25 İyun 2014 15:07
535

Qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Boroday bəyan edib ki, Ukrayna prezidentinin elan etdiyi atəşkəs mənasız bir addımdır.

“Rəsmən elan edirəm ki, atəşkəslə bağlı heç bir razılaşma olmayıb. Göründüyü kimi, heç vaxt olmayacaq da. Rəsmi Kiyev bizi aldatmağa cəhd edib. Onlar bizimlə danışıqlara bir qrup adam göndəriblər. Lakin məlum olub ki, bu qrupun heç bir səlahiyyəti yoxdur. Bu da o deməkdir ki, heç kim atəşkəs üçün heç bir addım atmayıb. Biz mübarizəni davam etdiririk”, - deyə, Boroday bildirib.

Onun sözlərinə görə, silahlı qarşıdurmalar davam edəcək. “Biz mübarizə aparırıq. Ötən gün keçmiş prezident Leonid Kuçmanın etdiyi təklif isə göründüyü kimi, diqqəti yayındırmaq xarakteri daşıyırdı. Kiyev iyunun 27-ə qədər atəşkəs təəssüratı yaratmalı idi. Çünki məhz həmin gün Avropa Birliyi ilə razılaşma imzalanacaq. Düşmən Donetskə hücum etməyə hazırlaşır”, - deyə qondarma respublikanın lideri bildirib.

İki gün öncə isə “DXR” lideri dəyirmi masa arxasında keçirilən görüşdə demişdi ki, onun ordusu 27 iyuna qədər atəşkəsə riayət edəcək.

Ötən gün isə Slavyanskda Ukrayna hərbi qüvvələrinin Mİ-8 hərbi vertolyotu vurulub. Nəticədə 9 nəfər – 3 nəfər ekipaj üzvü və 6 nəfər hərbiçi həlak olub.

Ülviyyə


Müəllif: