23 Aprel 2014 15:59
427

Nə xeyri var, nə zərəri?

Bu il Kann Kino Festivalında Azərbaycan pavilyonu nümayiş olunacaq. Bunu qəzetimizə açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Müşfiq Hətəmov bildirib. Onun sözlərinə görə, kino pavilyon tanınmış kino şirkətləri, ayrı-ayrı rejissor və prodüserlərlə işgüzar münasibətlər qurmaq, başqa ölkələrin uğurlu əsərləri ilə tanış olmaq və təcrübələrindən faydalanmaq məqsədi daşıyır:

"Bu ilki pavilyonda 2013-cü ildə çəkilən filmlər nümayiş olunacaq, onlar haqda ətraflı məlumat veriləcək, yeni layihələrlə bağlı danışıqlar aparılacaq". Qeyd edək ki, ötən il çəkilən filmlər haqda, eləcə də onların Azərbaycanda yerli kino xadimləri, tamaşaçılar tərəfindən necə qarşılanması barədə ətraflı yazını “Artırma” layihəsində təqdim edəcəyik. Bu dəfə isə illərdir ki, festivalda nümayiş olunan Azərbaycan pavilyonun mahiyyətini araşdırıb, mütəxəssislərin fikirlərini soruşduq.

“Berlindən başlamaq lazım idi”

Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyevin fikrincə, bütün festivallarda festivalın kino bazarı olur. Və bu bazarda iştirak Azərbaycan kinosunu tanıtmaq adına böyük işdir:"Bu da bir təbliğatdır, şansdır. Amma məsələnin başqa tərəfi var. Bizdə bu işlə məmurlar məşğul olurlar, amma bu, belə olmalı deyil. Bütün dünyada bu işlə məmurların məşğul olması məqbul sayılmır. Xaricdə bunu xüsusi təşkilatlar, fondlar, ictimai təşkilatlar edirlər". O bildirib ki, təbliğat işini yalnız Kann Festivalı ilə yekunlaşdırmaq lazım deyil: "Hesab edirəm ki, təbliğat işinə Kanndan yox, Berlin Festivalından başlamaq lazım idi. Ümumiyyətlə isə kinomuzu tanıtmaq istəyiriksə, təkcə Kannda pavilyon açmaqla iş düzəlmir. Daha genişmiqyaslı, iri işlər həyata keçirilməlidir".


Kanna film göndərməyən rejissor

Bu zamana kimi filmlərini Kann Festivalına göndərməyən rejissor Elçin Musaoğlu bunun səbəbini belə açıqlayıb: "Sonuncu çəkdiyim “40-cı qapı” filmi dünyanın bir çox festivallarında nümayiş olunub. Amma o filmi Kann Festivalına göndərməmişdim. Çünki bir rejissor kimi bilirəm ki, onu hansı büdcəyə çəkmişəm və hansı problemləri var". Onun fikrincə, biz filmlərimizdə dünyəvi məsələləri araşdırmasaq filmlərimiz o festivalın əsas müsabiqə proqramına düşə bilməyəcək:

"Çalışmaq lazımdır ki, əksər yüksək səviyyəli festivallarda iştirak edək. Festivallar da bir-birilə əlaqəlidir. Hamısında eyni insanları görmək olar".

Kannda film göstərən rejissor

Azərbaycan pavilyonu Kannda ilk dəfə təqdim olunan zaman orda nümayiş olunan filmlərdən biri də “Aktrisa” idi. Filmin rejissoru Rövşən İsax nümayiş zamanı yaranan problemlərdən və ümumiyyətlə prosesin gedişindən danışıb:"Orda balaca bir zal kirayələmişdim. Amma səhvən və bilməyərəkdən seansı axşam saatlarına təyin etmişdik. Bu da düzgün addım deyildi. Kannda belə bir qayda var: insanlar ora filmə dincəlməyə yox, iş üçün gəlirlər. Xüsusən belə kirayələnən zallarda nümayiş olunan filmdirsə. Ona görə də onlar gündüz seansında filmə baxmağa üstünlük verirlər. Filmi bəyənmişdilər. Hətta orda Britaniya Film Şirkətlərindən birindən təklif də aldım".


Müəllif: