11 Sentyabr 10:15

Teleqraf.com-un “Portret” layihəsində Kəramət Böyükçöl dostu Mövlud Mövlud haqqında danışır.

– Düzü, heç bilmirəm nədən başlayaq, nə soruşum...

– Başa düşürəm, onda qoy özüm başlayım. Mövludla iş yoldaşı olmuşuq. Təxminən, il yarım bundan əvvəl redaksiyada mənə dedi ki, sənə bir ideya verim, saytda layihə apar. Tanınmış adamları dünyasını dəyişmiş dostu haqqında danışdır. Mövlud çox dolu bir insan idi. Beyni başdan ayağa ideya idi. Onları həyata keçirə bilməyəndə isə əziyyət çəkirdi. Ümumiyyətlə, arzular ona əzab verirdi, incidirdi. Mövluddan tez-tez məsləhət alırdım. Bəzən elə olurdu ki, tanımadığım bir adamla müsahibə gedir, amma heç bilmirdim hansı sualı verəcəm, söhbətə necə başlayacam. O adam haqqında Mövluddan soruşurdum, ayaqüstü mənə elə məlumatlar verirdi ki, dəhşətə gəlirdim. Gedib görürdüm ki, o adam heç özü-özünü bu qədər dəqiq tanımır. Mövlud mühitdə çox olmuşdu deyə hamını yaxşı tanıyırdı.

Mənə dedi ki, layihənin adı “Portret” olsun. Və başladım. Yenə məsləhətlər verirdi, məsələn, deyirdi ki, İsa Qəmbəri Ağamalı Sadiq Əfəndi haqqında danışdır, Kamal Abdullanı Vaqif İbrahimoğlu haqqında, Şərif Ağayar Mehdi Bəyazid haqqında, Aqşin Yenisey Elçin Səlcuqdan danışsın və s. Tez-tez də zarafat eləyirdi ki, inşallah, ölərsən, mən də səndən danışaram... İndi həmin o gün, o saat, o an olduğu günü gözlərimin qabağında canlanır. Və mən onun təklif etdiyi layihədə Mövlud haqqında danışıram...

– İlk dəfə harda görüşdünüz, necə tanış oldunuz? Yadındadırmı?

– Mövlud nəinki məndən, ədəbiyyata çoxumuzdan qabaq gəlmişdi. O, yazı yazanda balaca bir uşaq idi. Sabir adına kitabxanada atam Qəşəm Nəcəfzadənin rəhbərlik etdiyi “Pərvanə” ədəbi məclisi fəaliyyət göstərirdi, indiki şair və yazıçıların çoxu orda bir-biri ilə tanış olublar. Atam evdə ədəbiyyatdan, ədəbiyyat adamlarından danışanda Mövludun adını tez-tez eşidirdim. Sonra elə oldu ki, mən özüm də yazmağa, çap olunmağa başladım. “Gənc Ədiblər Məktəbi”nə getdim. Bir çox qələm dostlarım kimi Mövludla da ilk dəfə orda tanış olduq. Amma ilk vaxtlar hiss edirdim ki, məndən xoşu gəlmir. Bu da ondan irəli gəlirdi ki, Mövludun və onun oturub-durduğu ədəbiyyat adamları ilə mənim atamın ədəbi mövqeyi üst-üstə düşmürdü. Düşünürdülər ki, Qəşəm Nəcəfzadənin oğlu yəqin, atası ilə eyni fikirdə, eyni mövqedə olar. Beləcə, bir-birimizlə uzun müddət yaxınlığımız olmadı.

– “Məni o araba ağlatdı” yazında Mövludu arabada gəzdirirsən. Necə düşünürsən, o arabada sən olsaydın...

– Mövludun toy günü idi. Biz onda kult.az saytında bir yerdə işləyirdik. Redaksiyanın qızları gözəllik salonuna getmişdilər, toya hazırlaşırdılar. İşə gəldim. Onda baş redaktor Salam Sarvan idi. Salam müəllim dedi ki, tez bir yazı yaz, sayta qoyaq. Bilmədim nə yazam. Birdən yadıma düşdü ki, axşam Mövludun toyuna gedəcəm. Ondan bir neçə gün əvvəl isə birlikdə səhərə qədər avaralanmışdıq. Həmin o gecəni başladım yazmağa, hər şeyi olduğu kimi, yalansız, bəzək-düzəksiz... Təzə tikilən bir binadan arabanı oğurladıq, Mövlud mindi arabaya, Tarqovının içi ilə sürə-sürə şəhəri gəzdik, sonra arabanı hardan götürmüşdük ora da aparıb qoyduq. Yazı sayta getdi, xeyli maraqla qarşılandı. Bir az keçdi, gördüm Mövluddan mesaj gəldi. Yazmışdı ki, əclaf, məni kövrəltin, yaman yaxşı yazmısan!

Axşam isə getdik toya. Mirmahmud Mirəlioğlu da toyda idi. Mirmahmud bəy çıxış edəndə başladı məni tərifləməyə, sonra da Mövlud haqqında yazımdan danışdı. Toyda Mövlud mənə dedi ki, sən Allah, zülmə bax, əziyyət çəkib, restoran danışıb, borc-xərc pul tapıb toy eləmişəm, xahiş-minnətlə Mirmahmud Ağanı toyuma çağırmışam, gəlib burda Kəraməti tərifləyir. O qədər gülmüşdük.

– Mövlud bütün dostlarına, tanışlarına ağlamaq, dərdləşmək, yazmaq üçün bir ümmanlıq sarsıntı, bəhanə verdi. Elə sənə də! Heç kim ağlamaya bilmədi. Bəlkə Mövlud oyun qurmuşdu, hamının ürəyin boşaltmaq istəyirdi?

– Mövlud bizim dostlarımız arasında bəlkə də yeganə adam idi ki, heç vaxt oyun oynamırdı, oynaya da bilmirdi. O, oyun oynaya bilsəydi, bəlkə də belə facili taleyi olmayacaqdı. Onun ən böyük səhvi də oynaya bilməməsi idi. Hər şeyə ürəyi ilə baxırdı Qız sevirdi, sevgilisinə o qədər təmiz hisslərlə yanaşırdı ki, axırda qız ondan bezirdi. Axı o qızın istədiyi başqa şeylər idi. Mövlud bunu anlamaq istəmirdi. Sevdiyi qızla dalaşırdı ki, sən niyə “Səfilləri” oxumamısan. Özünün məşhur bir sözü vardı, tez-tez dostlara danışırdı. Deyirdi ki, mənim iki il sevirəm sözünü deməyə cəsarət eləmədiyim qızla bir oğlan iki günün içində tanış da oldu, sevdi də, yatdı da, ayrıldı da...

– Bir yerdə olanda əsasən, nədən danışırdınız, nə söhbət eləyirdiniz?

– Maraqlıdır, indi öz-özümə fikirləşirəm ki, biz bütün bu vaxt ərzində hələ bir dəfə oturub ciddi şəkildə ürək-dilək söhbəti eləməmişik, dərdləşməmişik. Danışdıqlarımız ancaq zarafat, lağ-lağı... O, mənə Musa Musayevin yerlisi deyirdi, mən ona xalası Xumar! Çox vaxt Mövluda söz çatdıra bilmirdim. O, məni Qəşəmin yetimçəsi deyə çağırırdı, mən onu istedadsız! Mənə deyirdi ki, Niyaməddin Musayevin ansanbılında ionika çalan kişiyə oxşayırsan. (gülür)

– Heç hansısa səbəbdən aranızda inciklik yaranan vaxtlar olubmu?

– Çox, hətta tez-tez olurdu. İnciklik isə etiraf edirəm ki, mənim cığallığım üzündən baş verirdi. Bir dəfə dostumuz Cavid Zeynallının toyunda Mövludla bərk davamız düşmüşdü. Bu dava uzun müddət dillərdə nağıl kimi danışıldı. Aysel Əlizadə bizim davamıza yazı da həsr etmişdi. Yenə günah məndə idi. Mövlud təxminən, bir il Qazaxda qaldı, müalicə olunurdu. Yaxşı yadımdadır, gözündə də eynək vardı, üzü də bir az tüklü idi. Gəldi, yanımızda adamlar vardı, hamı ilə görüşdü, mənə salam vermədi. Salam verməməyinin də səbəbi vardı. Bir yazımda Mövluda ilişmişdim. Onda nadinc vaxtlarım idi.

Mövludun mənə salam verməməsindən cırnadım, başqa cür reaksiya verdim. O da mənə bir şillə vurdu. Mən də bu şilləni cavabsız qoymadım. Beləcə məsələ böyüdü, söhbəti daha böyük arenada – restoranın həyətində həll eləməli olduq. Aləm bir-birinə qarışmışdı. Bir söz dəqiq yadımdadır, Şərif Ağayar dedi ki, onlarla işiniz olmasın, dalaşıb, axırda qucaqlaşıb ağlayacaqlar. Doğrudan da belə oldu. Şərif dünyagörmüş adamdır. Bir də gördüm Mövlud uzaqdan üstümə gəlir. Elə bildim məni vurmaq istəyir. Gəlib boynumu qucaqladı, üzümdən öpdü, onda göz yaşımı saxlaya bilmədim.

– Onu narahat edən nə idi? Bir dost kimi bunu bilir, başa düşürdünmü?

– Mövlud daxilən narahat, özünə yer tapa bilməyən bir adam idi. Mən Mövludu “Əlifbam”, “Azərbaycan” şeiri kimi əzəbərləmişdim. O, əlini alnına qoyanda bilirdim ki, nə fikirləşir. Qəfildən məclisdən durub gedəndə səbəbin hamı müzakirə edirdi, amma mən yaxşı bilirdim o niyə getdi... Hətta zəng edirdim, telefonumu götürmürdü, bilirdim ki, niyə götürmür. O qədər, o qədər... Görəsən, təzədən bir adamı bu qədər əzbərləmək üçün nə qədər vaxt lazımdır? Ümumiyyətlə, Mövlud kimi bir şeir varmı yenidən əzbərləyim?

Yaxşı xatırlayıram, Mövlud kəndə getmək istəyirdi. Bunu mənə elə həvəslə, elə iştahla danışırdı ki... Guya orda orta məktəbdə müəllim işləyib hamıdan uzaq, rahat, başı-beyni sakit yaşayacaqdı. Mən də gülüb deyirdim ki, gedib orda da darıxacaqsan. Bir ara Tiflisə getdi, orda yaşamaq istədi. O da alınmadı, qayıdıb gəldi. O, bir yol tapıb xilas olmaq, canını qurtarmaq istəyirdi. Bəlkə də Mövlud özünü öldürmədi, xilas etdi... Gənc bir ömrü nağıl kimi yaşadı.

– Bir qələm adamı kimi onun yaradıcılığına ədəbi mühitdə münasibət necə idi, hekayələrini bəyənirdinizmi?

– Mövlud çox böyük bir istedad idi. O, gənc yaşında Səfər Alışarlı, Fəxri Uğurlu və başqa-başqa ciddi ədəbiyyat adamlarının sevgisini, etimadını qazanmışdı. Onda olan yaradıcı həssaslıq, müşahidə biz yazarların heç birində yox idi. Gözəl hekayələr də yazırdı. Ancaq təəssüflər olsun ki, o cür bir istedad, o cür bir ədəbiyyat bilicisi biz ondan gözlədiyimiz mətnləri yaza bilmədi. Və özü də bunu bilirdi. Buna görə də dəhşətli dərəcədə əzab çəkirdi, narahatlıq hissi keçirirdi.

– Ondan ötrü darıxırsanmı?

– Əcəb sualdır. Əlbəttə! Mövludun bir sözü vardı, şəhərdə qəfildən yolunu dəyişirdi, deyirdi ki, ora getmə! Soruşurdum niyə? Qayıdırdı ki, xatirəsi var. Mövludla bu şəhərin hər yerində xatirəmiz var. Ondan ötrü darıxmamaq üçün gərək evdən çıxmayım. Hələ orasını demirəm ki, evimizdə də olub.

– Bəs niyə onunla xatirələrindən ibarət bir yazı yazmırsan? Yazı yazmaq ki, sənin əlində heç nədir...

– Mövlud dünyasını dəyişəndən sonra mən sosial şəbəkələrdə çox status yazdım. Yaza-yaza, yaza-yaza özümü aldatdım, axırda gördüm ki, Mövlud haqqında düşüncələrim, xatirələrim parça-parça statuslar şəklindədir. Onları bir yerə yığıb ayrıca yazı eləyə bilmədim.

– Səncə, o, indi rahatdırmı?

– Bilmirəm o, indi hardadır. Ancaq doğrudan da başqa bir dünya varsa, mənə elə gəlir ki, Mövlud orda da narahatdır, orda da yaşaya bilmir. Nə bilmək olar, bəlkə də orda da intihar edib.

– Heç onun ağladığını görmüsən?

– Görünür, Mövludu yaxşı tanımırsan. Onu tanısaydın, belə suallar verməzdin. Çox kövrək idi. Bizim yanından başıaşağı keçdiyimiz, heç fikir vermədiyimiz bir şey ona təsir edər, göz yaşlarını saxlaya bilməzdi. Son görüşlərimizdə daha tez-tez kövrəlirdi. Mart ayının səkkizi idi, hansı ki, həmin ayın on beşindən on altısına keçə gecə intihar edəcəkdi, Şərif Ağayarla 20 Yanvarda “Məhsul” kafesində oturmuşduq. Birdən Mövlud mənə zəng elədi, səsi çox pis gəlirdi. Soruşdu ki, hardasan? Dedim ki, Şəriflə oturmuşduq. Dedi, heç hara getməyin, gəlirəm.

Gələn kimi zarafatlaşmağa başladı. Dedi, Kərəm, mənim göz yaşımı görməyəcəksən. Nüsrət Kəsəmənlinin məşhur bir şeiri var, Nazpəri xanım da oxuyur, klip də çəkdirib. Guya o şeiri parodiya edirdi. Mən də qayıdıb şeirin o biri misrasını deyirdim: “Mövlud, tale oyunlara atacaq səni”. Şərif də bizə baxıb gülürdü. Necə oldusa söhbət Qulu Məhərrəmlidən düşdü. Qulu müəllimə zəng elədim. Sən demə, o da yaxınlıqdan keçirmiş. Gəlib bizimlə oturdu, hal-əhval tutduq. Mövlud isə həmin narahatlıqla başını çiynimə qoyur, tez-tez eyni sözü təkrar edirdi: “Kərəm, mənim göz yaşımı görməyəcəksən...”

Elə bu sözü deyə-deyə qəfildən hönkürdü. Ağlaya-ağlaya durub üzünü yumağa gedəndən birdən kafenin ortasında dayandı, yanına gəldim ki, nə oldu? Üzümə baxıb əli ilə ürəyini ovcuna alıb möhkəm sıxdı, sinəsini silkələdi. Qayıtdı ki, Kərəm, ürəyim partlayır. Başa düşürsən? Ürəyim partlayır. Sonra sinəsini yumruqladı.

– Nə qədər qorxsam, ürksəm, deyinsəm də xeyri olmadı, sən də Mövluddan sonra həmin yerə – uçmaq mərtəbəsinə getmişdin. Ora Mövludun gözü ilə necə görünürdü?

– Hər şey sənin gözünün qabağında oldu, Mövluddan sonra özümü başa sala bilmirdim. Harda hündur bina görürəm, tez mərtəbələrini saymağa başlayırdım. Demək olar ki, hər gün onunla birlikdə oturduğumuz kafeyə gedirdim. Bir gün isə gecəni gözlədim, saat ikiyə on beş dəqiqə işləmiş onun özünü atdığı binanın qabağına gəldim. Liftin düyməsini basıb düz on yeddinci mərtəbəyə çıxdım. Tam səmimi deyirəm, intihar-zad etmək fikrim yox idi. Sadəcə, o ucalıqdan aşağı baxmaq istəyirdim. Liftdən çıxan kimi sağ tərəfdə ağ plasmas qapı vardı. Qapını açıb balkona çıxdım. Hava da küləkli idi. Ora elə bir yerdir ki, ordan adam təsadüfən də yıxıla bilər. Çünki balkonun divarı çox alçaqdadır. Balkona keçəndən hardasa 15-20 saniyə sonra baxdım ki, atamın nömrəsindən mənə zəng gəldi. Onda atamla anam İmişliyə getmişdilər. Telefonu açıb cavab verdim. Sən demə, anam imiş. Atamın telefonu ilə zəng edib yuxulu səslə soruşdu ki, Kəramət, qurban olum, hardasan? Yatıbmış, yuxudan durub zəng edib. Mən də təmkinli səslə cavab verdim ki, yoldayam, evə gedirəm. Anamla sağollaşan kimi gördüm arxadan kimsə qolumdan yapışdı. Baxdım ki, binanın mühafizəçisidir.

Bilirsən, əzizim, mən həmin vaxtlar dəhşətli depressiya keçirdim. Özüm də anlayıram ki, bütün bu şeylər, gecə vaxtı binanın başına çıxmaq, ordan aşağı baxmaq istəyim axmaqlıqdan başqa bir şey deyil. Bunu indi anlayıram. Mövlud mənə çox şeyi aydınlaşdırdı. Məsələn, Mövluddan sonra başa düşdüm ki, insan öləndən sonra həyat necə davam edir. Və bunu anlayandan sonra gördüm ki, ölməyin də bir mənası yoxdur. Bütün çətinliklərə baxmayaraq, yaşamaq lazımdır. Çünki biz bu həyatı təkcə özümüz üçün yaşamırıq. Övladlarımız var. Belə bir cəmiyyətə övlad etibar eləyib getmək dünya səviyyəli əclaflıqdır.

– Onun haqqında “kaş ki” dediyin nəsə varmı?

– Son vaxtlar ona diqqətim çoxalmışdı. Özünə də demişdim. Qayıtdı ki, yəqin ölüb-eləyəcəm. Xəstəxanada yatdı, gündə beş dəfə zəng edirdim. Ayə, istedadsız, nəsə lazımdı? Yox, Kərəm, qadan alım, heç nə istəmirəm. Bir azdan yatacam. Soruşurdum ki, konturun var? Deyirdi, varımdı, varımdı... Yadıma gəlir, gülə-gülə demişdim ki, sənin hər şeyin var, bircə istedadın yoxdur. “Kaş ki” dediyim nə ola bilər ki? Bilmirəm. Kaş ki, o balkonda beşcə saniyə səbr edəydi, bəlkə anası zəng edəcəkdi...

– Bir hekayələr kitabını çıxartdırmısınız... Səncə, o kitab onun ürəyincə oldumu?

– Mən Mövludun ədəbi zövqünə bələd idim. Mətnə çox həssas, hətta vasvası idi. Elə buna görə də kitab çıxartdırmırdı. Yenə bilmirəm, çalışdıq ki, hər şey onun ürəyincə olsun. Mövludun publisistik yazılarından ibarət daha bir kitabını çapa hazırlayıram. Sağ olsun, adının çəkilməsini istəməyən tanınmış şəxslərdən biri Mövludun kitabına görə mənə 500 manat pul verib. Kitabın çap xərcini həmin pulla ödəyəcəm. Bir də dünyasının dəyişməsinin bir ili tamam olana kimi planımız var ki, Mövlud haqqında yazılan xatirələri bir kitab kimi çap etdirək.

– Yenə xatirələr...

– Həmişə metro bağlananda, saat 12-yə yaxınlaşda mənə deyirdi ki, Kərəm, sən canın getmə! Məzarının yanında onunla nə qədər söhbət elədim. İnan, elə bil həmin səsi eşidirdim. Kərəm, sən canın, getmə! Mövludun balaca bir başdaşı vardı. Taxtadan qoyulmuşdu, müvvəqqəti idi. Qırmızı qələmlə üstünə yazmışdım ki, darıxanda zəng elə...

Danışdıqca təsirlənirəm... Yadıma gəlir, Kamal Abdulla yazar dostlarını gözəl bir məclis ətrafında toplamışdı. Məclis başlayanda Kamal müəllim məndən soruşdu ki, ürəyin nə istəyir? O, yemək-içmək mənasında soruşurdu. Mənimsə cavabım belə olmuşdu ki, ürəyim Mövludu istəyir... Zəng elədim, Mövlud on beş dəqiqəyə gəldi. O günü də xatırlayıram. Təkcə indi yox, həyatda olanda da Mövluddan ötrü tez-tez darıxırdım.

Bir dəfə təzə pal-paltar alıb, üzümü-başımı qırxdırıb, kefimin də yaxşı vaxtında Nərimanova Mövludla görüşməyə getdim. Mövlud məni görən kimi gülümsəməyə başladı, qayıtdı ki, Kərəm, sən canın, səni bu qədər xoşbəxt eləyən o kədərli şeyin adı nədir? Bir kəlmə ilə hədəfi necə dəqiq vurdusa səsim çıxmadı...

Tez-tez deyirdi ki, onun dəyərin bil, bunun qiymətin bil, filankəsin qədrini bil və s. Son vaxtlar ona zəng edəndə deyirdim ki, onun-bunun qədrini bilən, hardasan? Bu sözüm ona ləzzət eləyirdi. Orda-burda danışırdı.T

Deyirdi, təzə hekayə yazmışam. Soruşurdum ki, neçə min işarədir? Qayıdırdı ki, on min! Bir də soruşurdum ki, kişi kimi düzünü de, onun neçə min işarəsi üç nöqtədir? Uğunub gedirdi. Üç nöqtədən ötrü ölürdü.

Nə o mənim toyuma pul atdı, nə də mən onun toyuna. Nişanında sərxoş olub cibinə əlli manat qoymuşdum, səhər zəng elədim ki, pulumu qaytar. (gülür)

– Səncə, bütün bunlar unudulacaqmı?

– Mövlud və onun ölümü gündəm hadisəsi deyil, bir ömür hadisəsidir... Onun ölüm xəbəri ömür boyu oxunacaq. Xatırlayırsansa, belə bir şey yazmışdım ki, ölüm xəbərini eşidib hönkürmək hələ səndən ötrü ağlamaq deyil. Emosiyadır, ilkin reaksiyadır. Aradan illər keçəcək, sənin o dünyadakı, mənim də bu dünyadakı yerim köhnələcək, sənin qəbrin qocalacaq, mənim başım ağaracaq və bir gün hardansa qayıdanda, ya işdən çıxanda oturub bir kafe küncündə bir parç pivə ilə qəfil səni xatırlayacam, həmin andaca başımın arxasını soyuq kafe divarına söykəyib kövrələcəm, gözlərim yaşaracaq... Bax, səndən ötrü əsl ağlamaq o bir-iki damcı göz yaşı olacaq, Mövludum!

Sonda...

– Tez-tez bu misranı deyirdi: “Axşam da qəribdi, mən də qəribəm”.


Müəllif: Çinarə Böyükçöl