30 Yanvar 2018 09:00
3 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki-üç min insan öldürmüşəm. Dünyada hər kəsdən daha çox eroin, kokain və marixuana istehsal edirəm. Əlimdə gəmilər, təyyarələr, yük avtomobilləri var.

Teleqraf.com xəbər verir ki, bu sözlər dünyanın ən nəhəng narkoticarət şəbəkəsinə sahib olan El Çaponun fikirləridir. Mafiya başçısı bu fikirləri həbsdə olduğu zaman jurnalistin sualına cavab olaraq bildirib.

Qeyd edək ki, El Çapo əslində məşhur mafiya başçısı Joaquin Arçivaldo Quzman Loeradır. El Çapo dünyanın 100 ən güclü kişisindən biri olaraq tanınır. 2009-cu ildə Çapo 1 milyard dollarlıq sərvəti ilə “Forbes” jurnalında dünyanın ən zəngin isimləri siyahısında 701-ci yerdə idi.

15 yaşlı kəndçi dünyanın ən böyük narkobaronuna belə çevrildi

Joaquin Arçivaldo Quzman Loeranı El Çapo edən isə Meksikadakı fəaliyyəti, aç qalmamaq uğrunda apardığı mübarizə olub. Elə bu mübarizə də onu kiçik yaşlarında marixuana tarlalarında işləməyə sövq edib. Bu dövrdə ABŞ-da koakain bazarını ələ keçirən və milyardlarla dollar qazanan güclü mafiyalar ortaya çıxır, əldə edilən pulların bir hissəsinin siyasətçilərə axıdan şəbəkələr eyni zamanda daxili rəqabətdə silahlı qarşıdurmalara gedirdilər. Bu proses on illərlə davam edir və nəticədə 100 minlərlə meksikalı narko mafiyanın savaşları nəticəsində öldürülürdü. Bu səhnə eyni zamanda dünyanın ən cinayətkar şəxslərinin tablosunu yaradırdı.

Joaquin Arçivaldo Quzman Loera məhz bu ab-havada Meksikanın La Tuna şəhəri yaxınlığındakı Sinaloa qəsəbəsində dünyaya gəlib. Yeddi qardaşın ən böyüyü olan Quzman kiçik yaşlarından narkotik dünyasının içinə girib, ailəsi ilə birlikdə xaş-xaş sahəsində işləyib.

Uşaqlıqda atasının ciddi fiziki zorakılığı ilə üzləşən Quzman üçün anası Konsuelo Loera dünyanın bir nömrəli sevimli ismidir. Hazırda La Tunada yaşayan Loeranın bu dünyada oğlunun hər hansı bir fikrini dəyişdirə biləcək yeganə insan olduğu deyilir.

10 yaşından narkotik dünyasına daxil olan El Çapo az sonra Meksika narkobaronu El Padrino ləqəbli Feliks Qallardonun yanında işləməyə başayıb. El Padrino keçmiş narkotik polisi kimi tanınmaqla yanaşı, Pablo Eskobarın “mallarını” ABŞ bazarlarına çatdıran şəxs kimi tanınırdı. El Çapo isə həmin dövrdə Padrionun yanında idi və narkotiklə ciddi mübarizə aparan ABŞ-ın bir agentini öldürərək həbsə alınmışdı. Bu hadisədən sonra Çapo narkotik şəbəkəsi dünyasında tanınmağa və irəliləməyə başladı...

Reyqan müharibə elan etdi - El Çapo böyüdü

Amerikalı agentin öldürülməsindən sonra Reyqan hökuməti meksikalı narkotacirlərə qarşı bənzəri olmayan müharibə elan etdi. Bu durum böyük mafiyaların yox edilməsi ilə paralel olaraq yeni şəbəkələrin ortaya çıxmasına nədən oldu. Çünki amansız savaş bir çox şəbəkələri məhv edib aradan çıxarmışdı. Bu durum El Çapo üçün gözlənilməz oldu. Keçmiş rəhbəri, şərikləri öldürülən Çapo yeni ittifaqlara daxil olaraq şəbəkəsini genişləndirdi. 1981-ci ildə Kolumbiyaya gedərək narkobaron Fabian Oçoa ilə tanış oldu. Bundan sonra Çapo narkotik ticarət zəncirində mühüm yer tutdu, Kolumbiya kokaininin ABŞ-a ixrac edilməsində cavabdeh şəxs oldu. Qurduğu fərqli şirkətlər, habelə hökumət və polis daxilində rüşvət mexanizmləri sayəsində işlərini inkişaf etdirərək səssiz şəkildə böyüməyə başladı. Məqsəd kölgədə qalmaqla inkişaf etmək, öz mafiyasını qurmaq üçün güc toplamaq idi.

Lakin bu mərhələdə Çapo özünə böyük düşmənlər də qazandı. Arellano Feliks mafiyası ilə yaşadığı problemlər illərlə həll olunmadı. ABŞ-a əsas narkotik ixracı üstündə qan tökməli oldu. 1988-ci ildə Feliks şəbəkəsinin bir killeri Quzmanın yaxın dostu Armando Lopezi güllələdi. Bundan sonra ara qarışdı. Meksika Katolik Kilsəsinin kardinalı Juan Jesus Posadas Okambo 1993-cü ilin mayın 24-də hava limanında güllələndi. Əvvəlcə bu ölümdə Çaponun əli olduğunu düşünən Meksika rəsmiləri insan “ovuna” başladı. Kardinalın güllələnməsi müzakirə edilərkən Çapo bir anda Meksika və dünya mediasının əsas gündəm adamı oldu. Ancaq sonradan Meksika polisi bəyan etdi ki, kardinalı Arellano Feliks şəbəkəsinin killeri səhvən öldürüb...

“Göylərin sahibi” öldürüldü - El Çaponu prezident həbs etdi

Bu müddətdə isə Çapo başqa bir güclü rəqibi Juarez şəbəkəsi ilə müharibə aparırdı. Juarez şəbəkəsinə isə Amado Fuentes rəhbərlik edirdi. O, hava yollarına sahib olduğundan “Göylərin sahibi” adlandırılırdı. Lakin Amado bir əməliyyat zamanı infarkt keçirsə də, onun ölümü hər kəsdən gizlədildi. Bu informasiyanın kənara sızmaması üçün 3 cərrah öldürüldü. Lakin həkimlərin cəsədlərinin ortaya çıxması ilə “Göylər sahibi”nin də öldüyü bəlli oldu. Bu vəziyyət isə Çaponun xeyrinə işlədi. Juarez şəbəkəsinin narkotik baronları, liderin öülümündən sonra El Çaponun şəbəkəsinə qatıldı.

Meksika hökuməti isə narkotik ticarətinə qarşı ciddi çıxışları üzündən aradan götürülən kardinal Okambonun ölüm işini araşdırmağa davam edirdi. Bu səbəbdən də Çapo Meksikadan qaçaraq Salvadorda gizlənmək istədi, elə burada da həbs olundu. O, həbs edilən an ətrafındakı silahlılar polislə qarşıdurmaya getmədi. O zaman Çaponun həbsi ilə yekunlaşan əməliyyata rəhbərlik edən Qvatemalanın sonrakı prezidenti Otto Perez Moluna bəyan etdi ki, Çapo həbs ediləndə sakit idi, qorxmuş və ya əsəbi vəziyyətdə deyildi, zorakılıq əsla etmirdi. Həbsdən sonra Çapo Meksikaya ekstradisiya edildi...

Mafiya babası ekstradisiyadan dərhal sonra, 1993-cü ildə həbs olundu. İlk dövrdə ağır rejimli həbsxanaya göndərilən Quzmana digər məhbuslarla ünsiyyət saxlamaq, kənardan ərzaq qəbul etmək qadağan olunurdu. 1996-ci ildə Quzman Puente Qrand həbsxanasına gətirildi. Çapo rüşvət və təhdidlərlə bu həbsxanada cəzasını lüks şəkildə çəkir, sanki 5 ulduzlu oteldə yaşayırdı.

Məhz bu həbsi zamanı Çapo məhkəmədə hakmin “kimsən” sualına, “kəndçiyəm”, jurnalistin sualına cavab olaraq “2-3 min insan öldürmüşəm” cavabını verərək təkrar dünya mediasında müzakirə obyektinə çevrilmişdi.

Az sonra Çapo həbsxanadan qaçmaq barədə düşündü və bu planını 2001-ci ilin 19 yanvarında həyata keçirdi. Onun həbsdən neçə qaçmasına dair bir çox rəvayətlər var. Ən real rəvayət isə odur ki, Çapo çirkli paltarların içində gizlədilərək qaçırılıb.

Detektivlər isə iddia edirlər ki, mafiya babası həbsdə bir qrup həbsxana xidmətçi ilə işbiliyi qura bilib və bunun sayəsində əllərini cibinə qoyaraq həbsxana qapısından rahat şəkildə çıxıb.

Baron dünya narkotik bazarlarına əl qoydu

Həbsdən qaçdıqdan sonra Çapo işlərini genişləndirməyə start verdi. ABŞ-dan sonra ən böyük olan Avropaya əl uzatdı, narkotik kralı mallarını Avropa bazarına İspaniya üzərindən daxil etdi. Eyni zamanda onun malları Afrika və Asiyaya da gəlib çıxdı. ABŞ-ın məxfi xidmətinin hesabatına görə, Çapo Afrika əməliyyatlarını Qvineya, Asiya əməliyyatını isə Tayland mafiyası ilə olan əlaqələri sayəsində həyata keçirir, habelə silah alırdı.

Meksikada ən qanlı narkotik şəbəkəsinin başında duran El Çapo bu işdə oğlunu da qurban verməli olub. Los Negros şəbəkəsinin rəhbəri Arturo Beltran həbs edildikdən sonra, onun adamları bu həbsə görə Çaponu ittiham etdilər. Və intiqam aldılar. Çaponun oğlu Felik Beltran Leoni ticarət mərkəzində vəhşiçəsinə öldürüldü.

Həbsxanadan 1,5 kilometrlik tunel

2014-cü ildə Çapo yenidən həbs olundu. O, həbs olunduğu həbsxananı yenidən 5 ulduzlu otelə çevirə bildi. Onu həbsdə uzunmüddət saxlaya bilmədilər.

2015-ci ilin 12 iyulunda Çaponun Meksikanın ən güclü həbsxanasından qaçması hadisəsi əslində Mexiko hökuməti üçün üz qarası idi. Çapo 10 metr dərinlikdə qazılan tuneldən motosikletlə qaçdı. 1,5 kilometr uzunluğunda olan tuneldə havalandırma sistemi ilə yanaşı, işıqlandırma sistemi də çəkilmişdi.

Həbsdən qaçdıqdan sonra Quzman hətta həyatından bəhs edən film çəkdirmək niyyətinə də düşdü. Çünki onun həbsdən sonuncu dəfə necə qaçması əslində film ssenari idi. Qusman onun haqqında kino çəkəcək şəxsləri tapmaq və onlarla görüşmək niyyətində idi. Hollivud ulduzu Şon Penn ilə gizlicə müsahibə etməsi də bu cür yozula bilər. Onun son dəfə həbsinə yol açan hadisənin səbəbi də elə bu müsahibəsi oldu. Müsahibə 2016-cı ildə Şon Penn imzası ilə yayıldı. Müsahibədə Penn ilə Çaponun birgə çəkdirdiyi foto xüsusi diqqət çəkirdi. El Çapo ilə Pennin dağlıq bir bölgədə və gizli görüşünü isə Meksikanın məşhur aktrisası Kate Del Kastillo təşkil etmişdi.

Müsahibədə Çapo narkotik ticarətinə necə bulaşdığını bu formada izah edib:

“İş fürsəti yox idi. Həyatda qalmaq, yemək almaq və pul qazanmağın yeganə yolu xaş-xaş yetişdirmək və onu satmaq idi”.

Qeyd edək ki, Çapo 2017-ci ilin yanvarında Meksikadan Amerikaya ekstradisiya edilib.

Zəhər taciri Amerikaya qanunsuz kokain gətirməkdə, silah alverində və sui-qəsdlər təşkil etməkdə ittiham edilir. Ona qarşı ABŞ-ın bir neşə ştatında ittihamlar irəli sürülüb. Onunla bağlı məhkəmə prosesinin 2018-ci ildə keçiriləcəyi planlaşdırılır.


Müəllif: Cavad