10 Noyabr 2015 17:44
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüsalə Hüseynlı

Ölkə başçısı İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda ana dilinin xalqımızın həyatındakı rolundan danışarkən, onun saflığının qorunub saxlanmasının vacibliyini vurğulayıb. Prezident bəzi hallarda dilimizdə yad kəlmələrin işlədilməsindən də narahat olduğunu qeyd edib.

Hamımız yaxşı bilirik ki, ölkə başçısının bu iradının haqlı ünvanı var. Çünki nəinki məmurlarımız, elə bir sıra adi vətəndaşlarımız da rus dilində danışmağa üstünlük verirlər. Rus dilli tədris müəssələrində təhsil alan gənclər həmişə ana dilində oxuyanlara yuxardan aşağı baxaraq, onları “çüşka” adlandırırlar. Bəziləri ana dilində soruşmalı olduğu sözləri xarici dillərdə, - dəxli yoxdur, istər rus olsun, istər ingilis, - soruşmağı özlərinə fəxr bilirlər. Ancaq unutmayacağımız məqamlar da mövcuddur.


Bu isə öncə bir xalqın sahib olduğu dəyərlərdir. Hansı ki, bura millətin kimliyi, bayrağı, gerbi, himni, xüsusilə dili daxildir. Ana dili hər bir xalqın, millətin varlığıdır. Dil millətin həyat tərzi, mədəni irsidir. Bunu tarix sübut edir. Bu mənada tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlayıb. Bir milləti tarixdən silməyin yolu onun dilini əlindən almaq və yaxud unutdurmaqdır. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz.

Öz dilinə hörmətlə yanaşmaq heç də digər dilləri öyrənməmək anlamına gəlməməlidir. Əksinə, öz dilinə hörmətlə yanaşaraq, əlavə bir neçə dili də öyrənmək olar. Ancaq bir şərtlə ki, öz dilindən utanmayasan. Onu gizlətməyə çalışmayasan. Çünki hamımız yaxşı anlayırıq ki, doğma dilimizi yaxşı öyrənməliyik, eyni zamanda dünya ilə əlaqə qurmaq üçün xarici dilləri də öyrənməliyik. 3-5 dil öyrənə bilməsək də, heç olmasa 1 pilot dili mütləq öyrənməliyik.

Məsələn, Danimarka üçün pilot dili ingilis dilidir. Onlar yeni kitabları, filmləri ingiliscə oxumağa məcburdurlar. Bəzi ərəb ölkələri üçün bu pilot dili fransız, bəziləri üçün ingilis dilidir. Hindistan üçün də ingilis dilidir, bizim isə taleyimizə rus dili yazıldığından pilot dilimiz də rus dili olub. Bu səbəbdən pilot dillərlə doğma dilə olan münasibəti nə qarışdırmalı, nə də unutmalıyıq.

Hər bir xalq ona görə müstəqil olur ki, milli kimliyinə sahib çıxsın. Milli kimlik isə ana dilindən başlayır. Ancaq min bir əziyyətlə qazandığımız müstəqilliyimizi, eyni zamanda dilimizi nədənsə qorumağa səy göstərmirik. Hər halda belə olmasaydı, bizlər nə dükan-bazarda xarici dillərdə danışmağa can atmaz, nə də iaşə obyektlərini xarici adlarla adlandırmazdıq. Hətta vəziyyət o yerə çatıb ki, artıq ölkənin böyük şəhərlərində Azərbaycan adlarını daşıyan kafe, restoran, mağaza, otel, reklam lövhəsi tapmaq üçün xeyli gəzməli olursan.

Kafe-restoran adları bir tərəfə, təəssüf ki, bu gün hətta öz doğma dilində səlis danışmağı bacarmayan ziyalılarımız, məmurlarımız, vəzifə sahiblərimiz var. Hansı ki, onlar danışanda adama elə gəlir ki, xarici ölkələrdən birinin səfiri Azərbaycan dilində danışır. Hələ biz onu demirik ki, bir çox xarici diplomatlar bizim dilimizi böyük həvəslə öyrənirlər.

Dilimiz bizim milli sərvətimizdir və onu öyrənmək də, sevmək də, qorumaq da millət olaraq bizim borcumuzdur. Dövlət başçımız İlham Əliyev bunu hər dəfə bizə xatırladır. Nəticəni isə özümüz - məmurundan, müəllimindən, şagirdindən və fəhləsindən asılı olmayaraq, hər birimiz çıxarmalıyıq.


Müəllif: Vüsalə Hüseynli