14 İyul 2014 18:51

“Dağlıq Qarabağ münaqişənin tezliklə və ədalətli həlli üçün Fransanın və şəxsən Sizin səylərinizdən gözləntilərimiz böyükdür”

Teleqraf.com bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollanda təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu gün Azərbaycan-Fransa münasibətləri öz zəngin tarixi ənənələrinə uyğun olaraq müvəffəqiyyətlə inkişaf etməkdədir. Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız, çoxşaxəli və davamlı humanitar, mədəni əlaqələrimiz Azərbaycan-Fransa münasibətlərinin səciyyəvi cəhətlərindəndir.

Sizin bu yaxınlarda Azərbaycana səfəriniz, apardığımız danışıqlar, imzalanan sənədlər, şübhəsiz ki, ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verib.

Biz Fransanın Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında marağından məmnunluq duyuruq. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün, ərazilərimizin 20 faizinin işğal olunması, soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə müşayiət olunmuş münaqişənin ağır nəticələrinin beynəlxalq hüquq normaları əsasında aradan qaldırılması, problemin tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizdən gözləntilərimiz böyükdür.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


Müəllif: