12 Fevral 20:26
963

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bunu Saakaşvilinin tərəfdarı, Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko bildirib.

"Naməlum şəxslər onu Kiyevdəki "Suluquni" restoranının yaxınlığında saxlayıblar" — deyə Derevyanko bildirib.

Onun sözlərinə görə, Saakaşvilini saxlayanlar xüsusi təyinatlılar olub. Amma Radanın deputatı Saakaşvilinin hara aparıldığını bilmir.

Bu məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin kolleqa üzvü Anton Geraşenko da təsdiqləyib.

Vəkil Pavel Boqomazov Saakaşvilinin sərhəd xidməti tərəfindən saxlanıldığını bildirib. Amma o da siyasətçinin hara aparıldığından xəbərsizdir.

19:46

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin bu dəqiqələrdə ölkədən deportsiya olunduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə "1+1" televiziyası məlumat yayıb. Onun "Borispol" hava limanından Polşaya göndəriləcəyi qeyd edilir. Saakaşvilinin tərəfdarları hava limanına gələrək siyasətçinin deportasiyasına mane olmağa çalışırlar.

Saakaşvilinin tərəfdarları Ukrayna Milli Təhlükəsizlik Nazirliyinin maşınını aşırıblar. Hazırda hava limanında gərginlik davam edir.

20:19

Mixail Saakaşvili Ukrayna ərazisindən çıxarılıb.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, o, Ukraynaya gəldiyi ölkəyə - Polşaya göndərilib.

Ukrayna Dövlət Sərhəd Xidməti (UDSX) xəbəri təsdiqləyib. Bildirilir ki, Saakaşvili deportasiya deyil, readmissiya edilib.

Qeyd edək ki, readmissiya xarici vətəndaşın tranzit kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır.

Saakaşvili sentyabrın 10-da sərhədi keçərək Polşadan Ukraynaya gəlib.


Müəllif: Ruslan Xəlil