7 Aprel 2016 13:59

Avropada yaşayan bəstəkar və kulturoloq Elmir Mirzəyevin "Üçgünlük müharibə" məqaləsi yazarlar tərəfindən sərt tənqid olunub. Müəllifə təkcə yazıda qeyd olunan fikirlərlə bağlı deyil, məqalənin aşağı səviyyədə qələmə alınması, primitiv yanaşmalarla zəngin olmasına görə iradlar bildirilib.

Məsələn, şair Aqşin Yenisey Elmir Mirzəyevi şivən qoparmaqda qınayıb: "Nəhəng əriştəni xatırladan vücudu ilə milli karikatura sənətimiz üçün göydəndüşmə natura olan Elmir Mirzəyev cəbhədə döyüşlərin başlaması və bunun 1 aprel "Gülüş günü"nə təsadüf etməsi arasında paralellər apararaq özünün yazı təfəkkürünün də neçə primitiv məişət səviyyəsində olduğunu sərgiləyən bir yazı yazıb. Muğamın "yar, aman-aman" boşboğazlığı ilə yazılmış bu yazını oxuyanda nədənsə öz-özümə fikirləşirdim ki, Tanrı bir çox canlıları yaratmaqla öz səhvlərinə özü də ironiya edib. Məsələn, eşşəyi ata çəkilmiş karikatura kimi yaradıb. Yaxud insanı dünyanın əşrəfi elan etməklə çox hissə qatıldığını anlayıb və tez bizim maestronu yoğurub. Həmişə ağzı sulana-sulana Hitlerdən və seksdən danışan bu dostum yazıda şivən qoparıb ki, döyüş, şəhidlər hamısı oyundu, deyilsə, bəs Qarabağın qalanı hanı? Elə bil, Almaniyada kafedə bütöv çoşka sifariş verib, ofisiant çoşkanın bir qıçını gətirib. Əriştə ki əriştə".

Aqşin Yenisey hesab edir ki, Avropada yaşayan azərbaycanlıların Qarabağ müharibəsi haqda ağızdolusu danışmaları gülünc görsənir: "Sadəcə, Avropada yaşamaq, övladlarını Avropa vətəndaşı kimi böyütmək üçün gözümüzün qabağında ələkdən saca keçib “mühacir” olmuş pırpızbaşlarımız yazırlar ki, müharibədirsə, varlıların övladları niyə ölmür? Haqlı sualdır! Amma bunu siz niyə soruşursunuz? Bəyəm sizi Avropada yaşamağa aparan təfəkkür ilə varlı övladını müharibədən saxlayan təfəkkür arasında bir fərq var? Sizin yaxşı yaşamaq üçün oynadığınız gizlənqaçı onlar da nakam ölməmək üçün oynayırlar. Can rahatlığının can qorxusundan daha şərəfli hiss olduğu hansı kitabda yazılıb?"

Şair Salam Sarvan isə sosial şəbəkədə Elmir Mirzəyevin yazısına belə münasibət bildirib: "Bu da son hadisələrlə bağlı yazı yazıb. Nəyə görəsə maestro deyirdilər buna. Antropoloji quruluşuna görə adamlara qiymət verməyin tərəfdarı deyiləm. Amma çox hallarda insanın mühakimə tərzi sifət quruluşuna uyğun olur. Sifət "cizgilərinə" baxın, adam əsl göyərçindi: "sülh göyərçini".

Salam Sarvanın fikrincə, Elmir Mirzəyevin yazısı ölüvaydı: "Görəsən, Elmir Mirzəyevin vətandaşlığı var? Yəni Azərbaycan vətəndaşıdı? Düzü, ilk dəfəydi ki, onun yazısını oxuyurdum. Niyyət bir yana dursun, bəsit yazıydı. Düşüncə ölüvaydı".

Qeyd edək ki, Elmir Mirzəyev "Üçgünlük müharibə" yazısında Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatın əhəmiyyətini aşağılayıb və aşağılayıcı fikirlər işlədib.

Ayxan


Müəllif:
Загрузка...