərin səhifələrində artıq Azərbaycan, azərbaycanca sözlərinə rast gəlmək
çətin deyildir. Bu baxımdan 1860-cı il Əbdul Həsən Vəzirovun Peterburq nəşri olan “Azərbaycan tatar dili dərsliyi”,1867-ci ildə Adolf Berjenin Leypsiqdə nəşr etdirdiyi “ Kafkaz və Azərbaycanın məşhur şairlərinin şerlər toplusu”nu qeyd etmək olar.
Bəzən də Azərbaycançılığın M. Ə. Rəsulzadədən başlandığını iddia edirlər. M. Ə. Rəsulzadə özü Azərbaycan qayəsinin “Dünya müharibəsi ilə Rusiya inqılabının təsiri ilə baş qaldırdığını” bilirdirir. Ancaq qeyd etməliyik ki, Azərbaycançılıq nəinki rişə şəklində, daha da dəymiş şəkildə Rusiya inqılabı və dünya müharibəsindən qabaq, XIX əsrdə Azərbaycan ziyalıları tərəfindən qaldırılmışdı. Hələ XIX əsrin 80-cı illərində çıxan “Kəşgül”qəzetində Cəlal Ünsüzadə nəşr işləri üzrə Kafkaz Baş idarəsinə “Azərbaycan” adlı qəzet çıxarmaq üçün icazə almaq məqsədilə müraciət etmiş və onu aşağıdakı şəkildə əsaslandırmışdır. Zaqafqaziyanın yerli müsəlman əhalisi Azərbaycan dilində danışır, onlar ancaq kırım və kazan tatarlarının başa düşdüyü tatar dilini başa düşmür, fars və ərəb dilində isə gəlmə əhalinin çox az bir qismi anlayır. 1891-ci ildə “Kaspi” qəzetində (№93) Məhəmməd Ağa Şaxtatlının “Zaqafqaziya müsəlmanları necə adlanmalıdır” məqaləsi çap olundu. Orada yazılırdı ki,Zaqafqaziyada müsəlman əhalini “tatar” adlandırmaq düzgün deyildir. Çünki Zaqafqaziya türkləri ilə tatarlar arasında dil, adət-ənənə baxımından köklü fərq vardır. Buradakı müsəlman əhalisinin dili-Osmanlı, Səlcuq, Azərbaycan kimi başlıca dialektləri olan türk dili ailəsinə aiddir. Zaqafqaziya türkləri artıq çoxdandır ki, fars deyillər. Fars və türk dili arasında çox kəskin fərq vardır. Yaxşı olardı ki, Zaqafqaziya müsəlmanları azərbaycanlı, onların dili isə Azərbaycan dili adlansın.
1899-cu ildə N. Nərimanov “Türk-Azərbaycan dilinin qısa qramatika və sintaksisi” kitabında haqlı olaraq Azərbaycan dilinin özünəməxsusluğundan,onun digər türk dillərindən fərqindən söz açır.
Nəhayət, M. Ə. Rəsulzadənin təbrincə desək Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə Azərbaycançılıq daha çox siyasi-ictimai müstəvidə fakt olaraq ortaya qoyulmuşdu. 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayında, aprelində isə Moskvada Rusiya müsəlmanlarının qurulatyında Rusiyanı Federetiv şəkildə qurmaq, Azərbaycana da onun tərkibində muxtariyyat almaq təklifi səsləndi. 1918-ci ilin mayın 28-də ADR-in yaranması Azərbaycançılığın artıq dönməz qələbəsi idi. Sonraki illərdə də bu mübarizə davam etdi. XI ordunun Azərbaycanı tutmasına baxmayaraq N. Nərimanov “Müstəqil Sovet Azərbaycanı” şuarı ilə çıxış etdi. Bu tipli mübarizələrin nəticəsi olaraq Azərbaycan Sovet Sosalist Respublikası quruldu. 1937, 1978, 1995-ci illər konistusiyalarında Azərbaycan vətəndaşları azərbaycanlı adlandırıldı.
Bu gün də Azərbaycanda millətin adının (etnonim) bu şəkildə (azərbaycanlı) mövcud olmasına münasibət birmənalı deyildir. Bu cür adlandırma ilə razılaşmayanlar mövqelərini onunla əsaslandırırlar ki, ölkənin adı ilə millət adlandırıla bilməz. Millətimizin adı türk adlandırlmalıdır və. s. Qeyd etməliyik ki, etnik identiklik (məyyənlik) məsələsinə klassik yanaşma ilə müasir yanaşma arasında köklü fərqlər vardır. Orta əsrlərdə, hətta yeni dövrün əvvələrində etnik kimlik anlayışı bu gün başa düşülən və mövcud olan etnik kimlik anlayışından həm məzmunca, həm də həcmcə çox dardır. Əvvəllər etnik müəyyənllik əcdadlardan miras qalmış, irs - soy əlaqələrinə, irqi fizonomik parametrə, dəyişməz etnik sərhədlərə söykənən paradiqma ilə izah olunur, millət daha çox əvvəllcədən təyin edilmiş və statik hadisə kimi qəbul olunurdu. Bu cür yanaşma sahibləri daha çox etnoqrafik millət anlayışını qəbul edir və etnogenetik prosesdə etnoparsıyasıyanı (millətin bir neçə millətlərə bölünməsi; slavyanlardan ruslar, ukraynlar və belarusrların yaranması kimi), etnofuziyanı (mədəni və dil baxımından bir neçə xalqın vahid xalq şəklində qarişaraq birləşməsi(şərqi slavyan tayfaları rusları yaratdığı kimi),etnogenetik miqsasiyanı (xalqların qohumluğa əsaslanmayan vahid etnos halında birləşməsi(Şimali Amerika milləti, latın Amerikası milləti və. s kimi) nəzərə almırlar. Belə düşünənlər həmçinin nəzərə almırlar ki, millət də insan kimi hetrogen (müxtəlif) başlanqıclardan yaranır, inkişaf və tənəzüll edir, ölür. Habelə insanlarda yeddi arxadönən (şəcərə) olduğu kimi, millətdə də analoji şəcərə vardır. L. Qumilyev bu məsələyə toxunaraq qeyd edir ki, hər bir etnos minbir yuz il yaşadıqdan sonra abskurasiya (qocalma və sonda ölməyə) fazasını yaşamalı olur. Yeni millət yuz otuz-yuz altmış ilə yaranır, iki yüz-üç yüz il yüksəliş dövrünü, üç yüz il böhran ərəfəsi dövrünü, iki yüz il böhran dövrü yaşayır və ölür (bax:L. Qumlyev “koneü i vnov naçalo. M. 1994.). Yeni dövrdən başlayaraq xüsusi ilə də daha yaxın yüz illiklərdə etnik kimlik, eyni zamanda resursların qazanaılmasında, habelə maraqların reallaşdırılmasında bir vasitəyə çevrilmiş, hardasa məhz bu zərurətdən insanlar onun ömür müddətinin ədəbliyində maraqlı olmuşlar. Yəni etnik mənsubluq insanlara mənəvi təsdiq, sosial mənunluqdan daha çox, həm də siyasi-iqtisadi, sosial və. s. mənfət üçün, mənəvi emosyanal, psixoloji bağlılıqla deyil, rasional seçimlə(bu və digər etnosun nümayəndəsi kimi özünü təqdim etmək sərf edir, yoxsa yox?! Yaxud öz xeyrinə rəqibi hansısa millətə mənsub olması “damğası” ilə damğalamaqla onu siyasi,iqtisadi və. s. resursdan məhrum etmək) keçiləsi mümkün olan tramplin kimi lazım olmağa başladı. Və demək olar ki, əksər milli etnik münaqişələrin agenti kimi çıxış edir. Dünyanın bir sıra ölkələrində etnik müəyyənlik determinantları bir-birindən fərqlənir. 1970-ci il Luizyana qanununa görə Amerikada bir damla qan prinspi(321 qan tərkibi olan başqa millət,habelə qara sayılır), Braziliyada saç,üz cizgiləri,dərinin rəngi, hindlilərdə 161-dən 21-dək qan ölçüləri əsas götürülürdü və. s. Qanların qarışması nəticəsində 81 ağ,41qara,81,hindi,41 çinli sayılanlar da vardır. Yaxud fizonomiyasında müxtəlif başlanğıcları birləşdirən insanların etnik kimliklərinin təyinatında da problemli situasiya mümkündür.
Azərbaycanda bəzən etnik kimlik məsələsini “haralısan”arxetipi ilə,əraziyə görə də “həll”etməyə çalışanlar tapılır. Bu daha çox resurslar uğrunda çarpışma zamanı özünü göstərir. Hesab edirik ki. bu da anormal bir haldır. Çünki ölkəmizin elə bir rayonu yoxdur ki. orada ancaq bir millət şəriksiz sakin olsun və o həmin ərazidə əsrlər boyu onlarla kompakt halda yaşayan tayfa və xalqlarla qaynayıb qarışmasın. Fikrimizcə, tarixi sınaqlardan üzü ağ çıxmış, təkcə taleyi, həyat tərzi psixolojisi və mədəniyyətləri ilə qohum olmayıb, türk(əksər) və qeyri-türk toplumların qan qohumluğuna əsaslanan izdivacdan doğan azərbaycanlı etno-sosial orqanizmi ancaq siyasi millət olmayıb, həm də etnoqtafik millətdir. Yuxarıda sadaladığımız və haqqında söz açdığımız mənbələrdə göstərildiyi, müəlliflərin qeyd etdiyi kimi Azərbaycan yarı süni, yarı təbii şəkildə yaranmış polietnik bir qazan olmuşdur. Bu qazana biz əridici, birləşdirici tiyan da deyə bilərik ki, onda heç də tayfa və xalqların əriyərək çıxdaş olması deyil, onların əsrlər boyu qaynayıb qarışaraq bu gün dunya arenasına böyük töhvələrlə özünü təqdim edən azərbaycanlı millətinin ərsəyə gəlməsinin şahidi oluruq. Azərbaycanlı əksər türk çoxluğu ilə (yerli və gəlmə) qeyri türklərin(gəlmə və yerli) tarixi izdivacından törəndiyi üçün bu gün azərbaycanlının dil, din, mənəvi-psixoloji, irqi-fizoloji əlamətlərini, mentalitet və arxetiplərində də hər iki başlanğıcın təmsilçiliyini görmək çətin olmadığı kimi, bu fakt təccüb də doğurmamalıdır. Elə buna işarə edərək M. Ə. Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərində (bax:s. 31,34) yazırdı: “Bəzən iki ayrı soydan olan mədəniyyətlərin iştirakı o qədər sıxı olur ki, xətti-zatında iki mədəniyyətdən bir mədəniyyət, iki millətdən bir millət nümunəsi meydana gəlir. Türklük, ərəblik, farslıq müştərək bir mədəniyyət nümunəsi meydana gətirmişdir”. “Azərbaycanlılar öz mənliklərini, çox mühüm xarakterlərini itirsələr də, bəzi xüssiyətlər qazanmışdırlar. Nəticədə türklərin məşhur mətanətilə farslığın məşhur tezbirləşməsini özündə toplamışdır. ”
Rəsulzadə gəldəyi gənaəti Firdovsinin “Şahnamə”-sində cərəyan edən hadisələr və personaj taleləri asasında təqdim edir. Belə ki, Firdovsi qeyd edirdi ki, qanı iki millətdən olan qəhrəmanlar mütləq bu iki millətin sahib olduğu kimi düşünüb, bir fikir və hiddət bəslərlər. O, Siyavuşun(anası türk, atası fars), Söhrabın (o da həmçinin), Makedonyalı İskəndərin (anası rum, atası fars) yaşadıqları həyatları, uğrunda çarpışdıqları amallarının timsalında irəli sürdüyü bu tezisi əsaslanmağa çalışır.
Tarixən fars, müsəlman, türk, tatar və. s adlarla tanıdılan xalqımızı öz yazılarında haqlı olaraq azərbaycanli kimi qeyd edən və kredosunda israrlı olan Rəsulzadə daha sonra yazırdı: “sazlarında “Kərəmi”,tarlarında “Şahnaz” çalınıb, dağlarında bayatı, bağlarında təsnif oxunur. Bütün bunlar böyük dalğalar halında Xəzər dənizinin qüzeyindən və güneyindən gələn türk boylarının X əsrdən etibarən Anadoluda olduğu kimi Azərbaycanda da Siyavuş yaradılışında bir cəmiyyətin, bir xalqın varlığını isbat etməzmi”?(bax:s. 33)
Azərbacançılığın ölkənin ictimai siyasi həyatında bir fakt olduğunu qeyd edərkən M. Ə. Rəsulzadə öz fikirini belə izah edirdi: “Azərbaycan dövri-istiqlalına bolşeviklər “Mösavat dövrü” deyirlər, fəqət xalq bu dövrə Azərbaycan dövrü deyir. Xalqın düşüncəsində Azərbaycan nəinki coğrafi mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur”(bax:M. Ə. Rəsulzadə Azərbaycan Cumhurriyyəti. Bakı 1990. s. 4).
Lakin Sovet metropolyası Azərbaycanın istiqlalına son qoydu. Sovet imperyası adlı bir sistem dağıldıqdan sonra periferiyalarda, o cümlədən müstəqillik qazanan Azərbaycanda da sonsuz bölünmə (bölgələr, tayfa və. s) prosesi başladığı anda mübaliğəsiz demək olar ki, dövlətimizi təhtid edən bu təhlükədən təcrübəli siyasi xadim H. Əliyev məhz milli həmrəylik, bütövlük, milli dövlətçilik, vətənçilik iksirini özündə ehtiva edən Azərbaycançılıq idialogiyası ilə xilas etdi. Azərbaycanın dünənki və bu günkü tarixi ilə tanışlıq, hadisə və prosesləri tarixi-müqayisəli, analoji müqayisəli yanaşma ilə təhlili etmə bacarığı peşəkar dövlət adamı olan H. Əliyevə bu seçimində böyük köməklik etdi. Həmin dövr üçün bu yeganə düzgün yol, uğurlu tapıntı idi.
Bəzi Azərbaycan müəlliflərinin millətimizin adını Azərbaycan türkü, Azərbaycanda yaşayan digər etnik toplumları da öz adı ilə adlandırmaq lazımdır,niyə əksəriyyət təşkil edən türklər öz adı ilə deyil,azərbaycanlı kimi,azlıqlar isə öz adları ilı çağrılır və s. kimi narahatçılıq doğuran sualları da başadüşüləndir. Qeyd etməliyik ki,Azərbaycanda yaşayan türklər, kürdlər, talışlar, ləzgilər,tatlar və s etnik toplumlar artiq coxdandan İran, Türkiyə,Dağıstan və s. ölkələrdə yaşayan eyni adlı toplumlardan prinsipial fərqlərlə ayrılır. Bu isə həmin toplumların,habelə başqa tayfa və xalqların iştirakı ilə ölkəmizdə getmiş xalqın etnogenetik inkişaf prosesində Azərbaycan kimi polietnik qazanda həmin toplumların,şübhəsiz ki, əksər türk çoxluğunun hesabına və xeyrinə qaynayıb-qarışaraq vahid azərbaycanlı millətinin yaranması ilə baqlıdır. Məqsədəuyğundur ki, əksər turklər kimi ləzgi,talış,kürd və s. adlarla tanıtdırılan Azərbaycan vətəndaşlarının pasportlarının milliyyət qrafasında azərbaycanlı yazılsın. Bu ada həm də Azərbaycan vətəndaşlarının (etnogenetik prosesdə iştirak etmiş toplumların təmsilçiləri) dil,din,irqi,genetik,fizoloji,mənəvi psixoloji baxımdan qohumlaşması,tarixi tale,həyat tərzi identikliyi,Azərbaycan sakinlərinin etnofuziya,etnoslararası inteqrasiya,etnokonvergensiya prosesini yaşadıqları zəmanət verir.
Azərbaycançılığın yaranma zərurəti və tarixi şəraitindən danışarkən nədənsə yadıma riyaziyyat elmində dörd rəng problemi adlı bir məsələ düşür. Məsələni lokonik şəkildə belə ifadə etmək olar: bir-biri ilə həmsərhəd olan dörd olkə necə yerləşmələrindən asılı olmayaraq beşinci bir dövlətlə bunların hamısı ilə ortaq sarhaddə malik ola bilməz. Bu məsələnin özunun ərsəyə gəlməsində aşağıdakı hekayət demurq olmuşdur. Belə ki,bir padşahın 5 oğlu varmış. Artiq qocalmış padşah oğlanlarını yanına çağırıb belə bir vəsiyyət edir:məndən sonra ölkəni öz aranızda elə bölüşdürün ki, hər birinizə düşən ərazi qalanlarının hamısı ilə həmsarhəd olsun,eyni zamanda,bu sərhəd tək bir məntəqə yox,ortaq sərhəd zolağından ibarət olsun. Padşahdan sonra övladlar ata vəsiyyətinə əməl edərək həmin şərt daxilində ölkəni öz aralarında 5 hissəyə bölməyə çalışırlar. Lakin onlar çox çalışsalar da ataları dediyi kimi ərazi bölgüsünə nail ola bilmədilər. Ancaq bu onları məyus etmədi. Çünki, ölkə parçalanmadı və bütöv qaldı. Bütövlük ölkənin çiçəklənməsinə,dövlətin möhkəmliyinə səbəb oldu. Övladlar sonradan dərk etdilər ki,müdrik ata qabaqcadan bu bölgünün baş tutmayacağını bilirmiş və birləşdirici həbb kimi o məzmunda vəsiyyət etmişdir. Bizcə azərbaycançılıq həm də müdrik ataların Azərbaycanın bütövlüyü,monolitliyi üçün millətimizə ünvanladığı bir vəsiyyətdir.