8 İyul 2014 10:59

Azərbaycan hökuməti ölkədə mina təmizləmə əməliyyatları sahəsində həyata keçirilən layihələrə dəstək verdiyinə görə NATO-ya təşəkkürünü bildirir.

Teleqraf.com bildirir ki, bunu Baş nazirin müavini Abid Şərifov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu arasında Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasimdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan SNT çərçivəsində NATO ilə əməkdaşlığa önəm verir.

ANAMA-nın yaradılması və faəliyyəti haqqında məlumat verən Baş nazirin müavini qeyd edib ki, ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl təmizləmə layihəsi"nin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi NATO tərəfindən 4 oktyabr 2011-ci il tarixdə rəsmən təsdiq olunub: "Amerika Birləşmiş Ştatları bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürdü. Azərbaycan hökuməti bu vəziyyətlə bağlı dərindən maraqlanıb və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb".

Layihənin birinci mərhələsi çərçivəsində 28 ay ərzində 19 kv.km ərazi tam təmizlənib və 14 min 578 PHS tapılaraq zərərsizləşdirilib.

Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyul ayından start verilməsi və 24 ay müddətində 23 milyon 584 min 545 kv.m əhatə edən sahənin təmizlənməsi nəzərdə tutulur.

A.Şərifovun sözlərinə görə, layihənin birinci fazası üçün 3,1 milyon avro, ikinci fazası üçün 1,8 milyon avro, ümumilikdə isə 4,9 milyon avro büdcə ayrılıb.
Baş nazirin müavini, həmçinin bildirib ki, ANAMA-nın fəaliyyəti ərzində şəxsi heyət arasında itkilər də olub, bu cür hallar isə qaçılmazıdır. Onun sözlərinə görə, ANAMA-nın itkiləri bu sahədə fəaliyyət göstərən digər təşkilatlara nisbətən çox cüzi səviyyədədir.
A.Şərifov əlavə edib ki, ANAMA tərəfindən digər ölkələrlə də çox sıx və səmərəli əməkdaşlıq qurulub, mina təhlükəsizliyinə dair maarifləndirmə işləri görülüb.


Müəllif: