8 İyul 2015 12:14

Mövsüm bitdi, qastrollar başladı

İlboyu tamaşaçılara xidmət edən sənət ocaqlarımız yay aylarında qısa müddətlik fasilə elan edirlər.

Bu müddətdə həm yaradıcı, texniki heyət istirahət edir, həm də yeni mövsümlə bağlı repertuarlar müəyyənləşir. Adətən, teatrlarımız mövsümün bağlanışını iyul ayında etsələr də, bu il bəzi sənət ocaqlarımız sonuncu tamaşalarını iyun ayında təqdim ediblər.

"İki vokalçı Opera Günlərində"

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Mirzəyeva Teleqrqf.com-a açıqlamasında repertuarda sonuncu tamaşanı iyun ayının 27-də təqdim etdiklərini deyib: "Həmin gün biz Cüzeppe Verdinin "Traviata" operasını təqdim etdik. Hər il olduğu kimi, bu yay da Almaniyaya qastrol səfərimiz gözlənilir. Belə ki, teatrın simfonik orkestri Bavariyada keçiriləcək "Qut-İmmlinq" opera sənəti festivalında artıq səkkizinci dəfədir ki, iştirak edəcək. Bundan başqa, teatrın ayrı-ayrı solistləri dəvətlə qastrol səfərlərində olacaqlar. Solistimiz vokalçı Afaq Abbasova Türkmənistanda TÜRKSOY- un xətti ilə keçirilən çox möhtəşəm konsertdə qastrol səfərində oldu. Teatrın iki vokalçısı, iki balet artisti sentyabr ayının son on günlüyündə keçiriləcək olan TÜRKSOY opera günlərində iştirak edəcəklər. Hazırda onlar bu qastrol səfərinə hazırlaşırlar. Konsertlər isə Türkiyənin Antalya şəhərində qədim antik teatrın səhnəsində keçiriləcək. Konsertlərdə bütün türkdilli dövlətlərdən nümayəndələr iştirak edəcəklər. Daha sonra onlar Kiprə yollanacaq və yenidən İstanbula qayıdıb, növbəti konsertlərini verəcəklər. Bir sözlə, yay aylarında teatrın solistləri müxtəlif səpkili qastrol səfərində olacaqlar".

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 142-ci teatr mövsümünə yeni hazırlanmış "Nağıllar aləmində" tamaşasının premyerası ilə yekun vurub. Xalq nağılları əsasında hazırlanmış səhnə əsəri iyulun 2-də təqdim olunub.

Tovuzda bitdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 87-ci teatr mövsümü Tovuz rayonunda yekunlaşıb. Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mürsəquliyeva bildirib ki, teatrın yaradıcı heyəti bölgələrdəki qastrol səfərini başa vuraraq geri dönüb: "Qastrol səfəri iyul ayının 4-dən start götürərək Şəmkir, Samux, Göygöl, Daşkəsən və Tovuz rayonlarında çox böyük uğurla davam etdirilib. Yaradıcı heyət sözügedən bölgələrdə Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir, görkəmli dramaturq və ictimai xadim M.F.Axundzadənin "Hekayəti-Xırs-Quldurbasan" tamaşası ilə çıxış edib. Beləliklə, Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki - 87-ci teatr mövsümünə Tovuz rayonunda yekun vurub. Mövsümün bağlanış mərasimində Dövlət Gənc Tamaşaçılar Teatrının nümayəndələri ilə bərabər, Tovuz rayon İcra Hakimiyyəti aparatının rəhbərliyi, qabaqcıl mədəniyyət, səhiyyə, təhsil işçiləri və ziyalılar iştirak ediblər. Rayon ictimaiyyəti adından çıxış edənlər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayaraq, ölkənin aparıcı teatrına özünün 87-ci mövsümünə məhz Tovuz rayonunda yekun vurduğuna görə rayon ziyalıları adından təşəkkürlərini bildiriblər".

Qeyd edək ki, teatrın bölgələrə qastrol səfəri iyul ayının 4-dən başlayıb. Teatrdan bildirilib ki, 87-ci teatr mövsümü teatr üçün yeni səhnə əsərləri, beynəlxalq festivalları, qarşılıqlı yaradıcılıq mübadilələri baxımdan olduqca uğurlu olub. Daxili uğurlarla yanaşı, teatr 4 uşaq, 5 böyük olmaqla ümumilikdə 9 yeni səhnə əsərinin tamaşaçılara təqdim olunması ilə yadda qalıb.

12 iyula kimi vaxt var

Digərlərindən fərqli olaraq Musiqili Teatr 105-ci mövsümünə bu ay yekun vuracaq. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun sözlərinə görə, sona çatmaqda olan mövsüm uğurlu və əlamətdar hadisələrlə zəngin olub: "Belə ki, mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Ən əsası, Musiqili Teatrın bir çox tamaşaları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə ingilis dilinə tərcümə edilərək I Avropa Oyunlarıyla əlaqədar ölkəmizə gəlmiş qonaqlara - turistlərə, idmançılara tərcümə sətirlər - qaçan titrlər vasitəsilə nümayiş olunub və onların yaddaşında dərin iz buraxıb. Mövsümün bağlanış günü - 12 iyul saat 19:00-da dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə baş tutacaq. "O olmasın, bu olsun" tamaşası Musiqili Teatrın 105-ci mövsümdəki ən uğurlu tamaşalarından biri olub. Tamaşada Məşədi İbad obrazını canlandıran əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" Milli Mükafatına layiq görülüb".

Nərmin


Müəllif:
Загрузка...