22 Dekabr 2015 13:39
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yutuba yeni qoyulan bu videoya baxmaq mümkün deyil. Ağla gəlməyən, ağla sığmayan dərəcədə dəhşətli bir olay.

Hadisə oktyabr ayında İstanbulda baş verib. Antiterror əməliyyatı zamanı bir evdə axtarış aparan polis işçisi günahsız qızı - 24 yaşlı Dilək Doğanı güllələyib. İki aydan artıq davam edən istintaqın gəldiyi nəticə bu ki, ev sahibləri ilə polis əlbəyaxa olublar, polisin əlindəki silah təsadüfən atəş açıb, güllə təsadüfən Dilək Doğana dəyib. Yəni polis işçisinin söylədiyi versiya bu. Ötən gün istintaqa təqdim olunan video isə hadisənin əslini üzə çıxardı. Videogörüntüdən nə aydın olur? Adi polis yoxlamasıymış. Mənzilə daxil olublar. Ev sahibləri də evdə. Qız polisə deyib ki, ayaqlarına qaloş geyinsinlər, döşəməni çirkləndirməsinlər. Söz yalnız bu olub. Nə dava, nə qırğın, nə anlaşılmazlıq, nə əlbəyaxa? Və birdən polis işçisi durduğu yerdə silahı tuşlayıb qızın ürəyinə. Vəssalam. 24 yaşlı qız bir həftə ölüm-dirim savaşı apardıqdan sonra xəstəxanada dünyasını dəyişib. Evin içində, ailəsinin gözü qabağında tam günahsız bir qızın güllələnməsi səhnəsinə tamaşa etmək son dərəcə ağır, son dərəcə dəhşətli. Olay türk mediasına çıxarıldıqdan sonra, heç şübhəsiz, istintaq qərarını dəyişəsidi. Dilək Doğanın qanı yerdə qala bilməz ki. Amma o naləsi ərşə çəkilən valideynlərin dərdi, təbii, heç zaman azalmayacaq - ta qəbir evinə kimi.

***


Bax bu kitabın hələ ancaq türkcəsi var, bizim dilə çevrilməyib. Türkiyədə də yeni işıq üzü görüb. Bestseller deyil, bu əsər əsasında film çəkilməyib, yazarın adı da sizə heç nə deməyəcək. Haqqında danışdığım bu kitab real həyat hadisələrinin təsviridi, bədii təxəyyül nümunəsi deyil. Amma faktlar o qədər acınacaqlı, həm də günümüzün reallığına o qədər uyğun ki.

***

Tolstoyun bir fikri var xoşbəxt ailələr haqqında - hamı bilir. Məşhur “Anna Karenina”nı müəllif bu sözlərlə başlayır ki, bəs bütün xoşbəxt ailələr eyni cür xoşbəxtdi, bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxtdi. Bilmirəm bu fikri toplumlara, cəmiyyətlərə aid etmək olar, ya yox. Bunu sosioloqlar bilər. Cəmiyyətlər üçün göstərici hələ ki təminatdır, maddi təminat. Var aztəminatlı cəmiyyətlər, bir də var varlı toplum. Maddiyyatın xoşbəxtliklə bir əlaqəsi olmasa belə, hər halda savadlılıq, məlumatlılıq, sağlamlıq, stabillik kimi kateqoriyalar bilavasitə maddiyyatla bağlıdır. Kasıb toplum insanın olsa-olsa lap ilkin instinktlərini ödəmək iqtidarında - özünü qoruma və nəsil artırma kimi, məsələn. Amma özünü qoruma da yalnız qida qəbulu səviyyəində ola bilir, real qorumadan danışmağın heç yeri də yoxdu.

***

Argentina yazıçısı Selva Almadanın yazdığı “Ölü qızlar” əsərində 1980-ci illərdə baş verən üç cinayət hadisəsindən bəhs edilir. Qızlardan biri öz evində yatan vaxt düz ürəyindən bıçaqlanıb. O biri qızın meyiti göldən tapılıb. Üçüncününsə öldüsü-qaldısı bilinmir. Yazıçının qələmə aldığı janr etibarilə sənədli romandı, çünki hadisənin əslini öyrənmək üçün cinayət işlərini incələyib, şahidlərlə görüşüb, beləcə öldürülən hər qızın həyat hekayətini araya-ərsəyə gətirib. Məqsəd, təbii ki, kriminal dram yazmaqdan ibarət deyil. Selva Almadanın əsas istəyi odur ki, qadına dəyər verməyən cəmiyyətin dərdini öyrənsin, insanı vəhşiyə çevirən münasibətləri çözsün, xəstə düşüncələrin, qüsurlu zehniyyətin səbəbini, nəhayət, bu bəladan qurtulmağın yollarını arayıb-axtarsın.

***

Hər üç cinayət uzaq 80-lərin hadisəsidi deyəcəksiniz, amma insan münasibətləri, mənəvi dəyərlər o çağdan bəri pisləşib ki, yaxşılaşmayıb. Bu ilin mayında Argentinada 14 yaşlı bir qız qətlə yetiriləndə jurnalistlərdən biri sosial şəbəkədə bircə cümlə yazıb - “Bizi öldürürlər. Heç nə etməyəcəyik?” Bu sual bütün cəmiyyəti ayağa qaldırıb. Bəzən alovun ərşə çıxması üçün burcə qığılcım da bəs edir. Tək-tək etirazlar Buenos-Ayres küçələrindəki 350 min nəfərlik izdihamla nəticələnib. Qadınların qorunmasını tələb edən kütlə bir də hadisələrə cəmiyyətin münasibətinə etirazını bildirib. Qızlara, qadınlara qarşı işlənən cinayətlərin müzakirəsində ara-sıra “sosial şəbəkədə elə şəkillərini paylaşanda bilməliydi ki, axırı belə qurtaracaq” kimi ifadələr də yer alırmış. Və qadınların canına qəsdə qarşı çıxanlar həm də bu münasibəti pisləyiblər. Bu, sosial qınaqdı. Bu, cəmiyyətin qadını qorumaq cəhdidi. Yüz illər boyu hüququnu-haqqını tələb edən qadın, görəsən, nə zamana kimi, hansı inkişaf həddinə kimi kişi basqısıyla mübarizə aparacaq? Puldan daha dəyərli olduğunu, kişiylə tam bərabər olduğunu hələ çoxmu sübut etməlidi dünya qadını? Nə vaxta qədər?


Müəllif: Afaq Vasifqızı