4 Mart 2015 13:17
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəm Əhmədə açıq məktub

Dəyərli, Dilqəm!

Məmməd Səid Ordubadinin həyat və yaradıcılığı haqqında yazdığınız “Ordubadinin məhbəs həyatı” məqalənizi oxuyarkən çox sevindirici hisslər keçirdim. M.S.Ordubadi ümumilikdə mənim ilk dəfə bədii ədəbiyyata qədəm qoyduğum və hələ də təkrar-təkrar oxuduğum yazıçıdır.

Ədəbiyyat müzakirəli olduqda maraqlıdır.

M.S.Ordubadi yaradıcılığı Azərbaycan və Sovet Ədəbiyyatının incilərindəndir. Məqaləni oxuyarkən diqqət yetirdiyim barışmayacağım bəzi məqamlar vardır, amma Sizi də tənqid edə bilmirəm çünki, birbaşa qaynaq olaraq yazıçının həyat və yaradıcılığından yazdığı “Həyatım və Mühitim” əsərindəndir.

Ordubadi həmin əsərini Vətəni və xalqı üçün gördüyü və görmək istədiyi kiçik Ordubadının timsalında yazıb. Lakin mühüm həyati məqamları var ki, “Həyatım və Mühitim” əsərində canlandırılmayıb. Mənim yazıya şərhimin əsas məğzi Dilqəm Əhmədin sözügedən məqaləsinə uşaqlıq xatirələrimin Ordubadında aqil insanlardan öyrəndiyim və şahidi olduğum ədəbiyyatımızda indiyə qədər keçməyən bəzi əlavələr olardı. Çünki ədəbiyyatda elmdir və xaricdə təhsil elmi debatlar üzərində qurulduqda daha maraqlı olur və bəzi detallar var ki, Ordubadi yaradıcılığı da senzura siyasətinin qurbanı olub. Belə ki, yazılan kitablar nəşriyyatlarda çapa hazırlanarkən siyasi mövzular romanlardan çıxarılır və ya dəyişdirilirdi. Məhz onun “Qanlı illər” əsəri Ordubadda ermənilərin xalqımıza etdiyi zülmlərdən bəhs edirdi. Ordubadi bu romanı o zaman çapa verilmədiyinə görə ilk dəfə “Qanlı Sənələr” adı ilə Ankarada nəşr etdirməli olur. Məhz romanda və Ordubad ziyalılarının yazdıqları kitablarda da Ordubadi molla aliliyinə qiymət verərkən qeyd edirdi ki, şəhərin ən ali mollası Qurani Kərimi götürərək 30 körpəni öldürülməməsini və soyqırımın qarşısını almaq məqsədi ilə ermənilərin qabağını kəsir. Amma onlar vəhşiliklə körpələrin başını kəsir, mollanı öldürür və daha sonra isə Quranımızı yandırırlar.

Ordubad bazarında bir gün; Ordubadın sonununcu bəyinin nəticəsisən...

Əziz Dilqəm, yazdığınız məqalədə bəzi haşiyələr var ki onları sözügedən məqalənizdə görmədim. Belə ki, Ordubadi yaradıcılığına həsr etdiyiniz araşdırma məqalənizdə M.S.Ordubadinin həyatı haqqında qeyd edərkən “Həyatım və Mühitim”dən örnək göstərdiyiniz birbaşa qaynaq cümlələriniz oldu. M.S.Ordubadinin atası Hacağa Fəqir Ordubadi haqqında ağalara şeir yazmasıdır. Bu fikrinizlə tamamilə razıyam. Ordubadinin atası Hacağa Fəqir haliyyədə Ordubad Tarix diyarşünaslıq Muzeyinin binası qədim zamanlarda Qeysəriyyə bazarı, Zorxana (qədimdə ölkələrdən gələn güləşçilərin güləş keçirildiyi yer, bu abidə Azərbaycanda birdə Gəncə şəhərində var) ən əsasi isə qəzəl şeir janrının məclislərinin, deyişmələrinin keçirildiyi yer olub. Güney Azərbaycandan gələn qəzəlxanlar belə orda deyişmə edərdilər. H.F.Ordubadi isə şərq aləminin tanınmış ziyalı şairlərindən olub, əsərlərinin bəziləri isə dövrümüzə gəlib çatmayıb. Haliyyədə ev muzeyi yaradılmaqdadır.

Uşaqlıq xatirələrimdən şərh olaraq məlumat olaraq söyləyə bilərəm ki, bir gün Ordubada gələndə məni şəhərin ən qədim bazarına göndərdilər. Bazarda ilk dəfə idi ki, bazarlıq edirdim. Ordubad çox ərazicə kiçik olduğu üçün hamı-hamını tanıyırdı. Mənə “bəy” deyə müraciət edildikdə gülümsəyərək dedim ki, kiçik yaşımda bazarlıq edə bilərəm, amma mən böyüyəndə “bəy” olacağam. Yaşlı insan cavabımda bildirdi ki, sən Ordubadın sonuncu və həqiqi bəyi Məmmədqulu bəyin nəticəsisən. Dedi ki, o birisi bəylər kimi olmayıb. Xalqını sevən bəy olub. Əsilzadəliyi ilə bərabər Ordubadın yarısına sahib olan bəy rəiyyətin adamı olub. O zaman Ordubadda ilk məhsulu tezdən müftə xalqa paylayardı sonra isə bazara çıxararmış. Evə çatdıqda nənəmə dedim ki, mənə bəy deyirlər, mən Məmmədqulu bəyin nəticəsiymişəm əhvalatı ona danışdım. O da dedi ki, elə düz deyiblər və söhbətə başladı.

Qaçaq Nəbi Ordubada gələndə...

Nənəm danışardı ki, onların bütün qohum-əqrəbası 7 arxa qədər bəy olublar. Amma bu qohumların içərisində zalım bəylər də olub, xalqa divan tutanı da. Yaxşı bəylər içərisində əmisi Rzaqulu Bəy Əlixanovu, Məmmədqulu Bəy Əlixanovu, Heydər Bəy Məmmədəliyevi misal çəkərdi. Nənəmin ana tərəfi də bəy olub. Çünki o zamanlar bəylər ancaq bəylərə qız verərmiş. Nənəm danışardı ki, rəiyyəti incidən bəylər Ordubadda çox olub. Ordubadinin atası Hacağa Fəqirsə rəiyyətin adamı olub. Deyərdi ki, bir gün Qaçaq Nəbi Arazdan Qıratla keçib, Ordubada gəlib və xalqı incidən bir zalım bəyi çarmıxa çəkib getmişdi, Məmmədqulu bəyə və atasına dəyməmişdi, hətta ona təşəkkür də etmişdi. Bir günsə Nəbinin Ordubadın Üçtirləngə adlanan yerdə onu Çar Ordusu izləyib tutmağa çalışırlar. Qaçaq Nəbini xalq və bəzi yaxşı bəylər kəfənə büküb, gizləndiyi evə arvadları töküb, yas qururlar. Çar əsgərləri evə daxil olduqda məhz “meyiti” və ağlayan arvadları görüb gedirlər ki, səhv ünvana gəliblər. Bununla Qaçaq Nəbi onlardan qurtulur və Arazı keçib, o taya qayıdır. Məhz elə Sizin məqalənizdə “Həyatım və Mühitim” romanından dırnaqla örnəklər gətirdiyiniz hissəyə də təmiz aydınlıq gətirərkən də romandan da aldığınız hissədə Ordubadi 1838-ci ildə Ordubadda vəziyyəti həmin ilə görə şərh edir; hansı ki, 1838-ci ildə məhz vurğulama aparır. Çünki, Ordubadi həmvətənlərinin deyil, orda bəzi mollaların həqiqətən də təqibinə məruz qalır. Əsaslandırıram;

Qatar gedər Araz boyu...

Yenə uşaqlıqdan oxumağına valeh olduğum yorulmadığım orta məktəb illərimdə elm üçün Culfaya yollanıram. Özü də maşın tapa bilmədiyim üçün Ordubad-Culfa qatarına. Qatardan baxanda təbiət maraqlıdır. Gedən qatar həsrətin qatarı deyil, necə ki, bu qatarla Sovet senzurasında xalq şairi X.R.Ulutürkü o qədər incitmişdi ki, o “Qatar gedər Araz boyu” şeirini yazmışdı. Ordubadi isə “Dumanlı Təbriz” əsərində bu həsrəti yazmışdı. İndiki qatar fərqli idi. Məftilləri sökülən sərhəd dirəklərinin göründüyü, M.S.Ordubadi və X.R.Ulutürkün səfər etdiyi qatar indi məni Məmmədqulu bəyin böyük qızı Azərbaycan Respublikasının xalq artisti Firuzə xanım Əlixanovanın arxivinə aparırdı. Firuzə xanımın bacısı Lusiya xanım Ordubadi yaradıcılığına olan rəğbətimə görə o zaman senzuradan keçməyən bəzi hissəsi dəyişdirilən Ordubadinin “Həyatım və Mühitim” əsərini dərindən mənimsəmiş xalq şairi, yazıçı Əkbər Məftunun senzura səbəbindən dəyişikliyə məruz qalmış “Ömürdən Səhifələr” romanının qaralaması isə tanış edir (sonradan xala rəhmətə getdikdən sonra arxiv-kitabxanadan heç nə əsər-əlamət qalmadı). Nəzmlə oxuduqda aydın olur ki, Ordubadi Sizin də qeyd etdiyiniz kimi ipək fabrikində işləyir, amma fabriki idarə edən erməni əsilli olduğundan Ordubadi hər zaman onu tənqid edir, Ordubad insanını fəhlə kimi gecə-gündüz işlədən rejimə sərt şeir də yazıb çap da etdirir, məhz bu kimi səbəblər M.S.Ordubadinin şəhəri idarə edənlər tərəfindən qəzəbinə tuş gəlir ;

Qorxuruq küləkdən, qorxuruq yeldən,
Ruzumuz asılmış incə bir teldən.
İşə çağırırlar ulduz batmamış,
İşdən buraxmazlar şəhər yatmamış.

Öz xalqını müdafiə edən yazıçıya xalq hər zaman qiymət verdi. Onun Ordubaddakı soyqırımı qələmə alması, ipək fabrikində ordubadlıları fəhlə kimi gecə-gündüz işlədən Ərbablara, Karapetlərə qarşı gəldi. Hətta Əkbər Məftun tarixi qaynaqlarla bildirirdi ki, Ordubadi “Həyatım və Mühitim” əsərini yazarkən o əsər də senzuraya məruz qalıb. Belə ki, istər atası Hacağa Fəqir Ordubadi, M.S.Ordubadi şəhərdə at oynadan xalqı talayan özünü molla kimi qələmə verənlər halbuki, islamın gözəlliyindən xəbəri olmayan belə bəzi insanlar qorxulu ünsürə çevirilirlər. Ordubadinin ata ocağında senzura uyğulanır. Evlərinə gələn məmurlar şeirlər axtarırlar ki, həbs etsinlər. Ordubadi qeyd edirdi ki, şeirlər atasının sandığında saxlanıldığından onları tapa bilmirlər (həmin sandıq haliyyədə M.S.Ordubadinin Ordubaddakı Ev Muzeyində tarixi inventar kimi qorunur).

Yuxarıda qeyd ettiyim kimi, ermənilərin xalqımıza etdikləri soyqırımları, xalqa divan tutan mollaların rejimi və daha sonra isə cənubda Məşrutə inqilabı haqqında yazdıqları kimlərəsə xeyr etmirdi. Hətta onun doğma əmisi 1937-ci il qurbanına çevrildi. Özününsə Volqoqrada sürgününü tələsdirirdi. Ordubadi heç zaman sadə qonaqpərvər həmvətənlərinin qəzəbinə tuş gəlmədi, tam əksinə o illəri xatırlayan yaşlı nəslin nümayəndələri isə Ordubadini belə xatırlayırdi:

“Bir-neçə dəfə şəhərin mollaları tərəfindən təqiblərə məruz qalan Ordubadini yığılıb şəhərdən qovmaq istədilər. O yenə də atla onların yanına gəldi. Onların qabağında əyilməyən şairimiz atdan da düşmədi. Sözlərini deyib atını qamçıladı...”

Hətta ən maraqlısı isə Culfada o romandan öyrəndiyim o oldu ki, M.S.Ordubadini məhbəsdə olarkən şair olduğunu bilirlər. Məhbəsə dəftər qadağası qoyurlar. Ordubadi isə məcburiyyət qarşısında qalıb türmənin çayçısı ilə əlaqələri yaxşı tutur. Bu bir sirrini açdığım tarixi bir faktır ki, məhbəs yazarı “Həyatım və Mühitim”i gizli şəkildə türməyə gələn çay qutularının kağızlarında yazmalı olur...Romanlarındakı əxlaqi keyfiyyətləri ilə seçilən yazıçının həyatda üzü gülmür...Onun “Gizli Bakı” romanı elə bir yazıçı kimi bəlkə də öz həyatına tətbiq olunan senzuradan yazırdı...

Eyni həyat dramı elə Ordubadın sonuncu bəyi Məmmədqulu Əlixanovun qızı xalq artisti Firuzə Əlixanovanın başına gəlir. Hətta onun ifaçılığı, Sevil rolu Ordubadda bəzi molların xoşuna gəlmir, hətta bəyin öz qohumları belə Cümə məscidində qarşı gəlirlər. Ordubad camaatının qiymət verdiyi aktrisa Azərbaycan qadının Sevil rolundan sonra təhsilə səsləsə də, bu da kimlərəsə xeyr etmirdi.

Milli Himnimizin bəstəkarı Üzeyir Hacıbəylinin qiymət verdiyi, dahi C.Cabbarlının səhnəmizin dan ulduzu adlandırdığı, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qiymət verilən Firuzə Əlixanovanı tanımaq istəməyənlər, elə özləri bu xalq qarşısında aciz qaldılar necə ki, Ordubadi yaradıcılığına xələl gətirib, senzura yaşadanlar, onu sürgünə göndərənlər bu ələk dünyasında cavab verdilər. Yəni hərənin pisliyi özünə. Elə M.S.Ordubadi yaradıcılığına əngəl törədən o bir-iki Ordubad ağasına isə gözəl bir ata sözü var elə el ədəbiyyatımızla desək: “İş saqqala qalsa, keçiyə də axund deyərlər”.

Əsası odur ki, bizim xalqın yaxşı ki, Ordubadi kimi oğulları oldu. Bizə dünyanı dərk ettirən,ömrünü xalqına və ədəbiyyata həsr edən dühadır M.S.Ordubadi...

Bir daha məqalənizə görə təşəkkür edir, yazarlıq fəaliyyətinizdə sizə uğurlar arzulayıram.

Hörmətlə,
Elçin Süleymanov


Müəllif: