20 Oktyabr 2017 09:33
6 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

1998-ci ildən yaşadığım qəsəbə mənə bütün çətinlikləri ilə bərabər həyat dolu məhəllələri ilə doğmadır. Deyirlər, bu qəsəbədə vaxtilə ermənilər xoşbəxt yaşayırmış. Onlar donuz saxlayırmış bəzi gecəqondularda. Erməni mədəniyyəti əksər evlərin pəncərəsinin bir-birinin həyətinə, otağına açılmasında özünü büruzə verir.

İlk əsərim

Sonralar bi yerlərə İrəvan azərbaycanlıları köçmüş, tikmiş, qurmuş, artırmış. Evləri bir qat divarlar ayırır. Mən divar suvamağı, mişar tutmağı, çəkic vurmağı atamdan öyrənmişəm. Elə bu evdə ilk yaradıcılığım divara bir mismar çalıb dünyasını dəyişən atamın şəklini vurmaq olmuşdu. Hərçənd bu çəkicin səsi qonşunu narahat edərdi adi vaxtlarda.

Kabab qoxusu, samovar tüstüsü

Küçələri dar, yolları yamaqlı bu küçələr daha rəngarəngdir. Südümüz də, meyvəmiz də ayağımıza kimi gəlir. Azan səsindən çox bu alverçilərin səsinə diksinib axışır küçələrə adamlar. Üç kilosu bir manata alma! Litri bir manata süd! Yayda kabab qoxusuyla samovar tüstüsü qarışar, adamlar qapılarının ağzına bir stul qoyub oturar, söhbətləşər, bir masa açar düz küçənin ortasında, biri evindən şokolad, biri şirniyyat, biri çay gətirər və belə deyə-gülə günü başa vurarlar.

Bir küçədən cənazə, bir küçədən bəy-gəlin

Biri qapısına un torbalarını yanaşı sərər, üstündə yun çırpar, biri həyətində xalça yuyar, sonra qonşudan qüvvəli uşaqları çağırar, xalçanı qaz borusundan, möhkəm bir ipdən asar. Zivələrdən hər evdə neçə nəfər yaşayır, bilmək olur. Ən maraqlısı isə balaca pəncərələrdən asılmış meyvələr, bibərlərdir. Özlərini günə verirlər, qurudurlar. Bəzən xeyirlə şər qarışır, yəni belə də olur - yan küçədən cənazə çıxar, bizim küçədən bəylə gəlin.

Bizim parkımız

Yayı xüsusilə uşaqların səs-küyü bəzəyir. Bizim parkımız bu küçələr olub. Əyləncə attraksionlarını da özümüz düzəltmişik. “Samakat” sürmüşük, ortada qalmışıq, “sinif-sinif” oynamışıq. İndiki uşaqların hər şey əlinin altındadır. Bir telefonda minlərlə oyuna əlləri çatır. İndi bu məhəllələrdə ya futbol oynayarlar, ya velosiped sürərlər.

İşıqsız, qazsız günlər

Bir də var payızı, qışı. Buranın kanalizasiyası dözməz bu yağışlara. Hələ işığını, qazını demirəm. Bir az külək əssə, vəssalam. Qaz xidmətinin qaynar telefon xəttinə zəng vur, qoş səsucaldanı, Eldar Mansurovun bəstəsilə qapıl düşüncələrə, romantik ab-havanı şamla qızışdır. Gördün ki, alıb-verdiyin nəfəs yetmir, get, yorğan-döşəkdən kömək dilə. Təbii ki, bu hər gün olmur, amma elə bir neçə gün olmağı bizə bəs edir.

Yadıma gəlir, belə işıqsız, qazsız günlərdə ya qonşular biri-birilərinə qonaq gedər, biri-birilərini isidər, ya da atam gitarasını qoltuğuna vurub mahnı oxuyardı, anam da masanın üstündə ritm tutar, mən də oynamalıyamsa, oynayardım, ağlamalıyamsa, ağlayardım. İşıq yanan kimi hərə bir yana, mən oyuncaqlarımın böyrünə, anam mətbəxə, atam divana uzanıb televizora baxmağa.

Milyonerlər məskəni

Yaxınlığımızda milyonerlər məskəni sayılan yer var. Nə küçəsi bizimki kimi maraqlı, nə də evləri bizimki kimi fağırdır. Hamısı məğrur-məğrur sirrini çölə verməyən adamları xatırladır. Anama deyəndə ki, kaş bizim də çox yox, 4-5 otaqlı rahat, həyətinə yığışıb çay içiləsi evimiz olaydı, cavabında "nəyə lazımdı elə dəbdəbəli evdə qorxa-qorxa yaşamaq" deyib susdurar məni.

Biz bu kasıb məhəllərdə evimizi rahatlıqla aylarla tərk edib istirahətə gedə bilirik. Arxayınıq ki, əvvəla, evimizdə brilyant yoxdur, ikincisi ayıq-sayıq qonşularımız var. Hətta qonşular biri-birilərinə öz evlərinin açarını əmanət eləyib gedirlər.

Kimsə şişə bilər

İki-üç adamlıq dar, koridora bənzəyən həyətimizdə kim qutab, kətə bişərsə, tum qovursa, halva çalsa, şoraba tutsa, kabab bişirsə, qonşuya pay verər. Ki ətrindən kimsə şişə bilər, yəni, tamarzı qalar. Bu kimi şeylərdən nə milyonerlər küçəsi, nə bina evləri dadmaz, xəbərdar olmaz.

Evlərin çoxusu yerdən aşağıda tikilib deyə rütubəti, kifi, pası divarlarından çəkilmir. Amma bu cür şəraitsizliyin içində hər ev öz adamlarının qoxusunu canında saxlaya bilir.

Doğmalar da oyuncaq idi

Bir də böyük bir maşın dayanacağı var qəsəbəmizin. Mənim azı bir ilim keçib orada. Balaca “moyka”sı var, bir də köhnə daxması. Orada günü 5-6 manata işləmişəm. Qışda “moyka”da iş asan olmur. Əlini, ayağını su, şaxta kəsir. Balaca, rütubətli otağımızda odun sobasıyla qızınırdıq. Sobanı köhnə-kürüş qapıları, mebelləri sındırıb qızdırırdıq.

Otaq o qədər rütubətli idi ki, evə gələnə kimi nəm bədənimə, paltarıma hopurdu. Bir də yaşı hələ on səkkizi keçməyən işçilər var idi. Otağa qısılıb qızınanda bunların çıxmadığı oyun qalmırdı. Bu onu söyür, o bunu söyür. Bu uşaqlar üçün doğmalar da oyuncaq idi. Təsəvvür edin, gələcəyin ataları biri-birinin bacısına tamah salır, sonra da öpüşüb görüşürlər.

Sənin milli qəhrəmanın

Yadımdadır, telefonda Çingiz Mustafayevin Qarabağda lentə aldığı videolara baxırdım. Biri qayıtdı ki, bu nədir, bekar qalmısan, baxdığın şeylərə bax. Dedim, bu sənin milli qəhrəmanındır, Çingizdir. Uşaqlar gülüşə-gülüşə getdilər.

Bakının Los Ancelesi

Fikirləşirəm ki, bu uşaqlardan əmələ gələnlər nə yuvanın quşu olacaq görəsən? Bunları küçələrmi pozdu, yoxsa öz ailələri? Yüzlərlə belə adamla birgə Bakının tozlu, çirkli havasını çəkirik ciyərlərimizə. Hə, bəlkə də Bakı qartalın burnunda yerləşir deyə, çirkli şəhərdir. İndi hər dəfə o yerdən keçəndə bütün bunlar yadıma düşür. Qəsəbəmizlə üzbəüz bu küləklər şəhərinin Los Ancelesi deyilən, əslindəsə müxtəlif mikrorayonların birləşdiyi küçənin başında “Memar Əcəmi” metrostansiyası var. Bu küçəni sağlı-sollu dükanlar bürüyür. Əgər qoxu reseptorların tab gətirərsə, dönərin iyini göyərtidən, göyərtini pendirdən, pendiri təndir çörəyindən seçə bilərsən. Sağı-solu mikrorayonlarla zəngin olan bu geniş yolu sağlı-sollu darlaşdıran maşınlardır.

Taksi şoferləri, bina sakinləri, dükana girənlər maşınlarını səkilərin önündə saxlayırlar. Bu halətin qarşısını ala bilməyənlər ödəmə aparatlarını səkilərə pərçimlədi, ara-bir bahalı maşınlardan bir-ikisini evakuatorlar götürüb apardı, şad-xürrəm hamı bir tikə çörək pulunu qazanmaqla məşğul oldu. Əvvəl yoldan dörd maşın yan-yana keçirdi, indi ikisi güclə gəlir-gedir. Avtobuslar dayanacaqda dayanır, iş daha da qəlizləşir.

Masajxanadan meyidi çıxan qoca...

Bir işi yaxşıdır ki, hər şey əlinin altındadır. Geyim dükanları, marketlər, əyləncəli klublar, poçt, bazar, bir sözlə 1001 xırdavat. Bu küçənin başında bir masajxana var. Dəfələrlə bu yeri el dilində desək, vurublar, yəni, bağlayıblar, amma hələ də işləyir. Bapbalaca girişi gözə dəyir, üzdən masajxanaya yox, qutabxanaya oxşayır. Bir nəfər danışmışdı ki, üç il qabaq bu masajxanadan bir qocanın meyidi çıxıb. Deyir, qohumları qocanı tələm-tələsik basdırdılar, heç yas filan da eləmədilər. Ki biz camaata necə başa salaq kişinin ölümünü.

10 manatlıq seks kabinetləri

Bu masajxanadan bir az yuxarıda binaların altında sıralanan çayxanalar var. Bu çayxanaların heç bir vaxt boş vaxtını görməzsən. Hərəsində ən azı 3-4 qız işləyir. O qız işçiləri ki, açıq-saçıq geyimləri ilə qapının ağzında durub müştəri cəlb edirlər. O çayxanalar ki, hamısında bağlı kabinetlər nələr görmüş, nələr. Yadıma gəlir, ən pis vəziyyətlərimdə bu çayxanalardan birində işləmişəm. Hər gün girişi on manat olan kabinetlərə hərə bir qızı yanına vurub gətirər, işini görüb gedərdi.

Çay dəsgahı verirdik, amma nə çaya əl dəyirdi, nə şirniyyata, çərəzə. Qızlar bakirəliyini, təmizliyini itirir bu çayxanalarda. Müdirim qız işçi götürər, 5-10 gün işlədər, dadına, tamına baxıb yola salardı. Xülasə, nə qədər çirkab varsa, bir o qədər xoş nələrsə var. Necə ki, bir hadisə baş verir, elə bilirsən, metafizik, gözəgörünməz bir qüvvə durur bu işin arxasında. Elə təzəcə bu fikri təsdiqləyirsən ki, hardansa bir sübut peyda olur ki, bu real hadisədir. Ya da əksinə. Kökündə reallıq duran nələrinsə içindən mütləq gözəgörünməz detal çıxır.

Yəni, Allaha inamını bu iki yol ayrıcında ya itirirsən, ya da qazanırsan. İndi bu şəhər də bizə bu çirkablarıyla “get” desə də, xoş xatirələrilə “gəl” deyir. Kimisi qalır, kimisi isə getməyi seçir.


Müəllif: Emin Akif