24 Aprel 2014 15:52

ABŞ prezidenti Barak Obama Asiya ölkələrinə səfəri çərçivəsində Tokioda mətbuat konfransı keçirib. O, çıxışında Yaponiya ilə Çin arasında mübahisəli adalara hər hansı bir hücum olarsa, Vaşinqtonla imzalanan ikitərəfli müdafiə razılaşmasına uyğun olaraq, ölkəsinin Yaponiyanı müdafiə edəcəyinə zəmanət verib.

Lakin ABŞ prezidenti eyni zamanda tərəfləri bu problemi sülh yolu ilə həll etməyə çağırıb.

ABŞ-ın Yaponiya və Çin arasında uzun müddətdir gərginlik səbəbi olan Şərq Çin Dənizindəki mübahisəli adalarla əlaqədar mövqeyində yeni bir "qırmızı xəttin" olmadığını ifadə edən Obama, bölgədəki anlaşılmazlıqların dialoq yolu ilə həll edilməsi istiqamətində birlikdə hərəkət ediləcəyini bildirib.

Yaponca "Senkaku", Çincə isə "Diaoyu" adlandırılan adalar, Tokio ilə Pekin arasındakı münasibət gərginliyinə səbəb olub. Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdən sonra mətbuat konfransı keçirən ABŞ prezidenti Pxenyanı nüvə fəaliyyətini nəzərdə tutaraq, mövzunu bütün Asiya-Sakit okean bölgəsindəki "sabitlik pozucusu və təhlükəli vəziyyətin yaradıcısı" olaraq xarakterizə edib.

Obama 8 gün davam edəcək Asiya turu çərçivəsində daha sonra, Cənubi Koreya, Malayziya və Filippini ziyarət edəcək.

Ülviyyə


Müəllif: