13 Yanvar 2018 22:12
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Maliyyə Nazirliyi İranın ballistik raket proqramı ilə əməkdaşlıq edən və ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa rolu olan 14 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, sanksiyaya məruz qalanlardan biri İran Məhkəmə Sisteminin rəisi, İran parlamentinin spikeri Əli Laricaninin qardaşı, axund Sadıq Laricanidir.

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, Amerika hökumətinin sanksiya tətbiq etdiyi fiziki və hüquqi şəxslər İranın ballistik raket proqramının inkişafına yardım etməkdə, ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa rol oynamaqda təqsirləndirilir:

“Biz bu gün İran əhalisinin iqtisadi rifah və səviyyəsini yaxşılaşdırmaq əvəzinə ölkənin ballistik raket proqramının inkişaf etdirilməsinə və bölgədə sabitliyin pozulmasına üstünlük verən şəxs və şirkətləri hədəfə almışıq”.

Sadıq Laricanidən başqa ABŞ hökumətinin sanksiyalar siyahısında yer alanlar isə bunlardır: Kərəc şəhərindəki Gövhərdəş zindanının rəisi Qulamrza Ziyayi, SEPAH-ın kiber müdafiə təşkilatı, İranın ali virtual aləm şurası və milli virtual aləm mərkəzi, Malayziyada fəaliyyət göstərən “Moci səbz” kommunikasiya şirkətinin rəsmisi Murtuza Rəzəvi, İran helikopterlərinin təmiri ili ilə məşğul olan Penha şirkəti, İran Aviasiya Sənayesi Şirkəti, Çin vətəndaşı Şi Yuhava və İranın Çində fəaliyyət göstərən bir neçə digər şirkəti.


Müəllif: Səxavət